Kontentə keç

Müqəddəs Kitabda qəzəb haqda nə deyilir?

Müqəddəs Kitabda qəzəb haqda nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda yazılıb ki, qarşısıalınmaz qəzəb həm bu hissləri keçirən insanın, həm də ətrafındakı insanların zərərinədir (Məsəllər 29:22). Bəzən qəzəb hissinə haqq qazandırmaq olar, amma Allahın Kəlamında daima qəzəblənən insanın xilas olmayacağı qələmə alınıb (Qalatiyalılara 5:19—21). Orada qəzəbi boğmaq üçün insanların köməyinə çatacaq prinsiplər yer alır.

 Qəzəblənmək həmişə yanlışdır?

 Xeyr. Bəzi vəziyyətlərdə qəzəb hissinə haqq qazandırmaq olar. Məsələn, mömin insan Nəhəmya dindaşlarından bəzilərinin giley-güzar etdiyini eşidəndə bərk hirslənmişdi (Nəhəmya 5:6).

 Bəzən Allah da qəzəblənir. Məsələn, qədimdə Yehovanın xalqı yalnız Ona ibadət etməli olduqlarına dair əhdi pozanda və saxta allahlara sitayiş etməyə başlayanda «Yehovanın [onlara] qarşı qəzəbi» kükrəmişdi (Hakimlər 2:13, 14). Buna rəğmən, qəzəb hissi Yehova Allahı səciyyələndirən başlıca cəhət deyil. Onun qəzəblənməyə həmişə haqlı səbəbləri var, üstəlik, O, bu hissləri cilovlamağa da qadirdir (Çıxış 34:6; Əşiya 48:9).

 Qəzəblənmək nə vaxt yanlışdır?

 Qarşısıalınmaz və yersiz qəzəb düzgün deyil. Adətən, qeyri-kamil insanların keçirdiyi qəzəb bu cür olur. Məsələn:

  •   Allah Qabilin qurbanından razı qalmayanda o, «bərk [qəzəblənmişdi]». Qabil yol vermişdi ki, bu qəzəb qardaşını öldürəcək səviyyəyə çatsın (Yaradılış 4:3—8).

  •   Allah neynəvalılara mərhəmət göstərəndə Yunus peyğəmbər «bərk [hirslənmişdi]». Allah peyğəmbərə hirslənməyin düzgün olmadığını və peşmançılıq keçirən bu insanlara rəhm etməli olduğunu deyərək ona düzəliş etmişdi a (Yunus 3:10—4:1, 4, 11).

 Bu nümunələr göstərir ki, qeyri-kamil «insanın qəzəbi onu Allah qarşısında saleh etmir» (Yaqub 1:20).

 Qəzəbi necə cilovlaya bilərsiniz?

  •   Qarşısı alınmayan qəzəbin təhlükəli olduğunu qəbul edin. Bəziləri düşünə bilər ki, qəzəbi büruzə vermək güc-qüvvətin göstəricisidir. Əslində isə bu, zəifliyin əlamətidir. «Təmkinsiz adam divarı uçurulmuş, divarsız şəhərə bənzəyir» (Məsəllər 25:28; 29:11). Qəzəbimizi cilovlamaq bacarığını təkmilləşdirəndə əsl güc-qüvvət və bəsirət nümayiş etdiririk (Məsəllər 14:29). Müqəddəs Kitabda deyilir: «Səbrini basan güclü adamdan yaxşıdır» (Məsəllər 16:32).

  •   Qəzəbinizi peşman olacağınız şeyləri etməzdən öncə boğun. Zəbur 37:8 ayəsində deyilir: «Qəzəbi burax, hiddətdən çəkin, dilxor olub şərə əl atma». Yadda saxlayın ki, qəzəblənəndə bizim bir seçimimiz var — «şərə əl atma»dan onu boğa bilərik. Efeslilərə 4:26 ayəsində deyilir ki, «qəzəblənsəniz də günah işləməyin».

  •   Qəzəbiniz alovlanmağa başlayanda, mümkünsə, olduğunuz yerdən uzaqlaşın. Müqəddəs Kitabda deyilir: «Davanı başlamaq su bəndini açmağa bənzər; dava başlamamış oradan uzaqlaş» (Məsəllər 17:14). Başqaları ilə yaranan mübahisəli məsələləri dərhal həll etmək ağıllı hərəkət olardı, amma məsələni dava-dalaşsız müzakirə etmək üçün əvvəlcə hər ikinizin sakitləşməyə ehtiyacı ola bilər.

  •    Məsələni hərtərəfli araşdırın. Məsəllər 19:11 ayəsində yazılıb: «Anlayış hiddəti ləngidər». Bir nəticəyə gəlməzdən öncə bütün faktları öyrənsək, müdrik hərəkət etmiş olarıq. Məsələni diqqətlə və hərtərəfli dinləyəndə, demək olar ki, qəzəbimiz soyuyur (Yaqub 1:19).

  •    Qəlb rahatlığı üçün dua edin. Dua sayəsində «Allahın hər bir ağıldan üstün olan sülhü»nə sahib ola bilərsiniz (Filippililərə 4:7). Dua Allahın müqəddəs ruhunu almağımızın ən əsas yollarından biridir. Bu ruh bizdə sülh, səbir və özünə hakim olmaq kimi xüsusiyyətlər hasil edir (Luka 11:13; Qalatiyalılara 5:22, 23).

  •   Ünsiyyət dairənizi diqqətlə seçin. Biz ətrafımızdakı insanlara bənzəməyə meyilliyik (Məsəllər 13:20; 1 Korinflilərə 15:33). Müqəddəs Kitabda əbəs yerə yazılmayıb: «Özündən tez çıxanla yoldaş olma, hirsli adamla oturub-durma. Yoxsa onun yollarına alışarsan, özünü tora salarsan» (Məsəllər 22:24, 25).

a Allah Yunus peyğəmbərlə bağlı Müqəddəs Kitab parçasını onun özünə yazdırmışdı. Bundan açıq-aydın görünür ki, Yunus düzəlişi qəbul etmiş və hirsinin soyumasına yol vermişdi.