Kontentə keç

Mündəricatı göstər

Doğma insan vəfat edəndə

Doğma insan vəfat edəndə

«Böyük qardaşım qəflətən vəfat edəndə özümü aciz hiss etdim. Üstündən aylar keçəndən sonra da hər dəfə yadıma düşəndə ürəyim qan ağlayırdı, elə bil köksümə dağ basırdılar. Hərdən isə qəzəblənirdim. Axı niyə o öldü? Onunla daha çox vaxt keçirmədiyimə görə özümü günahkar hiss edirdim» (Vanessa, Avstraliya).

BƏLKƏ, siz də doğma bir insanı itirmisiniz. Yəqin o zaman hissləriniz bir-birinə qarışıb, bir tərəfdən kədər, tənhalıq sizi çulğayıb, digər tərəfdən özünüzü aciz hiss etmisiniz. Bəlkə də, gah qəzəblənmisiniz, gah vicdan əzabı çəkmisiniz, gah da ürəyinizə qorxu hakim kəsilib. Düşünmüsünüz ki, görəsən, bundan sonra yaşamağa dəyər?

Bir şeyə əmin olun ki, nə qədər uzun sürsə də, kədərlənmək insanın zəif xarakterli olduğunu göstərmir. Bu, mərhumun sizin üçün nə qədər əziz olduğuna dəlalət edir. Bəs kədərin, qismən də olsa, səngiməsi üçün nə etmək olar?

ONLAR NECƏ TAB GƏTİRDİLƏR?

Sizə elə gələ bilər ki, qəlbinizdəki ağrı heç vaxt dinməyəcək. Ancaq növbəti məsləhətlər sizə təskinlik tapmağa kömək edə bilər.

ÖZÜNÜZƏ VAXT VERİN

Hərə dərdi bir cür çəkir. Toxtamaq üçün kiminə az vaxt, kiminə çox vaxt lazım olur. Hər necə olsa da, insan ağlayanda ürəyi boşalır. Məqalənin əvvəlində adı çəkilən Vanessa deyir: «Mən elə hey ağlayırdım. Ağlayanda ürəyim rahatlaşırdı». Bacısını qəfil itirən Sofia deyir: «Hər dəfə o yadıma düşəndə, qəlbimdə elə şiddətli ağrı qopur ki, sanki yaranı açıb təmizləyirlər. Bu ağrıya dözə bilmirəm. Amma başa düşürəm ki, yara belə-belə sağalır».

DƏRDİNİZİ İÇİNİZDƏ SAXLAMAYIN

Aydındır ki, bəzən insan tək qalmaq istəyir. Amma bu dərd ağır yükdür, onu təkbaşına daşımayın. Atasını itirən on yeddi yaşlı Ceyrid deyir: «Mən hisslərimi bölüşürdüm. Düzdür, nələr keçirdiyimi tam aydın ifadə edə bilmirdim, amma, ən azından, danışıb ürəyimi boşaldırdım». Birinci məqalədə adı çəkilən Ceni bunun digər bir faydasını qeyd edir: «Kiminləsə danışanda xeyli toxtayırdım. Görürdüm ki, məni başa düşürlər. O zaman özümü tənha hiss etmirdim».

KÖMƏKDƏN ÜZ ÇEVİRMƏYİN

Bir həkim deyir: «İtki üz vermiş adam ilk sarsıntı dövründə dostlarının və qohumlarının köməyini qəbul edəndə kədərin növbəti fazalarını nisbətən asanlıqla keçirə bilir». Dostlarınıza nədə köməyə ehtiyacınız olduğunu deyin. Təbii ki, onlar sizə kömək etmək istəyirlər, amma, ola bilsin, bilmirlər nəyə ehtiyacınız var (Məsəllər 17:17).

ALLAHA YAXINLAŞIN

Tina deyir: «Yoldaşım xərçəng xəstəliyindən vəfat etdi. Ürək sirdaşımı itirəndən sonra sözümü-söhbətimi Allaha deyirdim. Hər gün səhər Ona yalvarırdım ki, mənə bu günü başa vurmağa kömək etsin. Allah mənə heç ağlıma gəlməyən şeylərdə də kömək edirdi». İyirmi iki yaşında anasını itirən Tarşa deyir: «Təsəllini hər gün Müqəddəs Kitabı oxumaqla tapırdım. Oradan oxuduqlarımı fikirləşəndə ürəyimə su səpilirdi».

DİRİLMƏNİ TƏSƏVVÜRÜNÜZDƏ CANLANDIRIN

Tina deyir: «Təzə-təzə dirilmə ümidi mənə heç cür təskinlik vermirdi. Mən yoldaşımı istəyirdim, balalarım atalarını istəyirdi. Onun yoxluğuna dözmək çətin idi. Ancaq indi üstündən dörd il keçib. İndi dirilmə ümidindən bərk-bərk yapışmışam. Bu ümid mənim üçün qaranlıq dünyada işıq kimidir. Mən yoldaşımı yenidən görəcəyimi təsəvvürümdə canlandıranda ürəyim rahatlıq tapır, sevincim aşıb-daşır».

Sözsüz ki, ürəyinizdəki kədər tez bir zamanda səngiməyəcək. Buna baxmayaraq, Vanessanın sözləri sizə təskinlik verə bilər. O deyir: «Adama elə gəlir ki, bu iztirablar heç vaxt keçib getməyəcək, amma belə deyil, vaxt keçdikcə insan özünə gəlir».

Unutmayın, qəlbinizdəki boşluğun yerini heç nə doldurmasa da, yaşamağa dəyər. Allahın köməyilə, siz yenə də insanlarla mehriban münasibətlərdən zövq ala biləcəksiniz, mənalı həyat sürəcəksiniz. Tezliklə isə Allah ölüləri dirildəcək. O istəyir ki, siz itirdiyiniz əziz adama yenidən qovuşasınız. O zaman ürəyinizdəki yara əbədilik sağalacaq!