Kontentə keç

Mündəricatı göstər

Allah qayğımızı çəkir

Allah qayğımızı çəkir

Allah insan orqanizmini elə möhtəşəm yaradıb ki, öz-özünü bərpaetmə qabiliyyətinə malikdir. Bədənimizin hansısa hissəsi kəsiləndə, sıyrılanda və ya deşiləndə «orqanizm böyük və kiçik ölçülü yaraları bərpa edən mürəkkəb bir prosesi işə salır» («Johns Hopkins Medicine»). Belə ki, orqanizm qanaxmanı dayandırmaq, yaranı sağaltmaq və toxumaları gücləndirmək üçün dərhal hərəkətə keçir.

DÜŞÜNÜN: Yaradan orqanizmimizi fiziki yaraları sağaltmaq qabiliyyəti ilə yaradıb. Məgər bu, bizi əmin etmir ki, O, söz verdiyi kimi mənəvi yaralarımızı da sağaldacaq?! Məzmurçunun sözlərindən bunu aydın görmək olar: «O, qəlbisınıqlara şəfa verir, sızıldayan yaralarını sarıyır» (Zəbur 147:3). Əgər sizin də emosional yaralarınız, ağrılarınız varsa, əmin olun ki, Yehova həm indi, həm də gələcəkdə yaralarınızı sarıyacaq.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR?

Allah söz verir: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (Əşiya 41:10). Allahın sevgisinə əmin olan insan qəlb rahatlığı duyur və hər bir çətinliyə sinə gərə bilir. Müqəddəs Kitab yazarlarından biri qəlb rahatlığını «Allahın hər bir ağıldan üstün olan sülhü» adlandırmış və əlavə etmişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:4—7, 9, 13).

Müqəddəs Kitabdakı ayələr Yehovanın bəşəriyyətin gələcəyi ilə bağlı vədlərinə imanımızı gücləndirir. Məsələn, Vəhy 21:4, 5 ayələrindən görürük ki, Allah gələcəkdə nələr edəcək və buna inanmağa hansı əsasımız var:

  • «O, [insanların] gözlərindən bütün yaşları siləcək». Yehova bütün əzablarımızı və narahatçılığımızı, hətta başqalarına adi görünənləri də aradan qaldıracaq.

  • Uca mövqeyində «taxtda oturan» Aləmlərin Rəbbi Öz qüdrət və səlahiyyəti ilə insan əzabına son qoyacaq və bizdən köməyini əsirgəməyəcək.

  • Yehova vədlərinin «doğru və etibarlı» olduğuna Özü zamin durur. Belə ki, Yehovanın Haqq-Taala mövqeyi vədlərini yerinə yetirəcəyinə şübhə yeri qoymur.

«O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi». Taxtda oturan dedi: “Budur, Mən hər şeyi təzə edirəm”. Sonra əlavə etdi: “Yaz, çünki bu sözlər doğru və etibarlıdır”» (Vəhy 21:4, 5).

Fiziki aləm və Müqəddəs Kitab Yaradanımızın varlığını, gözəl sifətlərini əyan edir. Düzdür, insan xilqəti seyr etdikcə Allahla dost olmağa sövq olunur, Müqəddəs Kitab isə bizi birbaşa buna səsləyir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Həmçinin Həvarilərin işləri 17:27 ayəsində deyilir: «O, heç birimizdən uzaq deyil».

Allahı daha yaxından tanımağa vaxt ayırsanız, Onun qayğınızı çəkdiyinə əminliyiniz artacaq (1 Butrus 5:7). Bəs bu cür əminliyin hansı faydaları var?

Gəlin Yaponiyadan olan Torunun nümunəsinə nəzər salaq. Torunu Yehovanın Şahidi olan anası böyüdüb. Buna baxmayaraq, o, sonralar yapon mafiyası yakudzaya qoşulur. O deyir: «Elə bilirdim, Allahın məndən zəhləsi gedir. Yan-yörəmdəki əziz insanların ölümünü görəndə düşünürdüm ki, bu, Allahın mənə verdiyi cəzadır». Toru etiraf edir ki, bu cür qəddar mühit və atmosfer onu «daşürəkli, rəhmsiz insana» çevirmişdi. O, həyat amalı haqqında deyir: «İstəyirdim, özümdən daha adlı-sanlı birini öldürüb, cavan yaşda ad çıxararaq həyatdan gedim».

Lakin Toru həyat yoldaşı Hanna ilə birlikdə Müqəddəs Kitabı öyrəndiyi müddətdə həyatında və düşüncə tərzində köklü dəyişikliklər etdi. Hanna deyir: «Həyat yoldaşım gözümün qabağındaca dəyişdi». İndi Toru bir şeyə əmindir: «Doğrudan da, bizi sevən Allah var. O, heç kimin ölməsini istəmir və hər zaman səmimi-qəlbdən tövbə edənləri bağışlamağa hazırdır. Heç kimə deyə bilmədiyimiz və heç kimin başa düşmədiyi şeyləri Ona deyə bilərik və O bizi eşidir. Yaxın gələcəkdə Yehova bütün problemləri, əzab-əziyyəti və iztirabları tamamilə aradan qaldıracaq. Hətta bu gün O, ağlımıza belə gətirmədiyimiz şəkildə bizə yardım əli uzadır. Miskin halımızda qeydimizə qalır, bizə dayaq olur» (Zəbur 136:23).

Torunun əhvalatından öyrəndik ki, Allahın bütün iztirablara və göz yaşına son qoymağa qadir olduğunu və tezliklə bunu edəcəyini bilmək həm gələcəyə möhkəm ümid verir, həm də indi mənalı həyat sürməyə kömək edir. Bəli, hətta əzab-əziyyətlə dolu bu dünyada Allahın sevgisini və qayğısını duya bilərik.