Kontentə keç

İMAN ÖRNƏKLƏRİ | MƏRYƏM

«Yehovanın şəninə nəğmə deyin»

«Yehovanın şəninə nəğmə deyin»

 Nəhəng Nil çayının lal suları sakit-sakit axırdı. Bir qədər aralıda balaca qızcığaz nəfəsini dərmədən səssiz-səmirsiz dayanmışdı. O, gözünü çaydakı qamışların arasına qoyulmuş səbətdən ayırmırdı. Xeyli vaxt ötdü, amma qızcığaz yan-yörəsində vızıltı ilə uçan həşəratlara məhəl qoymadan səbəti güdür, sanki nəsə gözləyirdi. Onun bütün vücudu gərginlik içindəydi. Axı səbətin içindəki doğmaca qardaşı idi. Körpə qardaşının bu aciz vəziyyətinə baxdıqca qızcığazın ürəyi parçalanırdı. Amma o, valideynlərini qınamırdı, başa düşürdü ki, onların başqa əlacı yoxdur, körpənin xilas olması üçün yeganə ümid yeri bu idi.

 Bu balaca qızın hərəkəti öz-özlüyündə böyük cəsarət idi. Ancaq bir azdan o, lap çox cəsarət göstərməli olacaq. Onun kiçik qəlbində çox gözəl bir xüsusiyyət — Allaha güclü iman yetişirdi. Bu iman növbəti hadisədə özünü aydın göstərdi və onun bütün həyatına istiqamət verdi. İllər sonra, ahıl yaşına çatanda imanı xalqının tarixinin ən yaddaqalan dövründə ona bələdçilik etdi. Ciddi səhvə yol verəndə həmin bu iman onun dadına yetişdi. Bu qızcığaz kimdir belə? Onun imanı bizə necə örnəkdir?

Köləlikdə böyüyən qızcığaz

 Müqəddəs Kitabda bu qızcığazın adı yazılmasa da, onun kim olduğu bəllidir. O, Misir diyarında qul olan İmranla Yuhabidin ilki Məryəm idi (Saylar 26:59). Onun körpə qardaşına sonradan Musa adını verdilər. Ortancıl qardaşı Harun isə həmin vaxt təxminən üç yaşında idi. Məryəmin yaşını dəqiq bilməsək də, haradasa on yaşı olduğunu təxmin eləmək olar.

 Məryəm çətin bir dövrdə yaşayırdı. Misirlilər onun xalqına böyük təhlükə kimi baxdıqları üçün onları kölə edib həyatlarını acı zəhərə döndərmişdilər. Buna baxmayaraq ibrani qullar çoxalır, hər tərəfə yayılırdı. Misirlilər bundan qorxub daha böyük qəddarlığa əl atdılar. Firon əmr etdi ki, ibrani ailəsində oğlan uşağı doğulanda onu dərhal öldürsünlər. Şəfra və Fuəh adlı iki mamaça isə uşaqları sağ saxlayırdı və sözsüz ki, onların imandan doğan bu hərəkətlərindən Məryəmin xəbəri var idi (Çıxış 1:8—22).

 Məryəm həm də valideynlərinin imanına şahid idi. Ata-anası İmranla Yuhabid üçüncü körpələrini doğulandan sonra üç ay gizlətmişdi. Onlar padşahın əmrindən qorxuya düşməyib, övladlarının canına qıymadılar (İbranilərə 11:23). Ancaq uşağı gizlətmək hələm-hələm asan iş deyildi. Çox keçməmiş onlar ürəklərinə dağ basıb qərar verməli oldular. Yuhabid uşağı gizlincə aparıb elə yerə qoymalı idi ki, kimsə onu tapıb himayəsinə götürsün. O, qamışdan səbət hördü, batmasın deyə içinə qatran çəkdi, sonra da ciyərparasını səbətə qoyub öz əliylə Nil çayının sahilinə buraxdı. Təsəvvür etmək olar, ana bu müddət ərzində necə hərarətlə dualar edirdi. Yəqin ki, Məryəmə orada qalıb uşağa göz-qulaq olmağı elə o tapşırmışdı (Çıxış 2:1—4).

