Kontentə keç

Mündəricatı göstər

Yeni yığıncağınıza öyrəşə bilərsiniz

Yeni yığıncağınıza öyrəşə bilərsiniz

NƏ VAXTSA yeni yığıncağa köçmüsünüz? Onda, yəqin, Jan-Şarl qardaşın sözləri ilə razı olarsınız. O deyir: «Həm yeni yığıncağa öyrəşmək, həm də ailədə hər kəsin ruhaniliyini qorumasına kömək etmək asan deyil». İnsan yeni əraziyə köçəndə iş, qalmağa yer və məktəb tapmalı olur. Bunlar bir qırağa, fərqli iqlimə, mədəniyyətə və yeni təbliğ ərazisinə uyğunlaşmaq lazım gələ bilər.

Nikola və Selin başqa çətinliklə üzləşmişdi. Fransa filialının təklifi ilə onlar yeni yığıncağa köçmüşdülər. Onlar deyir: «Təzə-təzə çox sevincək idik, amma bu, uzun sürmədi. Çox keçməmiş dostlarımız üçün darıxmağa başladıq. Yeni yığıncaqdakı bacı-qardaşlarla hələ o qədər də möhkəm dostluq münasibəti qurmamışdıq» a. Bütün bu çətinliklərə rəğmən, yeni yığıncağınızda «çiçək açmaq» üçün nə edə bilərsiniz? Başqalarının bu sahədə hansı köməyi dəyə bilər? Yeni yığıncağınızda həm ruhlanmaq, həm də ruhlandırmaq üçün nələr edə bilərsiniz?

SİZƏ KÖMƏK EDƏCƏK DÖRD PRİNSİP

Yehovaya güvənin

1) Yehovaya güvənin (Zəb. 37:5). Yaponiyada yaşayan Kazumi bacı 20 il eyni yığıncaqda xidmət edib. Amma sonra yoldaşının işi ilə bağlı onlar başqa əraziyə köçməli oldular. Bacı yolunu Yehovaya necə tapşırdı? O deyir: «Bütün ürəyimi Yehovaya boşaldırdım. Ona qorxularımı, keçirdiyim tənhalıq hissini və narahatlığımı danışırdım. Hər dəfə dua edəndən sonra Yehova ehtiyac duyduğum gücü verirdi».

Yehovaya etibarınızı necə artıra bilərsiniz? Bitkinin böyüməsi üçün su və torpaqdakı qida maddələri lazımdır. İmanımızın da böyüməsi üçün onu qidalandırmalıyıq. Bayaq adı çəkilən Nikola qardaşa İbrahim peyğəmbərin, İsanın və Bulusun nümunəsini araşdırmaq kömək edib. Onlar Allahın iradəsini yerinə yetirməkdən ötrü çox qurbanlar vermişdilər. Bu mömin insanların nümunəsi Nikolaya Yehovaya etibarını artırmağa kömək etdi. Müqəddəs Kitabı müntəzəm mütaliə etsəniz, həm həyatınızdakı yeni dəyişikliklərin öhdəsindən gələcəksiniz, həm də yeni yığıncağınızdakı dindaşlarınızı ruhlandırmaq üçün maraqlı fikirlər tapacaqsınız.

Müqayisə etməyin

2) Müqayisə etməyin (Vaiz 7:10). Juel qardaş Benindən Birləşmiş Ştatlara köçəndə tamam fərqli bir mədəniyyətə uyğunlaşmalı oldu. O, həmin vaxtları xatırlayaraq deyir: «Məndə elə bir təəssürat var idi ki, qarşıma çıxan hər kəsə həyat hekayəmi danışmalıyam». Buna alışmadığı üçün o, yığıncaqdakılarla sərhəd saxlamağa başladı. Amma bacı-qardaşları yaxından tanıdıqca fikri dəyişdi. O deyir: «Fikrimcə, harada yaşamasından asılı olmayaraq, bütün insanlar eynidir. Sadəcə, onlar fikirlərini fərqli ifadə edirlər. İnsanları olduğu kimi qəbul eləmək çox vacibdir». Ona görə də yeni yığıncağınızı əvvəlki ilə müqayisə etməyin. Anna-Liz adlı öncül bacı bununla bağlı maraqlı bir fikir söyləmişdi: «Mən arxada buraxdıqlarımı tapmağa yox, yenilərini kəşf etməyə gəlmişəm».

