Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Cinayətkar həyatı və pulpərəstlik mənə çoxlu ağrı-acı yaşatdı»

«Cinayətkar həyatı və pulpərəstlik mənə çoxlu ağrı-acı yaşatdı»
  • Doğulduğu il: 1974

  • Ölkə: Albaniya

  • Keçmişdə: oğru, narkotik alverçisi, məhbus

KEÇMİŞİM

 Mən Albaniyanın paytaxtı Tiranada kasıb bir ailədə doğulmuşam. Atam dürüst insan idi. Bizi dolandırmaq üçün gecə-gündüz işləyirdi. Bununla belə, dolanışığımız yenə də çox çətin idi. Kasıb olmağımız mənə pis təsir edirdi. Nə geyinməyə ayaqqabım var idi, nə də doyunca yemək yeyirdim.

 Gənc yaşlarımdan oğurluq etməyə başladım. Düşünürdüm ki, sadəcə ailəmə dolanmağa kömək edirəm. Amma sonda polisə düşdüm. 1988-ci ildə 14 yaşım olanda atam məni islah məktəbinə göndərdi. Orada iki il oxudum və qaynaqçı peşəsinə yiyələndim. Məktəbdən sonra dürüst həyat sürmək istəyirdim, amma iş tapa bilmirdim. Albaniyada siyasi qarışıqlığa görə işsizlik səviyyəsi yüksək idi. Dilxorçuluqdan köhnə dostlarımın yanına getdim və yenə də oğurluq etməyə başladım. Məni və dostlarımı tutub üç il həbsə məhkum etdilər.

 Həbsdən çıxandan sonra da bu yoldan dönmədim. Albaniyanın iqtisadiyyatı çökmüşdü, ölkədə qarma-qarışıqlıq hökm sürürdü. Həmin qeyri-sabit vaxtlarda qanunsuz yolla çoxlu pul qazandım. Silahlı soyğunçuluqdan sonra iki yoldaşım həbs olundu. Uzunmüddətli həbsdən canımı qurtarmaq üçün ölkədən qaçdım. Həmin vaxt həyat yoldaşım Yulinda ilə artıq evli idim və bizim körpə oğlumuz var idi.

 İngiltərəyə gəlib çıxdıq. Niyyətim həyat yoldaşım və oğlumla birgə yeni həyata başlamaq idi, amma köhnə vərdişlərim məndə dərin kök salmışdı. Çox keçməmiş yenə cinayət yoluna qədəm qoydum. Bu dəfə narkotik alverinə keçdim və əlimdən çoxlu miqdarda pul keçirdi.

 Bəs Yulinda mənim narkotik alveri ilə məşğul olmağım barədə nə düşünürdü? Qoy bu barədə özü desin: «Mən Albaniyada böyümüşəm və həmişə canımı kasıbçılıqdan qurtarmaq istəyirdim. Daha yaxşı həyat üçün hər şeyə hazır idim. Elə bilirdim ki, pulumuz olsa, xoşbəxt yaşayacağıq. Ona görə də Artanı pul qazandıran hər şeydə dəstəkləyirdim, istər yalan, istər oğurluq, istərsə də narkotik alveri olsun».

«Artanı pul qazandıran hər şeydə dəstəkləyirdim, istər yalan, istər oğurluq, istərsə də narkotik alveri olsun» (Yulinda)

