Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Günahın əvəzi ölümdür, Allahın ənamı isə... əbədi həyatdır» (Romalılara 6:23)

«Günahın əvəzi ölümdür, Allahın ənamı isə... əbədi həyatdır» (Romalılara 6:23)

 «Günahın ödədiyi haqq ölümdür, Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Romalılara 6:23, «Yeni Dünya Tərcüməsi»).

 «Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır» (Romalılara 6:23, Müqəddəs Kitab şirkəti, 2009).

Romalılara 6:23 ayəsinin mənası

 Bu ayədə həvari Bulus izah edir ki, insanlar günahlı olduqları üçün ölürlər. Amma Allah sadiq bəndələrinə möhtəşəm əbədi həyat ümidi verir.

 «Günahın ödədiyi haqq ölümdür». Bütün insanlar qeyri-kamil doğulduqları üçün günaha meyillidirlər (Zəbur 51:5; Vaiz 7:20) a. Günahlı olduqları üçünsə istər-istəməz qocalıb ölürlər (Romalılara 5:12).

 Bu fikri vurğulamaq üçün Bulus günahı işçiyə əməkhaqqı ödəyən ağa ilə müqayisə edir. Necə ki, işçi gördüyü işin sonunda ağadan əməkhaqqı alacağını bilir, eləcə də insanlar günahlı olduqlarına görə sonda öləcəklərini bilirlər.

 Eyni zamanda Bulus izah edir ki, «ölmüş adam günahdan azaddır» (Romalılara 6:7). İnsan öləndə bütün günahlarından azad olur. Buna görə də ölülərin keçmişdə işlətdikləri günahlara görə haradasa əzab çəkdiklərini düşünməyə heç bir əsas yoxdur. Müqəddəs Kitabda açıq-aydın deyilir ki, ölülər nə düşünə, nə hərəkət edə, nə də hiss edə bilirlər (Vaiz 9:5).

 «Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır». Günahın ödədiyi «haqq»dan fərqli olaraq, Allah bizə əbədi həyat ənamını təklif edir. «Ənam» kimi tərcümə olunmuş orijinal mətndəki sözü «layiq olmadığı halda alınan hədiyyə» yaxud «lütfdən irəli gələrək verilən hədiyyə» kimi də tərcümə etmək olar. Bu, insanın layiq olmadığı halda ona edilən yaxşılığa aid işlənir. Heç bir günahlı insan nə özünü xilas edə, nə də əbədi həyatı qazana bilər (Zəbur 49:7, 8). Amma Yehova İsaya iman edənlərə bənzərsiz bir ənam verir. Bu, əbədi həyat ənamıdır (Yəhya 3:16; Romalılara 5:15, 18).

Romalılara 6:23 ayəsinin konteksti

 Bulus bu məktubu b.e 56-cı ilində Romadakı məsihilərə ünvanlamışdı. Görünür, həmin dövrdə yaşayan bəzi məsihilərdə Allahın lütfü barədə yanlış fikirlər var idi. Yunan fəlsəfəsinin təsiri altına düşən bu məsihilər düşünürdülər ki, nə qədər çox günah işlətsələr, Yehovadan bir o qədər çox lütf görəcəklər (Romalılara 6:1). Bir başqaları isə iddia edirdi ki, Musanın qanunu altında yaşamadıqları üçün günahlarına görə məsuliyyət daşımayacaqlar (Romalılara 6:15). Bu məktubunda Bulus vurğulayır ki, əgər məsihilər günahın həyatlarına ağalıq etməsinə yol versələr, heç vaxt Allahın lütfünü qazana bilməyəcəklər (Romalılara 6:12—14, 16).

 Bulusun sözləri Allaha ibadət edənləri əmin edir ki, günahlı olsalar da, onlar üçün ümid var. Əgər onlar Allahın qoyduğu əxlaq normalarına uyğun yaşasalar və günahlı istəklərinə təslim olmasalar, Allahın vəd etdiyi əbədi həyatı alacaqlar (Romalılara 6:22).

 Bu qısa videoya baxın və «Romalılara» kitabı ilə tanış olun.

a Müqəddəs Kitabda «günah» deyiləndə Allahın normalarına zidd gedən hərəkət, düşüncə və hiss nəzərdə tutulur (1 Yəhya 3:4). «Günah nədir?» adlı məqaləni oxuyun.