Kontentə keç

Mündəricatı göstər

Köhnəlib, yoxsa öz dövrünü qabaqlayır?

Köhnəlib, yoxsa öz dövrünü qabaqlayır?

ELM

MÜQƏDDƏS KİTAB ELMİ KİTAB OLMASA DA, ÖZ DÖVRÜNÜ QABAQLAYAN FAKTLARI EHTİVA EDİR. BİR NEÇƏ NÜMUNƏYƏ NƏZƏR SALAQ.

 

Bir vaxtlar qabaqcıl alimlər qəti əmin idilər ki, cavab «xeyr»dir. İndi isə elm adamları Kainatın başlanğıcı olduğunu birmənalı şəkildə qəbul edirlər. Müqəddəs Kitabda isə bu sualın cavabı çoxdan verilib (Yaradılış 1:1).

Yerin forması necədir?

Qədimdə insanlar yerin müstəvi şəklində olduğunu düşünürdü. B. e. ə. V əsrdə yunan alimləri onun kürəşəkilli olduğu fikrini irəli sürdülər. Lakin bundan əsrlər öncə, b. e. ə. VIII əsrdə Müqəddəs Kitab yazarı Əşiyanın istifadə etdiyi «Yerin dairəsi» ifadəsi yerin kürə şəklində olduğunu aydın göstərirdi (Əşiya 40:22).

Göylər dağılmağa məruz qalır?

Eramızdan əvvəl dördüncü əsrdə yaşamış yunan alimi Aristotelin zənnincə, yalnız yer dağılmaya məruz qala bilər, göylər isə nə dəyişə, nə də dağıla bilər. Bu nəzəriyyə əsrlər boyu qüvvədə qaldı. Lakin XIX əsrdə alimlər entropiya nəzəriyyəsini irəli sürdülər. Bu nəzəriyyəyə əsasən, bütün materiya — göydə və yerdə olan hər şey dağılmaya meyillidir. Bu nəzəriyyənin əsasını qoyan alimlərdən biri Uilyam Kelvin Müqəddəs Kitabda göy və yer haqqında deyilənləri vurğulayır: «Hamısı paltar kimi köhnələr» (Zəbur 102:25, 26). Lakin o inanırdı ki, Müqəddəs Kitabda deyildiyi kimi, Allah xilqətin bu cür dağılmasının qarşısını almağa qadirdir (Vaiz 1:4).

Yer kürəsini və digər planetləri fəzada nə saxlayır?

Aristotel öyrədirdi ki, büllur sferalarla əhatə olunmuş bütün səma cisimləri mərkəzdə Yer kürəsi olmaqla bir-birinin içində yerləşir. Eramızın XVIII əsrində alimlər ulduzların və planetlərin boşluqdan asıla biləcəyi fikrini qəbul etdi. Lakin eramızdan əvvəl XV əsrdə qələmə alınmış Əyyub kitabında açıq-aydın yazılıb ki, Yaradan «Yeri heçlikdə asıb» (Əyyub 26:7).

TİBB

MÜQƏDDƏS KİTAB TİBBİ KİTAB OLMASA DA, ORADA ÖZ DÖVRÜNÜ QABAQLAYAN TİBBİ BİLİKLƏR YER ALIR.

Xəstələrin karantinə alınması.

Tövratda cüzama yoluxmuş insanları digərlərindən təcrid etmək göstərişi verilmişdir. Həkimlər bu üsulu tətbiq etməyi yalnız orta əsrlərdə epidemiyalar baş qaldırandan sonra öyrəndilər. Bu üsul hələ də effektivdir (Lavililər, 13 və 14-cü fəsillər).

Meyitə toxunandan sonra yuyunmağın vacibliyi.

XIX əsrin sonlarına qədər həkimlər cəsədləri yardıqdan sonra əllərini yumadan digər xəstələri müayinə edirdilər. Bu, çoxlu insanın ölümünə səbəb olurdu. Lakin əsrlər öncə yazılmış Tövratda qeyd olunurdu ki, ölüyə toxunan hər kəs natəmizdir. Hətta orada həmin insanın paklanmaq üçün mütləq sudan istifadə etməsi buyrulurdu. Sözsüz ki, bu dini ayinlər insanların sağlamlığını qoruyurdu (Saylar 19:11, 19).

Nəcisin torpaqla örtülməsi.

İnsan nəcisinin yox edilməsi ilə bağlı sanitariya qaydalarına düzgün riayət olunmaması hər il yarım milyondan çox uşağın ishaldan ölməsinə səbəb olur. Tövratda verilən qanunda yaşayış yerindən kənar bir yerdə çuxur qazıb, nəcisin üstünü torpaqla örtmək buyrulurdu (Qanunun təkrarı 23:13).

Sünnət.

Tövratda yazılan qanun oğlan uşaqlarının səkkizinci gün sünnət olunmasını tələb edirdi (Lavililər 12:3). Hal-hazırda məlumdur ki, yeni doğulan uşaqlarda qanın laxtalanması birinci həftədən sonra normal səviyyəyə çatır. Tövratın yazıldığı dövrdə hələ tibbin inkişaf etmədiyini nəzərə alsaq, bir həftədən sonra sünnət olunması körpənin həyatı üçün təhlükə yaratmırdı.

Emosional və fiziki sağlamlıq arasında əlaqə.

Alimlər və tibb mütəxəssisləri bildirir ki, sevinc, ümid, minnətdarlıq və bağışlamağa meyillilik kimi müsbət hisslər insanın səhhətinə yaxşı təsir göstərir. Müqəddəs Kitabda yazılıb: «Şad ürək cana məlhəmdir, sınıq qəlb canı üzər» (Məsəllər 17:22).