 2002-ci ildə həyatımız dəyişdi. Çoxlu pul qazanmaq və digər arzularımız puç oldu. Məni külli-miqdarda narkotik daşıyanda tutub yenidən həbs etdilər.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 Müqəddəs Kitab hələ mən bunu dərk etməmişdən əvvəl artıq həyatıma təsir etməyə başlamışdı. 2000-ci ildə Yulinda Yehovanın Şahidləri ilə tanış oldu və onlarla Müqəddəs Kitabı araşdırmağa başladı. Lakin məni Müqəddəs Kitab maraqlandırmırdı, çünki düşünürdüm ki, o darıxdırıcıdır. Yulinda isə, əksinə, Müqəddəs Kitabı sevirdi. Yulinda deyir: «Mən dindar ailədə böyümüşəm. Müqəddəs Kitabı həmişə sevmişəm. Həmişə Müqəddəs Kitabdakı təlimləri öyrənmək istəmişəm. Ona görə də Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmaq mənə böyük zövq verirdi. Müqəddəs Kitab təlimlərinin çoxu mənə məntiqli gəlirdi. Öyrəndiklərim həyatımda müəyyən dəyişikliklər etməyə kömək etdi. Amma pula münasibətim demək olar ki, dəyişməmişdi, ta Artan həbs olunana kimi. Onda mən sanki ayıldım. Birdən mənə çatdı ki, Müqəddəs Kitabda pul haqqında deyilənlər, sən demə, həqiqət imiş. Biz varlanmaq üçün hər şey edirdik, amma bu, bizə xoşbəxtlik gətirmədi. Onda başa düşdüm ki, Allahın qanunlarına bütünlüklə əməl etməliyəm».

 2004-cü ildə həbsdən çıxanda yenə də narkotik alverinə qayıtmaq istədim, lakin Yulindanın düşüncə tərzi artıq dəyişmişdi və onun dediyi söz məni dərindən düşündürdü: «Mənə daha sənin pulun lazım deyil. İstəyirəm yanımda ərim olsun, uşaqlarımın atası olsun». Mən şokda idim, amma o, düz deyirdi. Uzun illər ailəmdən uzaqda olmuşam. Mən həmçinin qanunsuz yolla pul qazanmağın mənə gətirdiyi əzablar barədə düşünməyə başladım. Odur ki, mən həyatımı dəyişmək və köhnə dostlarımla əlaqəmi kəsmək qərarına gəldim.

 Yoldaşım və iki oğlumla Yehovanın Şahidlərinin yığıncaq görüşünə getməyim isə mənim həyatımda dönüş nöqtəsi oldu. Oradakı mehriban, səmimi insanlar məni valeh etdi. Nəticədə, mən Müqəddəs Kitabı araşdırmağa başladım.

Mən düşünürdüm ki, çoxlu pulumuz olsa, xoşbəxt olacağıq

 Müqəddəs Kitabdan öyrəndim ki, «hər cür pisliyin kökü pulpərəstlikdir. Bəziləri bu sevdaya düşərək... özlərinə çoxlu əzab çəkdirmişlər» (1 Timutiyə 6:9, 10). Bu sözlərin həqiqiliyini öz təcrübəmdən bilirdim. Əvvəlki həyat tərzimə, onun mənə və ailəmə yaşatdığı əzablara görə çox peşman idim (Qalatiyalılara 6:7). Yehovanın və Onun Oğlu İsa Məsihin məhəbbəti haqqında öyrəndikcə xasiyyətimi dəyişirdim. Artıq ilk növbədə özümü yox, başqalarını düşünürdüm. Buna görə də ailəmlə daha çox vaxt keçirirdim.

MƏNƏ FAYDASI

 Müqəddəs Kitabdakı növbəti məsləhət mənə kömək etdi: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun» (İbranilərə 13:5). İndi qəlbim rahat, vicdanım təmizdir. Mən heç vaxt duymadığım sevinci duyuram. Yoldaşımla münasibətim daha möhkəmdir, ailəmiz isə daha mehribandır.

 Mən düşünürdüm ki, çoxlu pulumuz olsa, xoşbəxt olacağıq. Amma indi mən əvvəlki həyat tərzimin acı nəticələrini görürəm: cinayətkar həyatı və pulpərəstlik mənə çoxlu ağrı-acı yaşatdı. Pulumuz çox deyil, amma düşünürəm ki, biz həyatda daha vacib şeyi — Yehova Allahla dostluğu qazanmışıq. Allaha ailəlikcə ibadət etmək bizə əsl xoşbəxtlik bəxş edir.

Ailəmlə birgə Yehovanın Şahidlərinin toplantısında