Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Miksinin seliyi

Miksinin seliyi

 Miksinlərin jeleyəbənzər seliyi və ya hidrogeli alimləri çoxdan valeh edir. Nəyə görə? Çünki miksinlərin hidrogeli elmə «məlum olan ən yumşaq elastik bioloji materiallardan» biridir.

 Məlumat. İlanbalığına bənzəyən miksinlər okeanın dibində yaşayan məxluqlardır. Yırtıcılar onları yeməyə cəhd göstərəndə miksinlər xüsusi vəzlərdən gel ifraz edir. Bu ifrazat musin əmələ gətirən zülallardan və minlərlə digər uzun zülal liflərindən ibarətdir. Bu zülallar birlikdə miksinin ətrafındakı suyu qatı seliyə çevirir. Selik yırtıcının qəlsəmələrinə dolur, boğulmağa başlayan yırtıcı miksini qaytarıb oradan tez üzüb gedir.

 Miksinlərin hidrogeli qeyri-adi quruluşa malikdir. Zülal liflərinin hər birinin eni insan saçının eninin yüzdə biri qədərdir və neylondan on dəfə daha möhkəmdir. Suda musin və liflər qarışaraq incə üçölçülü tor əmələ gətirir. Bu tor öz çəkisindən 26000 dəfə ağır olan su kütləsini saxlaya bilir. Selik, demək olar ki, 100 faiz sudan ibarətdir.

 Alimlər miksinin hidrogelinə bənzər material yarada bilməyiblər. Bir tədqiqatçı deyib: «Onun quruluşu olduqca mürəkkəbdir». Bununla belə, alimlər bakteriyanın köməyi ilə zülal liflərini genetik olaraq yaratmağa çalışırlar. Onların məqsədi yüngül, çırılmayan, elastik və bioparçalanan material yaratmaqdır. Sintetik zülal liflərindən toxuculuq sənayesi və tibb üçün ekoloji cəhətdən təhlükəsiz materialların yaradılması üçün istifadə etmək olardı. Sintetik hidrogel bir çox digər sahələrdə də öz tətbiqini tapa bilərdi.

 Necə fikirləşirsiniz? Miksinin seliyinin olduqca mürəkkəb quruluşu təkamül nəticəsində yaranıb, yoxsa yaradılış möcüzəsidir?