Kontentə keç

Kliniki ölüm vəziyyətində olanların danışdıqları nəyi fikirləşməyə əsas vermir?

Kliniki ölüm vəziyyətində olanların danışdıqları nəyi fikirləşməyə əsas vermir?

Müqəddəs Yazıların cavabı

 Kliniki ölüm vəziyyətində olanların bir çoxu deyir ki, özlərini bədənlərindən ayrı, parlaq işıq, yaxud da ki möhtəşəm gözəlliyə malik yer görüblər. «Ölüm xatirələri» adlı bir kitabda deyilir: «Bu vəziyyətə düşənlərin bəziləri hesab edirlər ki, onlara bir anlıq başqa aləmi görmək nəsib olub» (Recollections of Death). Bu kimi hallar haqda Müqəddəs Kitabda heç nə deyilməsə də, orada yazılan vacib həqiqətlər göstərir ki, bu, növbəti həyatın görüntüləri deyil.

 Ölülər şüursuz vəziyyətdədirlər.

Müqəddəs Kitabda deyilir ki, «ölülər heç nə bilmir» (Vaiz 9:5). Ölən insan həyatın və ya təfəkkürün növbəti mərhələsinə keçmir, o sadəcə mövcudluğuna son qoyur. Bədən öldükdə yaşamağa davam edən ölməz ruh təlimi Müqəddəs Kitaba əsaslanmır (Vaiz 9:10). Beləliklə, kliniki ölüm vəziyyətindəki görüntülərin heç biri göylər həyatının, cəhənnəmin və ya ölümdən sonrakı həyatın ani görüntüləri ola bilməz.

 Lazar ölümdən sonrakı həyat haqda nə demişdi?

Müqəddəs Kitabda Lazarın gerçək ölüm hadisəsi qeyd olunub. O, ölümündən dörd gün sonra İsa peyğəmbər tərəfindən dirildilmişdi (Yəhya 11:38—44). Əgər Lazar ölümdən sonrakı həyatı dadmış olsaydı, İsa peyğəmbərin onu yenidən yer üzündəki həyata qaytarması insafsızlıq olardı. Ancaq Müqəddəs Kitabda Lazarın sonrakı həyatı gördüyü haqda bir kəlmə belə deyilmir. Əgər o öldükdən sonra yaşamış olsaydı, şübhəsiz, bu haqda danışardı. Vacib bir məqam da odur ki, İsa peyğəmbər Lazarın ölümünü yuxuya bənzətdi və bununla göstərdi ki, ölü vəziyyətdə olanda onun ətrafda baş verənlərdən ümumiyyətlə xəbəri yox idi.