Ağsaqqallar da çalışmalıdırlar ki, yeni yığıncaqlarını əvvəlki ilə müqayisə etməsinlər. İşin fərqli üsulla görülməsi heç də həmişə onun səhv olduğunu göstərmir. Hansısa təklifi etməmişdən qabaq yaxşı olar ki, həmin ərazidəki vəziyyətlə yaxından tanış olasınız (Vaiz 3:1, 7b). Öz fikrinizi yeritmək əvəzinə, öz nümunənizi qoyun (2 Kor. 1:24).

Qaynayıb-qarışın

3) Qaynayıb-qarışın (Filip. 1:27). Harasa köçmək insanın çoxlu vaxtını və gücünü alır. Amma yeni yığıncağınıza tez bir zamanda getmək və mümkündürsə, canlı iştirak etmək çox vacibdir. Əgər yeni yığıncağınızdakı bacı-qardaşlar sizi heç vaxt görməyibsə, ya da hərdənbir görürsə, sizə necə yaxın ola bilərlər, necə kömək əllərini uzada bilərlər? İki qızı ilə Cənubi Afrikanın böyük bir şəhərinə köçən Lusinda xatırlayır: «Dostlarım mənə məsləhət görmüşdü ki, yeni yığıncağımla qaynayıb-qarışım. Onlarla xidmətə çıxım, görüşlərdə şərh verim. Bundan başqa, təbliğ görüşlərinin bizim evimizdə keçirilməsini təklif etdik».

Yeni yığıncağınızdakı bacı-qardaşlarla teokratik işlərdə «çiyin-çiyinə» əməkdaşlıq etsəniz, həm sizin, həm də onların imanı möhkəmlənəcək. Ağsaqqallar bayaq adı çəkilən Anna-Liz bacını yeni yığıncağında hamı ilə təbliğə çıxmağa təşviq etmişdi. Bacı bunun hansı xeyrini gördü? O deyir: «Çox keçməmiş başa düşdüm ki, bu, yığıncağa uyğunlaşmağın ən yaxşı yoludur». Həmçinin ibadət evinin təmizliyində, qulluğunda və bu kimi digər işlərdə iştirak etməyiniz göstərəcək ki, yeni yığıncağınıza öz yığıncağınız kimi baxırsınız. Nə qədər çox qaynayıb-qarışsanız, bir o qədər tez bacı-qardaşlar sizə isinişəcək və siz də onlara öz ailəniz kimi baxacaqsınız.

Yeni dostluqlar qurun

4) Yeni dostluqlar qurun (2 Kor. 6:11—13). Qarşı tərəfə diqqət göstərmək dostlaşmağın ən yaxşı yoludur. Buna görə də yığıncaqdan əvvəl və sonra bacı-qardaşlarla söhbət etmək, onlarla tanış olmaq üçün kifayət qədər vaxt ayırın. Onların adını yadda saxlamaq üçün səy göstərin. Adları yadda saxlasanız, istiqanlı olsanız və onlar özlərini sizin yanınızda rahat hiss etsələr, sizinlə daha yaxından tanış olmaq istəyəcəklər. Sözsüz ki, bu da gözəl dostluğa yol açacaq.

Sizi bəyənmələri üçün özünüzü başqa cür aparmayın. Çalışın bacı-qardaşlar sizi necə var elə tanısınlar. Qeyri-rəsmi şəraitdə bunu etmək daha asan olur. Lusindanın nümunəsi bu sahədə sizə kömək edə bilər. O deyir: «Başqalarının bizi qonaq dəvət etməsini gözləmirdik, özümüz onları dəvət edirdik. Bunun sayəsində bacı-qardaşlarla sıx dostluğumuz var».

