Kontentə keç

Solda: Bacı-qardaşlarımız «Mətta» kitabının Avstraliya jest dilində çıxdığına görə əl çalırlar. Sağda: Xideyuki Motoi qardaş tərcüməçinin köməyi ilə «Mətta» kitabının işıq üzü gördüyünü elan edir

13 MART 2024
DÜNYADAN XƏBƏRLƏR

«Məttanın müjdəsi» Avstraliya jest dilində işıq üzü gördü

«Məttanın müjdəsi» Avstraliya jest dilində işıq üzü gördü

2 mart 2024-cü il tarixində Avstraliyanın Brisben şəhərində ibadət evində keçirilən xüsusi görüş zamanı filial komitəsinin üzvü Xideyuki Motoi qardaş «Mətta» bölməsinin Avstraliya jest dilində işıq üzü gördüyünü elan etdi. Avstraliya jest dili həmçinin Auslan adlanır. Bu görüşdə ümumilikdə 159 bacı-qardaşımız canlı şəkildə iştirak etmişdi. Bundan əlavə, Avstraliya, Yeni Zelandiya və Samoadan da 377 bacı-qardaşımız görüşü videokonfrans vasitəsilə izləmişdi. Kitabı həmin andaca jw.org saytından və «JW Library Sign Language» tətbiqindən yükləmək mümkün oldu.

Avstraliya, Yeni Zelandiya, Samoa və Tonqada yaşayan haradasa 20 000 insan Avstraliya jest dili və ya ona bənzər bir dildə danışır. Yehovanın Şahidlərinin Avstraliya jest dilinə tərcümə etdikləri ilk nəşr 2001-ci ildə çıxıb. Bu nəşr «Sizə əziz adam öləndə» broşürü idi. 2023-cü ilin aprel ayından Brisben şəhərində tərcümə ofisi fəaliyyət göstərməyə başlayıb. Bu gün filial ərazisində 350-ə yaxın bacı-qardaşımız bir jestdilli yığıncaqda və 18 qrupda xidmət edir.

Müqəddəs Kitabın bölmələri arasında «Məttanın müjdəsi» bütöv şəkildə Avstraliya jest dilinə tərcümə olunmuş ilk kitabdır. Bu kitab haqda bir bacımız bölüşür: «İsa Məsihin Dağüstü vəzdə dediyi sözlərindəki məhəbbət və mülayimlik mənim çox xoşuma gəldi. Bunu Avstraliya jest dilində izləyəndə məndə elə təəssürat yarandı ki, İsa Məsih şəxsən mənimlə danışır!»

Avstraliya jest dilində xidmət edən eşitmə məhdudiyyətli bacımız deyir: «Avstraliya jest dilində “Mətta” kitabını oxumaq mənə həm təbliğ işində püxtələşməyə, həm də İsa Məsihin keyfiyyətlərini örnək götürməyə kömək edəcək. Yehovaya çox minnətdaram!»

«Mətta» kitabının Avstraliya jest dilində çıxdığına görə çox sevinirik. Əminik ki, bu kitab daha çox insana əbədi həyata aparan dar qapını tapmağa kömək edəcək (Mətta 7:13, 14).