Qardaşının xilaskarı

 Məryəm anasının tapşırdığı kimi durub gözləyirdi. Bir qədər keçəndən sonra səs eşitdi. Gələn bir dəstə misirli qadın idi. Amma onlar adi adamlar deyildilər. Fironun qızı kənizləri ilə birgə Nil çayına çimməyə gəlmişdi. Bunu görcək Məryəmin ürəyi təlaşlandı. Onun heç ağlına da gəlməzdi ki, fironun öz qızı atasının əmrinə qarşı çıxıb bu ibrani körpəni himayəsinə götürər. Şübhə yox ki, Məryəm o an qardaşı üçün Yehovaya yalvarırdı.

 Qamışlıqdakı səbətə ilk gözü sataşan fironun qızı oldu. Dərhal kənizlərindən birini səbətin dalınca göndərdi. Şahzadə səbəti açanda uşağı gördü. Körpə ağlayırdı. O dərhal nə baş verdiyini anladı: ibrani qadınlardan kiminsə uşağına qıymağa əli gəlməyib. Bu gözəl uşağa qarşı firon qızının ürəyini şəfqət bürüdü (Çıxış 2:5, 6). Məryəm ayıq-sayıq idi, şahzadənin ürəyində keçirdiyi hissləri üzündən oxudu. Qızcığaz başa düşdü ki, Yehovaya imanını əməldə göstərməyin vaxtıdır. Bütün cəsarətini toplayıb onlara yaxınlaşdı.

 Məryəmin ürəyindən nələr keçdiyini bir Allah bilir. O bilmirdi şahzadəyə yaxınlaşıb danışsa, onu nə gözləyir. Buna rəğmən, Məryəm firon qızından soruşdu: «İstəyirsən, gedim bir əmzikli ibrani qadın çağırım körpəyə dayəlik etsin?» Bu çox yerində verilən sual idi. Firon qızı bilirdi ki, uşağa dayəlik edə bilməyəcək. Yəqin fikirləşdi ki, uşağa hələlik öz xalqından kiminsə dayəlik etməsi daha məsləhətli olar. Sonradan isə uşağı evinə gətirib övladlığa götürər və onun təhsili ilə, təlim-tərbiyəsi ilə məşğul olar. Firon qızı «get çağır», deyə cavab verəndə yəqin Məryəm sevincindən göylərə uçdu (Çıxış 2:7, 8).

Məryəm cəsarətlə körpə qardaşının keşiyini çəkir

 Məryəm cəld pərişan valideynlərinin yanına qaçdı. Təsəvvür etmək olar, o, baş verənləri necə həyəcanla anasına danışırdı. Sözsüz ki, Yuhabid bu işdə Yehovanın əlini görürdü. O, Məryəmlə birgə firon qızının yanına qayıtdı. Şahzadə ona dedi: «Bu uşağı götür, ona dayəlik et. Haqqını verəcəyəm». Yəqin bu sözləri eşidəndə Yuhabid özünü güclə saxladı ki, duyduğu sevinci, qəlb rahatlığını üzə verməsin (Çıxış 2:9).

 Məryəm həmin gün Allahı Yehova barədə çox şey öyrəndi. Öyrəndi ki, Yehova xalqının qayğısını çəkir, dualarını eşidir. Həm də başa düşdü ki, təkcə böyüklər, təkcə kişilər cəsarətli və imanlı olmur. Yehova bütün imanlı bəndələrinin dualarını eşidir (Zəbur 65:2). Bu təlatümlü dövrdə yaşayan cavanlı-qocalı, kişili-qadınlı hər kəs bunu yadında saxlamalıdır.

Səbirli bacı

 Yuhabid uşağa dayəlik edib onun qayğısına qaldı. Bu müddətdə yəqin Məryəm həyatını xilas etdiyi körpə qardaşına çox bağlandı. Təsəvvür etmək olar o, təzə-təzə dil açan qardaşına danışmağı necə öyrədirdi. Hələ uşaq ilk dəfə Yehova Allahın adını çəkəndə yəqin Məryəmin sevinci yerə-göyə sığmamışdı. Gün gəldi, uşaq böyüdü. Onu firon qızına verməyin vaxtı yetişdi (Çıxış 2:10). Ayrılıq bütün ailə üçün ağrılı oldu. Yəqin Məryəm tez-tez qardaşı Musanın (firon qızı uşağa bu adı verdi) böyüyəndə necə insan olacağı barədə fikirləşirdi. Görəsən o, Misir sarayında Yehovaya məhəbbətini qoruyub saxlaya biləcək?

