Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Artıq qəddar insan deyiləm»

«Artıq qəddar insan deyiləm»
  • Doğulduğu il: 1973

  • Ölkə: Uqanda

  • Keçmişdə: Zorakı, əxlaqsız və əyyaş

KEÇMİŞİM

 Mən Uqandanın Qomba vilayətində anadan olmuşam. Burada əhalinin əksər hissəsi çox kasıb idi. Şəhərimizdə elektrik xətləri olmadığından gecələr çıraq yandırırdıq.

 Valideynlərim Uqandaya Ruandadan köçmüşdü. Onlar kofe və banan yetişdirir, banandan «varaqi» adlı məşhur likör hazırlayırdılar. Həmçinin toyuq-cücə, keçi, donuz və inək saxlayırdılar. Yaşadığım mühitə, aldığım tərbiyəyə görə düşünürdüm ki, qadın ərinin sözü ilə oturub-durmalı, heç vaxt ağzını açıb fikrini bildirməməlidir.

 23 yaşım olanda Ruandaya köçdüm. Orada həmyaşıdlarımla rəqs klublarına dadanmışdım. Klublardan birinə o qədər getmişdim ki, mənə pulsuz giriş kartı vermişdilər. Döyüş filmlərini, zorakılıq səhnələrini çox xoşlayırdım. Oturub-durduğum adamların, seçdiyim əyləncələrin təsiri ilə zorakı, əxlaqsız və əyyaş olmuşdum.

 2000-ci ildə Skolastik Kabaqvira adlı bir qızla yaşamağa başladım. Üç uşağımız oldu. Böyüdüyüm mühit öz təsirini göstərirdi: Skolastikdən tələb edirdim ki, mənimlə salamlaşanda, nə isə istəyəndə qarşımda diz çöksün. Həm də, evdəki hər şeyi öz mülküm hesab edirdim və düşünürdüm ki, onları necə istəsəm, elə də işlədə bilərəm. Çox vaxt axşam evdən çıxır, bir də gecə üçdə qayıdırdım, özü də sərxoş halda. Skolastik qapını gec açanda onu döyürdüm.

 Həmin vaxt mən özəl mühafizə şirkətində supervayzer işləyirdim və yaxşı maaş alırdım. Skolastik məni dilə tuturdu ki, onunla birgə Əllincilər kilsəsinə gedim, düşünürdü ki, bəlkə dəyişərəm. Amma kilsəyə getmək istəmirdim. Üstəlik, başqa bir qadınla görüşməyə başladım. Axırda Skolastik qəddarlığımdan, xəyanətimdən bezdi, üç uşağımızı da götürüb valideynlərinin yanına qayıtdı.

 Yaşlı bir ailə dostumuz mənimlə yaşayış tərzim barədə danışdı. Skolastikin yanına qayıtmağı məsləhət gördü. Başa saldı ki, uşaqlar atasız böyüməməlidir. Odur ki, 2005-ci ildə içkini atdım, yaşadığım qadından ayrılıb Skolastikin yanına qayıtdım. 2006-cı ildə evləndik. Amma mən yenə də onu döyür, təhqir edirdim.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 2008-ci ildə Coel adlı Yehovanın Şahidi qapımızı döyüb mənə təbliğ etdi. Bir neçə ay Coel, Bonaventer adlı digər Şahidlə tez-tez bizə gəlirdi və Müqəddəs Kitab barədə qızğın müzakirələr aparırdıq. Çoxlu suallar verirdim, xüsusən də Vəhy kitabı barədə. Əslində, məqsədim onlara səhv olduqlarını sübut etmək idi. Məsələn, soruşmuşdum ki, nəyə görə onlar Vəhy 7:9 ayəsində bəhs olunan böyük izdihamın yerdə yaşayacağını deyirlər. Halbuki, ayədə böyük izdihamın Allahın taxtının və Quzunun, yəni İsa Məsihin qarşısında durduğu yazılıb. Coel səbirlə suallarıma cavab verirdi. Məsələn, Əşiya 66:1 ayəsini oxumuşdu. Orada Allah yeri ayağının altındakı kətil adlandırır. Deməli, əslində böyük izdiham yer üzündə Allahın taxtının qarşısında durub. Həm də Zəbur 37:29 ayəsini oxumuşdu. Orada deyilir ki, salehlər yer üzündə əbədi yaşayacaq.

 Nəhayət Müqəddəs Kitabı öyrənməyə razılaşdım. Bonaventer mənimlə və Skolastiklə dərs keçirdi. Müqəddəs Kitabı öyrəndikcə həyatımda dəyişiklik etmək istədim. Həyat yoldaşımla hörmətlə davranmağı öyrəndim. Daha ondan mənimlə salamlaşanda, yaxud nə isə istəyəndə qarşımda diz çökməsini tələb etmirdim. «Evdə hər şey mənə məxsusdur» demirdim. Döyüş filmlərinə baxmağı tərgitdim. Bu dəyişiklikləri etmək çətin idi, özümü cilovlamalı, həlim olmalı idim.

Müqəddəs Kitab mənə yaxşı ər olmağı öyrətdi

 Bir neçə il əvvəl böyük oğlum Kristianı Uqandaya qohumlarımın yanına aparıb qoymuşdum. Amma Qanunun təkrarı 6:4—7 ayələrini oxuyandan sonra başa düşdüm ki, arvadımla mən Allahın qarşısında uşaqlarımıza görə məsuliyyət daşıyırıq və bu məsuliyyətə onlara Allah haqda öyrətmək də daxildir. Oğlumuzu evə gətirəndə hamımız çox sevinirdik!

MƏNƏ FAYDASI

 Yehovanın mərhəmətli Allah olduğunu öyrəndim. Odur ki, əvvəlki davranışıma görə məni bağışladığına əminəm. Sevinirəm ki, Skolastik də mənimlə birgə Müqəddəs Kitabı öyrəndi. Həyatımızı Yehovaya həsr etdik və 2010-cu il dekabrın dördü ikimiz də vəftiz olunduq. İndi bir-birimizə etibar edirik və Müqəddəs Kitabdakı məsləhətləri ailəmizdə tətbiq edirik. Yoldaşım indi çox xoşbəxtdir, çünki işdən çıxan kimi evə gəlirəm, onun ləyaqətinə hörmət edirəm, içkini tərgitmişəm, artıq qəddar insan deyiləm. 2015-ci ildə yığıncağa ruhani kömək etmək üçün ağsaqqal təyin olundum. Beş uşağımızdan üçü vəftiz olunub.

 Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənəndə kor-koranə hər şeyi qəbul etmirdim. Amma onların suallarıma Müqəddəs Kitabdan cavab verməsi çox xoşuma gəlirdi. Skolastiklə mən getdikcə başa düşdük ki, Allaha xidmət etdiyini deyən adam Onun bütün qayda-qanunlarına uyğun yaşamalıdır, təkcə özünə sərf edənlərə yox. Yehovanın məni Özünə cəlb etdiyinə görə, Onun ruhani ailəsinin üzvü olduğuma görə çox xoşbəxtəm. Dönüb geriyə baxanda əmin oluram ki, Allahın köməyi ilə hər bir insan yaxşılığa doğru dəyişə bilər.