Kontentə keç

Cosef üçün polis müşayiəti

Cosef üçün polis müşayiəti

 Əgər Yehovanın Şahidisənsə, təsəvvür edə bilərsən, polis müşayiəti ilə xoş xəbəri ev-ev təbliğ etmək nə deməkdir? Bu hadisə 2017-ci ildə Mikroneziyada Cosefin başına gəlib. O və başqa üç Yehovanın Şahidi ucqar adadakı insanlara təbliğ etmək məqsədilə keçirilən xüsusi kampaniyada iştirak edirdi.

 Təxminən günorta saatlarında bu dörd Yehovanın Şahidi 600-a yaxın əhalisi olan balaca bir atolla gəlib çatdılar. Onlar sahildə adanın bələdiyyə rəisi tərəfindən qarşılandılar. Cosef bundan sonra nə baş verdiyini danışır: «Bələdiyyə rəisi dedi ki, polis maşını bizi bütün evlərə apara bilər. Bu təklif bizi çox təəccübləndirdi, amma hörmətcil şəkildə bundan imtina etdik. Biz insanlara normal standartlarımıza uyğun ev-ev gedərək baş çəkmək istəyirdik».

 Təbliğçilər qərara aldılar ki, mümkün qədər çox insanla söhbət etmək üçün piyada getsinlər. Onlar deyir: «İnsanlar çox qonaqpərvər idilər və bizim çatdırdığımız xəbərə hay verirdilər. Nəticədə, biz hər evdə gözlədiyimizdən də çox vaxt keçirdik».

 Elə həmin gün bir polis maşını iki dəfə Cosefin yanından keçdi, üçüncü dəfə isə dayandı. Polis işçiləri Cosefdən soruşdu ki, əgər hələ də baş çəkəcəyi evlər varsa, onu aparsınlar. Cosef xatırlayır: «Mən “yox” dedim. Amma bu dəfə onlar təkid edərək dedilər: “Adanı tərk etməyinizə çox az vaxt qalıb. Ona görə də qalan evlərə biz səni aparacağıq”. Onların bu təklifini yenidən rədd edə bilməzdim, çünki baş çəkməli olduğum hələ bir neçə ev də var idi. Hər evə yaxınlaşdıqca polislər mənə ailənin adını deyirdi. Həmçinin deyirdilər ki, əgər mən qapını döyəndən sonra heç kim açmasa, onlar ev sahibini xəbərdar etmək üçün sinqal çala bilərlər.

 Bu köməyin sayəsində biz həmin gün bütün evlərə baş çəkə bildik. İnsanlara çoxlu ədəbiyyat verdik və maraqlananlara yenidən baş çəkmək üçün vaxt təyin etdik».

 Polis işçiləri Cosefə dedi ki, onlar «xoş xəbəri paylaşmaqdan zövq duydular». Yehovanın Şahidləri günəş batanda adanı tərk etdilər, rəsmilər sahildə üzlərində təbəssümlə və əllərində Müqəddəs Kitab nəşrləri ilə onlarla vidalaşdı.