Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun» (Saylar 6:24—26)

«Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun» (Saylar 6:24—26)

 «Yehova səni saxlasın, səni nemət sahibi etsin. Yehova üzünə gülsün, sənə lütf göstərsin. Yehova üzünə baxsın, sənə salamatlıq versin» (Saylar 6:24—26, «Yeni Dünya Tərcüməsi»).

 «Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun; Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin. Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin» (Saylar 6:24—26, Müqəddəs Kitab şirkəti, 2009).

Saylar 6:24—26 ayələrinin mənası

 Bu sözlərə kahinin və ya Harunun xeyir-duası da deyirlər. Harun İsrailin birinci baş kahini olub (Çıxış 28:1). Bu ayələrdəki sözləri Allah demişdi (Saylar 6:22, 23). O, Musaya belə söyləmişdi: «Harunla oğullarına de, israillilərə bu sözlərlə xeyir-dua versinlər». Bundan sonra isə O, Saylar 6:24—26 ayələrindəki sözləri demişdi. Sadiq kahinlər Allahın verdiyi bu əmrə riayət edirdilər. Həmçinin onlar Yehova a Allahın adına şərəf gətirirdilər. 27-ci ayədə oxuyuruq: «Onlar [kahinlər] israillilərə xeyir-dua verəndə Mənim adımı çəksinlər ki, Mən onlara nemətlər nəsib edim».

 «Yehova səni saxlasın, səni nemət sahibi etsin». Yehovanın xidmətçilərinə verdiyi nemət onları qoruması, rəhbərlik verməsi və xoşbəxt həyat sürməyə kömək etməsidir (Məsəllər 10:22). Saylar 6:24—26 ayələrində «sən» əvəzliyindən istifadə olunub. Bu onu göstərir ki, Allah təkcə bir qrup olaraq bütün xalqa deyil, həm də hər bir israilliyə nemətlər bəxş etmək istəyirdi.

 «Yehova üzünə gülsün, sənə lütf göstərsin». Yehovanın insanın üzünə gülməsini diləmək Onun lütfünü və hüsn-rəğbətini istəmək deməkdir b. Həmçinin bu ifadə belə tərcümə oluna bilər: «Rəbb Öz nurlu üzünü sənə [göstərsin]» (Saylar 6:25, Müqəddəs Kitab şirkəti, 2009). Yehova Öz xalqına xeyirxahlıq, şəfqət və mərhəmət göstərməklə lütf edir (Əşiya 30:18).

 «Yehova c üzünə baxsın, sənə salamatlıq versin». Məhəbbətli Allahımız Yehova xidmətçilərinə diqqət göstərməklə və sülh bəxş etməklə onların üzünə baxır. Bir mənbəyə əsasən «ibrani dilindəki sülh (şalom) sözü sadəcə münaqişənin olmaması mənasını vermir. Həmçinin bu, insanın həm özü, həm də Allahla sülhdə olması deməkdir».

 Bu ayələrdəki nemətləri dadmaq üçün israillilər Yehovanın sözünə əməl etməli idilər (Lavililər 26:3—6, 9). İsraillilər Yehovanın sözünə əməl edəndə O, vədinə sadiq qalaraq bu nemətləri onlara bəxş edirdi. Süleyman və Hizqiyyə kimi padşahların hakimiyyəti dövründə bu, aydın görünürdü (1 Padşahlar 4:20, 25; 2 Salnamələr 31:9, 10).

 Məsihilərdən bu ayələri əzbərləmək tələb olunmasa da, onlar dindaşları üçün dua edəndə və ya onları ruhlandıranda hisslərini ifadə etmək üçün buna bənzər sözlərdən istifadə edə bilərlər (1 Salonikililərə 5:11, 25). Yehova dəyişməyən Allahdır. O, həmişə xidmətçilərini qorumaq və onlara bol-bol nemətlər nəsib etmək istəyir. Allahın onlardan razı olduğunu, onların üzünə güldüyünü bilmək məsihilərə sülh bəxş edir.

Saylar 6:24—26 ayəsinin konteksti

 «Saylar» kitabının ilk on fəslində Allahın İsrail xalqına verdiyi göstərişlər yazılıb. Həmin vaxt vəd edilmiş diyara gedən İsrail xalqı Sina dağının yanında düşərgə salmışdı. Orada qaldıqları bir il boyunca Yehova onları bir xalq kimi təşkil etdi və onlara Qanun əhdi kimi tanınan qanunlar toplusunu verdi.

 Həmçinin Yehova Musaya kahin kimi xidmət etmək üçün seçilmiş Harun və oğullarının israillilərə necə xeyir-dua verməli olduqlarını bildirdi (Saylar 6:22, 23). Bundan sonra Harun və oğulları Saylar 6:24—26 ayələrində yazılan sözlərlə xalqa xeyir-dua verdi. Zamanla kahinin məbəddə son gündəlik qurbanı gətirəndən sonra bu sözləri əzbərdən söyləməsi adətə çevrildi.

 Bu qısa videoya baxın və «Saylar» kitabı ilə tanış olun.

a «Yehova» tək olan Allahın adıdır. Bəs nəyə görə bir çox Müqəddəs Kitab tərcümələrində Allahın adının yerinə «Rəbb» sözü yazılıb? Bu haqda öyrənmək üçün «Yehova kimdir?» məqaləsini oxuyun.

b Müqəddəs Kitabda deyilir ki, israillilər Yehovanın bəyənmədiyi əməlləri görəndə O onlardan üz döndərirdi (Əşiya 59:2; Mikə 3:4).

c «NIV Study Bible»-a əsasən bu ayələrdə Allahın adı 27-ci ayədə yazılan fikirləri xüsusilə vurğulamaq üçün üç dəfə təkrarlanıb. Bununla belə, bəziləri iddia edir ki, bu ayələrdə Allahın adının üç dəfə təkrarlanması Onun üç sifətdə olduğuna dəlalət edir. Amma bu belə deyil. Üç üqnum təlimini dəstəkləyən bir Müqəddəs Kitab şərhçisi deyir ki, Allahın adının üç dəfə təkrarlanması «nə xeyir-dua verən kahinlərdə, nə də xalqda Allahın üç sifətdə olması fikrini yaratmırdı. Əksinə, bu verilən xeyir-duaya gözəllik qatırdı və onu dolğun edirdi» («The Pulpit Commentary», cild 2, səhifə 52). Əlavə məlumat üçün «Allahın üç sifətdə olması həqiqətə uyğundurmu?» məqaləsini oxuyun.