BİR-BİRİNİZİ QƏBUL EDİN

Bəzilərinə tanımadığı bacı-qardaşların olduğu ibadət evinin qapısından içəri girmək çox çətindir, onları həyəcan basır. Bəs siz onların özlərini rahat hiss etməsi üçün nə edə bilərsiniz? Həvari Bulus belə bir məsləhət vermişdi: «Məsih sizi qəbul etdiyi kimi, siz də bir-birinizi qəbul edin» (Rom. 15:7). Ağsaqqallar da Məsihdən nümunə götürərək yeni gələnləri xoş qarşılayırlar. (« Köçməyi asanlaşdıran amillər» adlı çərçivəyə baxın.) Bununla belə, yığıncaqda hamının, hətta uşaqların xoş münasibəti sayəsində yeni gələnlər özlərini evlərindəki kimi hiss edə bilərlər.

Bir-birinizi qəbul etməyə yenilərə qonaqpərvərlik göstərmək daxildir. Amma bura əməli kömək göstərməyi də aid etmək olar. Məsələn, bir bacı dəyərli vaxtını ayıraraq yaşadığı əraziyə yeni köçən bacıya şəhəri göstərmişdi və ictimai nəqliyyatdan necə istifadə etməyi öyrətmişdi. Bu hərəkət yeni gələn bacıya çox xoş təsir bağışlamışdı və ona ora uyğunlaşmağa kömək etmişdi.

İNKİŞAFA YOL AÇAN FÜRSƏT

Çəyirtkə böyüdükcə bir neçə dəfə dərisini dəyişir və yalnız bundan sonra qanadları uçmağa yararlı olur. Eynilə siz də yeni yığıncağa keçəndə Yehovaya xidmətdə «qanad açmağınıza» mane olan fikirləri atmalısınız. Nikola və Selin deyir: «Köçmək insana çox şey öyrədir. Yeni insanlara və yeni əraziyə uyğunlaşmaq üçün bizə özümüzdə yeni xüsusiyyətlər yetişdirmək lazım gəldi». Əvvəldə adı çəkilən Jan-Şarl köçməyin ailəsinə hansı xeyri gətirdiyi barədə deyir: «Bu dəyişiklik kömək etdi ki, uşaqlarımız yeni yığıncaqda daha çox inkişaf etsinlər. Cəmi bir neçə ay sonra qızımız həftəiçi görüşlərdə tapşırıqla çıxış etməyə başladı, oğlumuz isə vəftiz olunmamış təbliğçi oldu».

Bəs əgər şəraitiniz başqa əraziyə köçməyə imkan vermirsə, məsələn, tələbat olan əraziyə köçə bilmirsinizsə, onda nə edə bilərsiniz? Bəlkə elə olduğunuz yerdə həyatınızda yeni səhifə açasınız və bu məqalədəki bəzi məsləhətləri tətbiq edəsiniz? Yehovanın gücünə arxalanaraq bacardığınız qədər yığıncağınızla qaynayıb-qarışın. Məsələn, xidmətə yazılın, yeni dostluqlar qurun, ya da qurduğunuz dostluqları möhkəmləndirin. Bəlkə, yenilərə və ya imkanı zəif olanlara hansısa sahədə kömək əli uzadasınız? Məhəbbət əsl məsihilərə xas xüsusiyyət olduğu üçün bunları etsəniz, Yehova ilə münasibətləriniz möhkəmlənəcək (Yəh. 13:35). Əmin olun, «bu cür qurbanlar Allaha xoşdur» (İbr. 13:16).

Nə qədər çətin olsa da, məsihilərin çoxu yeni yığıncağa uyğunlaşıb orada «çiçək açıblar». Bu sizdə də alınar! Anna-Liz bacı deyir: «Yığıncağımı dəyişmək mənə ürəyimi geniş açmağa kömək edib». Kazumi isə artıq əmindir ki, «insan köçəndə Yehovanın dəstəyini heç vaxt duymadığı tərzdə görür». Bəs Juel hansı fikirdədir? O deyir: «Qurduğum dostluqlar sayəsində artıq özümü yad hiss etmirəm. İndi yeni yığıncağım mənə o qədər doğmadır ki, buradan köçmək mənə çətin olar».

a «Təbliğçi öz ailəsi üçün darıxanda» məqaləsindəki məsləhətləri oxumaq üçün «Gözətçi qülləsi»nin 1994-cü il 15 iyun sayına (türk.) baxın.