Kontentə keç

Blue Planet Archive/Mark Conlin

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Qrunion balığının kürü tökməsi

Qrunion balığının kürü tökməsi

 Kaliforniya qrunionu adlanan balaca balıqlar Birləşmiş Ştatların Kaliforniya və Meksikanın Aşağı Kaliforniya ştatlarının Sakit okean çimərliklərində kürü tökür. Yumurtadan çıxan balıqların sağ qalması üçün qrunion kürü tökməyin dəqiq gününü və vaxtını bilir.

 Düşünün. Qrunion balıqları yalnız Ayın bədirlənməsi və ya yeni Ayın çıxması ilə əlaqədar yaranan ən yüksək qabarmadan sonrakı üç-dörd gecə ərzində kürü tökür. Əgər onlar Ayın bədirlənməsindən və ya təzə Ayın çıxmasından əvvəlki gecələr kürü tökərlərsə, qabarma torpaqdakı yumurtaları dənizə aparar. Amma onlar ən yüksək qabarmadan qısa müddət sonra kürü tökdükləri üçün dalğalar geri çəkiləndə və sudakı qum çökəndə qumun altında qalan yumurtalar təhlükəsizlikdə olurlar.

Wally Skalij/Los Angeles Times via Getty Images

 Üstəlik, yaz və yay aylarında gecələr qabarma gündüzlər olduğundan daha yüksəkdir. Beləcə, onlar gecələr sahilin daha dərinliyinə üzürlər və bunun sayəsində növbəti qabarma zamanı yumurtalar təhlükəsizlikdə olurlar.

 Qrunion balıqları ən yüksək dalğanı gözləyirlər və dalğa gələndə çimərliyin mümkün qədər uzaq nöqtəsinədək üzürlər. Su çəkiləndə dişi balıq nəm torpaqda oyuq qazaraq quyruğu aşağı formada özünü basdırır. Dişi balıq 5—8 santimetr dərinliyində yumurta qoyandan sonra erkək balıq yumurtaları mayalandırır. Bundan sonra balıqlar özlərini suya ataraq növbəti dalğa ilə okeana qayıdırlar.

 Yumurtalar nəm qumda inkişaf edirlər, amma balıqların yumurtadan çıxması üçün dalğalar lazımdır. Bu səbəbdən, təxminən iki həftə sonra, növbəti yüksək qabarma zamanı balıqlar yumurtadan çıxır, amma yumurtadan çıxmaq üçün balıqlar növbəti qabarmaya kimi dörd həftə də gözləyə bilərlər.

 Necə düşünürsünüz? Qrunion balıqlarının kürü tökməyin vaxtını və yerini bilmək bacarığı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?