Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Yarasanın exolokasiyası

Yarasanın exolokasiyası

 Yarasaların zülmət qaranlıqda görmə qabiliyyəti olsa da, əksər növləri exolokasiyadan istifadə edir. Yarasalar obyektdən əks olunan səs dalğalarını tutaraq ona qədər məsafəni ölçür. Məsələn, bəzi yarasalar qanadlarını çırpma sürətinə görə ağcaqanadı böcəkdən fərqləndirə bilir.

 Düşünün. Əksər yarasalar qırtlaqlarında səs impulsları əmələ gətirir. Bu impulslar ağızları və burun deşikləri vasitəsilə ətraf aləmə yayılır. Səs dalğaları obyektlərdən əks olunanda əks-səda yaranır. Yarasa iri qulaqları ilə həmin əks-sədaları tutur və beynində olduğu mühitin, bir növ, üçölçülü modelini yaradır. Yarasa obyektin yerini, hündürlüyünü və ona qədər məsafəni müəyyən edir və hətta digər yarasaların əmələ gətirdiyi səs-küy belə ona mane olmur.

 Yarasanın exolokasiyası olduqca dəqiq olmalıdır, əks halda, bir millisaniyəlik (saniyənin mində bir hissəsi) xəta belə onun hədəfindən 17 santimetr yayınmasına gətirib çıxara bilər. Bəzi tədqiqatçılar bir millisaniyədən çox olan dəqiqliyi qeyri-mümkün hesab edir. Bununla belə, aparılmış təcrübələr göstərir ki, yarasalar əks-sədanı 10 nanosaniyə (saniyənin yüz milyonda bir hissəsi) dəqiqliklə tutur və obyektə qədər məsafəni bir millimetrədək, hətta ondan da az dəqiqliklə müəyyən edir.

 Tədqiqatçılar exolokasiya sistemi olan elektron əsa ixtira edib. Belə əsanın köməyilə kor insanlar ətraf aləmi «təsəvvür edə» və müxtəlif maneələri, məsələn, baş səviyyəsində olan ağacın budağı kimi maneələri ötüb keçə bilir. «Batcane» [ingilis dilindən tərcümədə «bat» yarasa, «cane» əsa deməkdir] adı verilmiş bu əsanın ixtiraçıları Brayan Hoyl və Din Voters qeyd edib ki, onları bu cür əsa yaratmağa ilhamlandıran əsas səbəblərdən biri yarasaların heyrətamiz exolokasiya sistemi barədə bildikləri olub.

 Necə fikirləşirsiniz? Yarasanın heyrətamiz exolokasiyası təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?