Kontentə keç

Mündəricatı göstər

Allahın Padşahlığının Padşahı kimdir?

Allahın Padşahlığının Padşahı kimdir?

Allah Müqəddəs Kitabı yazan bir neçə peyğəmbərə təsis etdiyi Padşahlığın Padşahı haqqında bəzi təfərrüatları yazdırıb. Həmin Padşah...

  • Allah tərəfindən seçilməli idi. «Mən padşahımı... əyləşdirmişəm!.. Xalqları miras kimi verim sənə, yer üzü başdan-başa sənin mülkün olsun» (Zəbur 2:6, 8).

  • Davud padşahın varisi olmalı idi. «Bizim üçün körpə doğuldu, bizə oğul bəxş edildi... Hakimiyyəti ucqarlaradək yayılacaq, sülhün sonu olmayacaq. O, Davudun taxtında, padşahlığının başında oturacaq. Hakimiyyətini... bərqərar edəcək» (Əşiya 9:6, 7).

  • Beytləhmdə doğulmalı idi. «Ey Beytləhm,.. iradəmi icra edəcək rəhbər səndən çıxacaq... Onun əzəməti yerin ucqarlarınadək çatacaq» (Mikə 5:2, 4).

  • İnsanlar tərəfindən rədd edilməli və edam edilməli idi. «Ona həqarət edirdilər, biz onu heç sayırdıq... Asiliyimizə görə onun bədəni deşildi, təqsirlərimizə görə əzab çəkdi» (Əşiya 53:3, 5).

  • Ölüb dirilməli və şərəflənməli idi. «Məni Məzarda qoymazsan, qoymazsan vəfalı bəndən qəbir görsün... Sağında olmaq mənə əbədi səadət gətirir» (Zəbur 16:10, 11).

İsa Məsih. Mükəmməl Padşah

Bütün bəşər tarixində təkcə bir nəfər mükəmməl Padşaha işarə edən bu amillərə uyğun gəlir. O da İsa Məsihdir. Onun anası Məryəmə mələk demişdi: «Yehova Allah ona atası Davudun taxtını verəcək... Onun Padşahlığının sonu olmayacaq» (Luka 1:31—33).

İsa Məsih yer üzündə yaşayanda hökmdar olmadı. O, Allahın təsis etdiyi Padşahlığın Padşahı kimi bəşəriyyəti göydən idarə etməlidir. Bəs nəyə görə o, mükəmməl Hökmdardır? Gəlin görək yer üzündə yaşayanda o nə etmişdi.

  • İsa Məsih insanların qeydinə qalırdı. İsa Məsih kimliyindən, vəzifəsindən asılı olmayaraq, qadınlı-kişili, qocalı-cavanlı hamıya kömək edirdi (Mətta 9:36; Mark 10:16). Bir dəfə bir cüzamlı ona yalvarıb demişdi: «Əgər istəsən, məni təmizləyə bilərsən». İsanın ona yazığı gəlmişdi və ona şəfa vermişdi (Mark 1:40—42).

  • İsa Məsih insanlara Allahı razı salmağı öyrədirdi. O demişdi: «Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz». Həmçinin buyurmuşdu ki, biz özümüzə qarşı hansı rəftarı gözləyiriksə, başqaları ilə də o cür rəftar etməliyik. Bundan başqa, bildirmişdi ki, Allah təkcə bizim əməllərimizə yox, həmçinin fikirlərimizə və hisslərimizə də diqqət yetirir. Buna görə də Allahı razı salmaq üçün biz ürəyimizin dərinliyindəki hissləri idarə etməliyik (Mətta 5:28; 6:24; 7:12). İsa Məsih vurğulamışdı ki, xoşbəxt olmaq üçün Allahın bizdən nə tələb etdiyini öyrənməli və yerinə yetirməliyik (Luka 11:28).

  • İsa Məsih əsl sevginin nə olduğunu öyrədirdi. İsanın sözləri və əməlləri böyük təsirə malik idi, dinləyicilərin ürəyinə işləyirdi. «Camaat onun necə vəz etdiyinə heyran qaldı. Çünki İsa... ixtiyar sahibi kimi vəz edirdi» (Mətta 7:28, 29). İsa insanlara öyrədirdi: «Düşmənlərinizi həmişə sevin». O, hətta ölümünə görə məsuliyyət daşıyan bəzi insanlar üçün dua edib demişdi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» (Mətta 5:44; Luka 23:34).

Xeyirxah və şəfqətli olan İsa Məsih dünyanın Hökmdarı olmağa tam layiqdir. Bəs onun hakimiyyəti nə zaman başlayıb?