 Zaman bu sualın cavabını verdi. Musa böyüyəndə firon sarayındakı imkanları yox, Allaha xidmət etməyi seçdi. Yəqin Məryəm bundan xəbər tutanda ürəyi dağa döndü. Musa 40 yaşında olanda xalqına kömək etmək istədi. Soydaşını döydüyünə görə bir misirlini öldürdü. Bunu eşidən firon onu öldürmək istəyəndə, Musa canını götürüb Misirdən qaçdı (Çıxış 2:11—15; Həvarilərin işləri 7:23—29; İbranilərə 11:24—26).

 Musa qırx il Mədyəndə yaşayıb çobanlıq elədi. Yəqin ki, Məryəm bu müddət ərzində qardaşından bixəbər idi (Çıxış 3:1; Həvarilərin işləri 7:29, 30). Məryəm yaşa dolduqca xalqının iztirablarının günü-gündən artdığını çarəsizcəsinə seyr edirdi.

Peyğəmbər qadın

 Məryəm, ehtimal ki, səksən yaşlarında olanda Musa Allahın buyruğu ilə xalqını xilas etmək üçün Misirə qayıtdı. Musanın adından qardaşı Harun danışırdı. Məryəmin iki qardaşı birgə fironun hüzuruna gəlib ondan Allahın xalqını buraxmağı xahiş etdi. Firon onlara qulaq asmadı. Yehova misirlilərə xəbərdarlıq etmək üçün on bəla göndərdiyi müddətdə Musa ilə Harun dönə-dönə fironun hüzuruna gəlirdilər. Sözsüz ki, bütün bu vaxt ərzində Məryəm qardaşlarına dayaq olurdu. Sonuncu bəla vaxtı misirlilərin ilk oğulları öləndən sonra, nəhayət, israillilərin Misirdən çıxmaq vaxtı yetişdi. Musanın başçılığı altında xalq Misiri tərk edəndə Məryəm, çox yəqin ki, usanmadan xalqına kömək edirdi (Çıxış 4:14—16, 27—31; 7:1—12:51).

 İsraillilər Qırmızı dənizlə Misir ordusu arasında çıxılmaz vəziyyətdə qalanda Məryəm gördü ki, Musa dənizin qabağında dayanıb əsasını göyə qaldırdı. Dəniz aralandı! Xalq quru yolla dənizin ortasından keçəndə Məryəmin Yehovaya imanı görünməmiş dərəcədə artdı. Bəli, onun ibadət etdiyi Allah hər şeyə qadir olan, hər vədini yerinə yetirən Allahdır (Çıxış 14:1—31).

 Xalq sağ-salamat dənizin o biri tayına keçdi. Fironla ordusu isə əngin sulara qərq oldu. Məryəm gördü ki, dünyanın ən güclü ordusu da Yehovanın qarşısında acizdir. Xalq cuşa gəlib Yehovanın şəninə nəğmə oxumağa başladı. Məryəm də qadınları yığıb bu nəğməni oxudu: «Yehovanın şəninə nəğmə deyin, O zəfər çalıb yüksəklərə ucaldı. Atı da, atlını da dəryada batırdı» (Çıxış 15:20, 21; Zəbur 136:15).

Məryəm Qırmızı dəniz sahilində İsrail qadınlarını yığıb zəfər nəğməsi oxuyur

 Bu gün Məryəmin həyatının ən möhtəşəm günü idi və yaddaşında həmişəlik həkk olunub qalacaqdı. Məhz bu məqamda Müqəddəs Kitabda Məryəmdən peyğəmbər deyə bəhs olunur. Yehovaya peyğəmbər qismində cəmi bir neçə qadın xidmət edib. Məryəm isə bu qadınlar arasında ilk peyğəmbərdir (Hakimlər 4:4; 2 Padşahlar 22:14; Əşiya 8:3; Luka 2:36).

