Kontentə keç

Yehovanın Şahidləri dəfn mərasimlərinə necə yanaşır?

Yehovanın Şahidləri dəfn mərasimlərinə necə yanaşır?

 Biz dəfn mərasimləri ilə bağlı baxışımızı və tədbirlərimizi aşağıdakı Müqəddəs Kitabın təlimlərinə əsaslandırırıq.

  •   İnsanın əzizini itirdiyinə görə kədərlənməsi normaldır. İsa peyğəmbərin şagirdləri ölən əzizləri üçün ağlamışdılar (Yəhya 11:33—35, 38; Həvarilərin işləri 8:2; 9:39). Biz dəfn mərasiminə ziyafət kimi baxmırıq (Vaiz 3:1, 4; 7:1—4). Əksinə, həmin an nə qədər kədərləndiyimizi göstəririk (Romalılara 12:15).

  •   Ölülər şüursuzdurlar. Milliyyətimizdən və mədəniyyətimizdən asılı olmayaraq, biz ölülərin şüurlu vəziyyətdə olması və yaşayanlara təsir etməsi kimi Müqəddəs Kitaba zidd gedən adət-ənənələrə və inanclara riayət etmirik (Vaiz 9:5, 6, 10). Bu adət-ənənələrə gecə tabutun yanında oturmaq, dəfn mərasimindən sonra şənliklər qurmaq, il vermək, ölü üçün qurbanlar gətirmək, ölü ilə danışmaq və ondan nə isə istəmək, dul qadınlar üçün dini ayinlər təşkil etmək və s. daxildir. Biz Müqəddəs Kitabda yazılan «ayrılın və bir də murdar şeylərə toxunmayın» əmrinə tabe olduğumuz üçün bu adət-ənənələrə riayət etmirik (2 Korinflilərə 6:17).

  •   Ölülər üçün ümid var. Müqəddəs Kitab öyrədir ki, dirilmə olacaq və bir daha ölümün olmayacağı bir vaxt gələcək (Həvarilərin işləri 24:15; Vəhy 21:4). Bu ümidin sayəsində ilk məsihilər kimi, biz də ölülər üçün həddən artıq kədərlənmirik (1 Salonikililərə 4:13).

  •   Müqəddəs Kitab təvazökar olmağı məsləhət görür (Məsəllər 11:2). Biz dəfn mərasiminə ölən insanın sosial və maddi vəziyyətini «nümayiş etdirmək» üçün bir fürsət kimi baxmırıq (1 Yəhya 2:16). Bizim dəfn mərasimlərimizdə insanları valeh etmək üçün böyük tədbirlər, gözoxşayan, bahalı tabutlar olmur.

  •   Biz dəfn mərasimi ilə bağlı mövqeyimizi başqalarına təlqin etmirik. Bu sahədə biz növbəti prinsipi əldə rəhbər tuturuq: «Hər birimiz özümüzə görə Allaha cavab verəcəyik» (Romalılara 14:12). Bununla belə, əgər bizim üçün fürsət yaradılırsa, öz mövqeyimizi «həlimliklə və dərin hörmətlə» bildiririk (1 Butrus 3:15).

Yehovanın Şahidinin dəfn mərasimi necə keçirilir?

 Məkan. Əgər ailə dəfn mərasimi keçirmək istəyirsə, onlar bunun üçün istənilən bir məkanı, məsələn, ibadət evini, mərhumun evini, krematoriyanı və ya qəbirstanlığı seçə bilər.

 Mərasim proqramı. Müqəddəs Kitabda ölüm və dirilmə ümidi haqda yazılan sözlər əsasında mərhumun yaxınları üçün təsəlliverici məruzə söylənilir (Yəhya 11:25; Romalılara 5:12; 2 Butrus 3:13). Mərasim proqramında mərhumun gözəl xüsusiyyətləri, güclü imanı barədə nümunələr danışıla bilər (2 İşmuil 1:17—27).

 Ehtiyac yaranarsa, Müqəddəs Kitaba əsaslanan nəğmə oxuna bilər (Koloslulara 3:16). Sonda isə təsəlli sözləri əks olunan dua edilir (Filippililərə 4:6, 7).

 Pul toplanması. Biz ibadət görüşlərində, dəfn mərasimlərində dindaşlarımızdan pul yığmırıq. Bu xidmətlər pulsuz göstərilir (Mətta 10:8).

 İştirakçılar. Yehovanın Şahidi olmayan insanlar ibadət evindəki dəfn mərasimində iştirak edə bilər. Digər görüşlərimizdə olduğu kimi, dəfn mərasimlərində də hər kəs iştirak edə bilər.

Yehovanın Şahidləri digər dindən olan insanların dəfn mərasimlərində iştirak edir?

 Hər bir Yehovanın Şahidi Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanına görə bu mərasimlərdə iştirak edib-etməməyi özü qərarlaşdırır (1 Timutiyə 1:19). Bununla belə, biz Müqəddəs Kitaba əsaslanmayan mərasimlərdə iştirak etmirik (2 Korinflilərə 6:14—17).