Kontentə keç

Mündəricatı göstər

Təbii fəlakət olanda

Təbii fəlakət olanda

«O anda özümüzü tamamilə çarəsiz hiss etdik. Torpaq sürüşməsi və daşqın zamanı nəyimiz vardısa, hamısı məhv olub getdi» (Andryu, Syerra-Leone).

«Qasırğadan sonra evimizə qayıtdıq. Salamat bir çöp də qalmamışdı. Bunları görəndə dilimiz-ağzımız qurudu, nitqimiz tutuldu. Qızım dizüstə çöküb hönkür-hönkür ağladı» (Deyvid, Virginiya adaları).

TƏBİİ FƏLAKƏTLƏ üzləşənlər çox yaxşı bilirlər ki, belə vəziyyətdə insan güclü sarsıntı, narahatçılıq keçirir, vəziyyətlə barışa bilmir, çaşqınlıq içində olur, qarabasmalardan əziyyət çəkir. Bir çox insanlar ruhdan düşüb həyatdan küsür və artıq yaşamağa həvəsi qalmır.

Siz də təbii fəlakət zamanı hər şeyinizi itirmisinizsə, ola bilsin, yaşamaq üçün özünüzdə güc tapa bilmirsiniz. Bəlkə də, düşünürsünüz ki, bundan sonra yaşamağa dəyməz. Lakin Müqəddəs Kitabda deyilir ki, yaşamağa dəyər, üstəlik, orada gözəl gələcəyə ümid etmək üçün tutarlı səbəblər yazılıb.

MÜQƏDDƏS KİTABDAKI HƏQİQƏTLƏR YAŞAMAĞA ƏSAS VERİR

Yaqub 5:11 ayəsində deyilir: «Biz axıradək dözənləri xoşbəxt sayırıq». Fəlakətdən sonra təzə-təzə adamın heç nəyə ümidi olmur. Lakin həyatın yenidən öz axarına düşməsi üçün səbirlə çalışsanız, hər şey yavaş-yavaş öz qaydasına düşəcək.

Müqəddəs Kitabda deyilir ki, gün gələcək heç yandan «ağlaşma, fəryad səsi eşidilməyəcək» (Əşiya 65:19). Bu cür həyat Allahın Padşahlığının hakimiyyəti altında Yer kürəsi cənnətə çevriləndə olacaq (Zəbur 37:11, 29). Daha heç vaxt təbii fəlakət baş verməyəcək. Acı xatirələr unudulacaq, mənəvi yaralar sağalacaq, çünki Qadir Allah vəd edir: «Köhnə şeylər yada düşməyəcək, daha xatırlanmayacaq» (Əşiya 65:17).

Təsəvvür edin, Yaradanın niyyəti sizə «gözəl gələcək, ümid bəxş etməkdir». O istəyir ki, siz Onun mükəmməl hakimiyyəti altında əmin-amanlıqda yaşayasınız (Ərəmya 29:11). Məgər bunu bilmək sizə yaşamağa stimul vermir? Əvvəlki məqalədə adı çəkilən Salli deyir: «Allahın Padşahlığının gələcəkdə bəxş edəcəyi gözəl nemətləri düşünəndə keçmişi unuduram, yaşamağa gücüm olur».

Siz də Allahın Padşahlığının tezliklə bəşəriyyət üçün edəcəyi işlər barədə öyrənin. Bu sizi əmin edəcək ki, üzləşdiyiniz fəlakətə baxmayaraq, yaşamağa dəyər. Çünki gələcəkdə elə bir həyat olacaq ki, orada heç bir fəlakət baş verməyəcək. Hələlik isə Müqəddəs Kitabda verilən məsləhətlər sizə fəlakətin nəticəsinə tab gətirib yaşamağa kömək edəcək. Gəlin bir neçə nümunəyə baxaq.