Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Gördüyünüz hər işi... can-dildən edin» (Koloslulara 3:23)

«Gördüyünüz hər işi... can-dildən edin» (Koloslulara 3:23)

 «Hər nə edirsinizsə, canla-başla edin, sanki, insanlar üçün yox, Yehova üçün edirsiniz» (Koloslulara 3:23, «Yeni Dünya Tərcüməsi»).

 «Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin» (Koloslulara 3:23, Müqəddəs Kitab Şirkəti, 2009).

Koloslulara 3:23 ayəsinin mənası

 Məsihi zəhmətkeş işçi olmağa can atmalıdır, çünki onun əməyə münasibəti Yehova Allaha ibadəti ilə bağlıdır.

 «Hər nə edirsinizsə». Yehovaya ibadət etmək istəyənlər gördükləri hər işdə Müqəddəs Kitabda yazılanlara uyğun davranmalıdırlar. Onlar dürüst, etibarlı və əməksevər olmalıdırlar. Fərqi yoxdur, evdə, işdə və ya məktəbdə, bu xüsusiyyətlər məsihilərin gördükləri hər bir işdə özünü göstərməlidir (Məsəllər 11:13; Romalılara 12:11; İbranilərə 13:18).

 «Can-dildən edin». Yunan dilindən tərcümə olunmuş «can-dildən» ifadəsi «bir insanın Allahın iradəsini yerinə yetirmək üçün qətiyyətli olmasını və ya işə can qoymasını bildirir» a.

 Belə adam öhdəsinə düşən işi ən yaxşı şəkildə görmək üçün bütün fiziki və əqli qabiliyyətlərini işə salır. Həmçinin İncilin digər bir tərcüməsində bu ayədə «canla-başla» ifadəsi işlənib (Koloslulara 3:23, İncil, 1996).

 «İnsanlar üçün yox, Yehova üçün edirsiniz». Məsihilər hansı işi görürlərsə görsünlər, onlar işlərinə məsuliyyətlə yanaşırlar. Çünki onlar başa düşürlər ki, işə olan münasibətləri Yehova ilə olan münasibətlərinə təsir edir. Onlar üçün, ilk növbədə, vacib olan müdiri və ya hər hansı insanı yox, Allahı razı salmaqdır. Məsihinin işinə can yandırması, müsbət əhval-ruhiyyədə olması ətrafdakı insanların diqqətindən yayınmır. Bu təkcə onun özü haqda yox, ibadət etdiyi Allah haqda da yaxşı fikir formalaşdırır. Beləcə, «Allahın adı... bədnam edilməsin» deyə məsihi əlindən gələni edir (1 Timutiyə 6:1; Koloslulara 3:22).

Koloslulara 3:23 ayəsinin konteksti

 Müqəddəs Kitabın «Koloslulara» bölməsini həvari Bulus yazıb. O, bu məktubu Kolos şəhərində yaşayan məsihilərə ünvanlamışdı b. Ehtimal ki, o, bu məktubu Romada ilk həbsinin sonlarına yaxın, təxminən eramızın 60—61-ci illərində yazıb.

 Koloslulara məktubda çoxlu məsləhətlər yazılıb. Oradakı məsləhətlər məsihilərə milliyyətindən və vəziyyətindən asılı olmayaraq, Allaha birlik içində ibadət etməyə kömək edir (Koloslulara 3:11). Bu məktub onları təşviq edir ki, Allahın məhəbbət, xeyirxahlıq və mərhəmət kimi keyfiyyətlərinə yiyələnsinlər (Koloslulara 3:12—14). Həmçinin orada izah olunur ki, Allaha ibadətlə həyatımızın bütün sahələri bir-biri ilə necə bağlıdır (Koloslulara 3:18—4:1).

 Bu qısa videoya baxın və «Koloslulara» kitabı ilə tanış olun.

a «Exegetical Dictionary of the New Testament» 1993, 3-cü cild, səh. 502.

b Hal-hazırda Türkiyənin ərazisinə aiddir.