Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Dayanın, bilin ki, Mən Allaham» (Zəbur 46:10)

«Dayanın, bilin ki, Mən Allaham» (Zəbur 46:10)

 «Təslim olun, ey insanlar, bilin ki, Allah Mənəm. Xalqlar arasında ucalacağam, bütün dünyada ucalacağam» (Zəbur 46:10, «Yeni Dünya Tərcüməsi»).

 «Dayanın, bilin ki, Mən Allaham, millətlər arasında ucayam, yer üzündə ucayam!» (Zəbur 46:10, «Müqəddəs Kitab Şirkəti—2009»)

Zəbur 46:10 ayəsinin mənası

 Allah hər kəsi Ona ibadət etməyə və yeri idarə etmək hüququnu tanımağa səsləyir. Onun qüdrəti və hakimiyyəti danılmazdır və əbədi yaşamaq istəyən hər bir insan bu həqiqəti qəbul etməlidir (Vəhy 4:11).

 «Təslim olun, ey insanlar, bilin ki, Allah Mənəm». Bəzi tərcümələrdə bu ayə «dayanın» sözü ilə başlayır. Bu səbəbdən bəzilərində belə bir yanlış fikir formalaşıb ki, burada kilsələrdə hörmətcil davranmaq və susmaq çağırışı yazılıb. Amma orijinal ibrani mətninə əsasən, «təslim olun, ey insanlar, bilin ki, Allah Mənəm» ifadəsi Yehova a Allahın bütün xalqlara müraciətidir. O, insanları Ona qarşı çıxmalarına son qoymağa və yalnız Onun ibadətə layiq olduğunu tanımağa səsləyir.

 Eyni müraciətə 2-ci məzmurda da rast gəlirik. Orada Allah xəbərdarlıq edir ki, Ona qarşı çıxanlar barədə ölçü götürəcək. Həmin məzmurda həmçinin deyilir ki, Allahın hakimiyyətini tanıyan insanlar rəhbərlik, güc və hikmət üçün Ona üz tuturlar. «Ona pənah gətirənlər» hətta çətin anlarda belə özlərini xoşbəxt və təhlükəsizlikdə hiss edirlər (Zəbur 2:9—12).

 «Xalqlar arasında ucalacağam, bütün dünyada ucalacağam». Keçmişdə Yehova Allah böyük qüdrəti ilə xalqını düşmənlərdən müdafiə edəndə Özünü ucaltmışdı (Çıxış 15:1—3). Gələcəkdə Allah daha çox ucalacaq, çünki o zaman yer üzündə yaşayacaq hər bir insan Onun hakimiyyətini tanıyacaq və Ona ibadət edəcək (Zəbur 86:9, 10; Əşiya 2:11).

Zəbur 46:10 ayəsinin konteksti

 Bir kitabda 46-cı məzmur «xalqının qüdrətli Müdafiəçisi kimi Allahın tərənnüm edildiyi mədhiyyə» adlandırılıb. Allahın xidmətçiləri 46-cı məzmuru oxuyanda Yehovanın xalqını müdafiə etməyə və ona kömək etməyə qadir olduğuna əminliklərini ifadə edirdilər (Zəbur 46:1, 2). Bu sözlər onlara Yehovanın hər zaman xalqının yanında olduğunu xatırladırdı (Zəbur 46:7, 11).

 Bu məzmurda insanlar Allahın möhtəşəm işlərinə, məsələn, müharibələrə son qoymaq bacarığına diqqət yetirməyə çağırılır. Çünki bu onların Allahın Öz xalqını müdafiə etməyə qadir olduğuna əminliyini möhkəmləndirəcək (Zəbur 46:8, 9). Qədim dövrlərdə Allah xalqını düşmənlərdən müdafiə etməklə müharibələrə son qoyurdu. Ancaq Müqəddəs Kitabda deyilir ki, tezliklə Allah daha möhtəşəm işlər görəcək: O, bütün yer üzündə müharibələrə son qoyacaq (Əşiya 2:4).

 Bəs bu gün Allah xidmətçilərinə kömək edir? Bəli. Həvari Bulus məsihiləri kömək üçün Ona üz tutmağa səsləyirdi (İbranilərə 13:6). 46-cı məzmurdakı fikirlər Yehovanın bizi müdafiə etməyə qadir olduğuna əminliyimizi möhkəmləndirir. Bu məzmuru oxuyanda biz bir daha əmin oluruq ki, «Allah gücümüz, pənahımızdır» (Zəbur 46:1).

 Bu qısa videoya baxın və «Zəbur» kitabı ilə tanış olun.

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.