 Müqəddəs Kitab bizə xatırladır ki, Yehova hər şeyi görür. O, istəyir ki, Onun yolunda etdiklərimizə, səbrimizə, Onu mədh etmək istəyimizə görə bizi mükafatlandırsın. Yaşımızdan, kişi və ya qadın olmağımızdan asılı olmayaraq, Yehovaya imanımızı əməldə göstərə bilərik. Bu cür iman Allaha xoşdur. O, bunu heç vaxt unutmur və sevə-sevə mükafatlandırır (İbranilərə 6:10; 11:6). Bəli, Məryəmin imanından örnək almağa dəyər!

Ürəyi qürurlandı

 Müəyyən mənsəbə sahib olmaq, şana yetişmək özü ilə nemətlər gətirsə də, bunun təhlükəli tərəfləri də var. İsrail köləlikdən azad olanda, yəqin Məryəm xalq arasında ən adlı-sanlı qadın idi. Görəsən o, qürura yenilməyəcək? (Məsəllər 16:18). Təəssüf ki, bir anlıq məğlub oldu.

 Misirdən çıxandan bir neçə ay sonra uzaq diyardan Musanın yanına adamlar gəldi. Bu, Musanın qayınatası Yətra idi. O, Musanın arvadı Səfurəni və iki oğlunu da özü ilə gətirmişdi. Musa Səfurə ilə Mədyəndə yaşayanda evlənmişdi. Səfurə bir qədər əvvəl, çox güman ki, qohum-əqrəbasına baş çəkmək üçün Mədyənə getmişdi. İndi isə atası onu israillilərin düşərgəsinə gətirmişdi (Çıxış 18:1—5). Təsəvvür etmək olar, onların gəlişi xalq arasında necə böyük marağa səbəb olmuşdu. Yəqin hamı xalqı Misirdən çıxarmaq üçün Allahın seçdiyi başçının arvadını görmək istəyirdi.

 Məryəm Səfurənin gəlişindən məmnun qaldı? Yəqin ki, əvvəl-əvvəl hə. Amma vaxt keçdikcə qürur ona üstün gəldi. Görünür, qorxdu ki, Səfurə onun yerini tutar və xalqın içində daha çox sayılıb-seçilər. Məryəmlə Harun deyinməyə başladılar. Adətən, bu kimi söhbətlər acı sözlərə gətirib çıxarır. Belə də oldu. Əvvəlcə onlar Səfurənin kuşlu a olduğunu deyib qarasınca deyinməyə başladılar. Sonra Musaya keçib, ondan gileyləndilər. Məryəmlə Harun deyirdi: «Məgər Yehova sözlərini təkcə Musa vasitəsilə deyir? Bəyəm bizim vasitəmizlə də danışmır?» (Saylar 12:1, 2).

Cüzama tutuldu

 Məryəmlə Harunun ürəyində xudpəsəndliyin zəhərli kökləri boy atmağa başlamışdı. Onlar Yehovanın Musa vasitəsilə işlər görməsindən narazı idilər, özlərinə daha çox nüfuz arzulayırdılar. Bəlkə buna səbəb Musanın öz səlahiyyətindən sui-istifadə etməsi, özünə şöhrət axtarması olmuşdu? Düzdür, Musa da qeyri-kamil insan idi, xətalar işlədirdi, amma qürur və şöhrətpərəstlik ona yad xüsusiyyətlər idi. Kəlamda deyilir: «Dünyada Musa kimi həlim adam yox idi». Təəssüf ki, Məryəmlə Harun yanlış, təhlükəli yola qədəm qoymuşdular. Müqəddəs Kitabda deyilir ki, Yehova onların deyinməyini eşidirdi (Saylar 12:2, 3).

 Yehova gözlənilmədən onların üçünü də Hüzur çadırına çağırdı. Yehovanın hüzurunu təmsil edən heyrətamiz bulud sütunu aşağı enib, çadırın girişində dayandı. Yehova danışmağa başladı. O, Məryəmlə Harunu məzəmmət edib, Musa ilə olan xüsusi münasibətini, ona nə qədər etibar etdiyini onların nəzərinə çatdırdı. Sonra soruşdu: «Nə cürət edib Mənim quluma, Musaya qarşı çıxdınız?» Məryəmlə Harunun canına qorxu düşdü. Yehovanın gözündə onlar Musaya yox, Onun Özünə hörmətsizlik etmişdilər (Saylar 12:4—8).

