Kontentə keç

Əlillik ona əngəl deyil

Əlillik ona əngəl deyil

 Braziliyadan olan Mariya bacı Uşer sindromundan əziyyət çəkir. Bu genetik sindrom, adətən, eşitmə qabiliyyətinin itirilməsinə və görmə qabiliyyətinin tədricən pisləşməsinə gətirib çıxarır. Mariya bacı eşitmə məhdudiyyəti ilə doğulub və uşaqlıqdan jest dilini öyrənib. Təxminən 30 yaşında o, görmə qabiliyyətini itirməyə başlayıb. Amma səhhətindəki problemlərə baxmayaraq, evə qapanmır. İndi o, 70-i haqlayıb və mənalı, dolğun ömür sürür.

 Mariya bacı Yehovanın Şahidləri ilə 1977-ci ildə tanış olub. O vaxt o, hələ görmə qabiliyyətini itirməmişdi. Bacı bölüşür: «Bir gün keçmiş sinif yoldaşım Adriano ilə qarşılaşdım. O, təzəlikcə Yehovanın Şahidi olmuşdu. O mənə Allahın gələcək vədi haqda danışdı, dedi ki, cənnətdə bütün insanlar tam sağlam olacaq. Onun sözləri mənə çox təsir etdi. Beləcə, Müqəddəs Kitabı öyrənməyə razılaşdım. Bir müddət sonra Rio-de-Janeyrodakı yığıncağa getməyə başladım. Görüşün bəzi bəndləri jest dilinə tərcümə olunurdu. Yehovanın sayəsində ruhani cəhətdən inkişaf etdim və 1978-ci ilin iyulunda vəftiz olundum».

 Bir müddət sonra Mariya bacı başqa bir yığıncağa keçdi. Həmin yığıncaqda heç kəs jest dilini bilmirdi. İlk vaxtlar bacı çox çətinlik çəkirdi, çünki görüşdə səslənən fikirləri başa düşmürdü. İki bacı ona kömək etməyə başladı. Onlar bacının yanında oturub qeydlər aparırdılar. Bacı deyir: «Evdə olanda görüşdə səslənən fikirləri başa düşmək üçün qeydləri dönə-dönə oxuyurdum. Sonralar həmin iki bacı mənə kömək etmək üçün jest dilini öyrəndi».

 Mariya bacının görmə qabiliyyəti get-gedə daha da pisləşdi. Artıq o, tərcüməçilərin jestlərini görə bilmirdi. Buna görə də taktil üsulu ilə jest dilində ünsiyyət qurmağa başladı. Taktil üsulu nədir? Bacı izah edir: «Əllərimi tərcümə edən insanın əlinin üstünə qoyuram və onun jestlərini başa düşə bilirəm».

 Mariya bacı gördükləri işə görə tərcüməçilərə çox minnətdardır. O deyir: «Onlar Yehovanın mənə hədiyyəsidir. Onların köməyi ilə mən ibadət görüşlərindən və böyük toplantılardan bəhrələnirəm».

 Bacı təbliğ işini canla-başla görür. Taktil üsulu ilə jest dilindən istifadə edərək eşitmə məhdudiyyəti olan insanlara təbliğ edir. Bu insanlar bacının xoş xəbəri təbliğ etmək üçün əlindən gələni etdiyini görəndə heyrətə gəlirlər. Mariya bacının qardaşı Xose də eşitmə və görmə məhdudiyyətlidir. COVID-19 pandemiyası vaxtı o, qardaşı Xosenin köməyi ilə eşitmə məhdudiyyətli insanlara çoxlu məktublar yazmışdı a.

 O bunu necə bacarır? Bacı deyir: «Bunun üçün mən L şəkilli yastı plastikdən istifadə edirəm. Bu mənə mətni düz xətt boyunca yazmağa və abzaslara bölməyə kömək edir. Xosenin yaddaşı itidir. O, Müqəddəs Kitabdan mövzular və ayələr deyir, mən də onları məktubda qeyd edirəm. Məktubu elə yazıram ki, eşitmə məhdudiyyətli insanlar rahat başa düşə bilsin, çünki bütün eşitmə məhdudiyyətli insanlar yazı dilini yaxşı bilmir».

 Mariya bacı artıq tamamilə görmə qabiliyyətini itirsə də, əlini əlinin üstünə qoyub oturmur. Tərcümə işində ona kömək edən Karolayn bacı deyir: «Mariya bacı bütün ev işlərini özü görür. Evini həmişə təmiz, səliqəli saxlayır. O həmçinin yemək bişirməyi, qonaq dəvət etməyi çox xoşlayır».

 Mariya bacının olduğu yığıncaqda ağsaqqal kimi xidmət edən Ceferson qardaş deyir: «Mariya bacının ürəyi Yehovaya məhəbbətlə dolub-daşır. O, insanları da çox sevir və həmişə başqalarına fayda gətirən işlər görür. O, çox fədakar insandır» (Filippililərə 2:4).

a Xose qardaş Mariya bacıdan sonra, 2003-cü ildə vəftiz olunub. Mariya bacı kimi o da eşitmə məhdudiyyəti ilə doğulub və tədricən görmə qabiliyyətini itirib.