 Görünür, bu vəziyyətin əsas səbəbkarı Məryəm idi. O, qardaşı Harunu da gəlinləri ilə rəqabətdə öz tərəfinə çəkmişdi. Yəqin elə buna görə cəzalanan da Məryəm oldu. Yehova onu cüzama düçar etdi. Bu dəhşətli xəstəlikdən Məryəmin dərisi «qar kimi ağappaq oldu». Harun dərhal Musanın qarşısında qürurunu sındırıb yalvardı: «Nə olar, ağam, bir qələtdir eləmişik, keç günahımızdan!» Sonra Musadan xahiş etdi ki, Yehovadan onları bağışlamasını və Məryəmə şəfa verməsini diləsin. Həlim insan olan Musa Yehovaya yalvarıb dedi: «Ay Allah, nə olar, ona şəfa ver!» (Saylar 12:9—13). Hər iki qardaşın bu cür narahat olması göstərir ki, onlar bacılarını səhvlərinə rəğmən nə qədər çox istəyirlərmiş.

Şəfa tapdı

 Yehova mərhəmət göstərib tövbə etmiş Məryəmə şəfa verdi. Bununla yanaşı, yeddi gün düşərgədən kənarda qalmasını tapşırdı. Yəqin bu əmrə tabe olub düşərgədən çıxanda Məryəm özünü rüsvay olmuş hiss edirdi. Amma imanı onun dadına çatdı. O, ürəyində səmavi Atası Yehovaya haqq qazandırırdı və başa düşürdü ki, Yehova onu sevdiyi üçün cəzalandırıb. Buna görə də əmrə boyun əydi. Yeddi gün tək-tənha düşərgədən kənarda qaldı. Ta o qayıdana kimi xalq düşərgədən tərpənmədi. Məryəm iman sahibi olduğunu bir məsələdə də göstərdi: düşərgəyə qayıtmağı özünə ayıb bilmədi (Saylar 12:14, 15).

 Yehova sevdiyi kəsi tərbiyə edir (İbranilərə 12:5, 6). O, Məryəmi çox sevirdi, onun bu cür qürurunu cəzasız qoya bilməzdi. Cəza Məryəmə ağır gəlsə də, xeyrinə oldu. Bu cəzanı imanla qarşıladığı üçün o, yenidən Allahın lütfünü qazandı. İsraillilərin səhrada dolaşdığı vaxtın sonlarına kimi ömür sürdü. Məryəm 130 ilə yaxın yaşayıb Sin səhrasında yerləşən Qədisdə dünyadan köçdü (Saylar 20:1) b. Əsrlər sonra da Yehova sədaqətinə görə Məryəmi sevə-sevə anmışdı. Mikə peyğəmbər vasitəsilə xalqına demişdi: «Səni Misir torpağından çıxartdım, köləlik evindən qurtardım. Musanı, Harunu və Məryəmi önündə göndərdim» (Mikə 6:4).

Məryəm imanı sayəsində Yehovanın tərbiyəsini həlimliklə qəbul etdi

 Məryəmin həyatı çox şeydə bizə örnəkdir. Onun kimi, biz də müdafiəsiz insanları müdafiə etməli, cəsarətlə haqqın tərəfini tutmalıyıq (Yaqub 1:27). Onun kimi, Allahın hökmlərini sevinclə bəyan etməliyik (Romalılara 10:15). Onun kimi, biz də paxıllıq və kin-küdurət zəhərindən özümüzü gözləməliyik (Məsəllər 14:30). Və onun kimi, Yehovanın verdiyi tərbiyəni həlimliklə qəbul etməliyik (İbranilərə 12:5). Bütün bunları edəriksə, onda demək biz, həqiqətən də Məryəmin imanını örnək almışıq!

a Görünür, burada kuşluların vətəni olan Həbəşistan yox, mədyənilərin yaşadığı Ərəbistan nəzərdə tutulur.

b Bir ilin içərisində öncə Məryəm, sonra Harun, daha sonra isə Musa vəfat etdi.