Kontentə keç

İMAN ÖRNƏKLƏRİ | İLYAS

O, sona qədər dözdü

O, sona qədər dözdü

 İlyas peyğəmbərə Əhəb padşahın ölüm xəbəri çatır. Həmin an yaşlı peyğəmbərin vəziyyətini təsəvvür edin: o, fikirli-fikirli saqqalını sığallayaraq uzun illər boyunca bu zalım padşahın əlindən nələr çəkdiyini xatırlayır. İlyas çox şeyə dözmüşdü! O, dəfələrlə hədə-qorxuya, təqibə məruz qalmış, hətta ölümlə üz-üzə gəlmişdi. Bütün bunlar Əhəb padşah və onun məlikəsi İzəbilin başının altından çıxmışdı. İzəbil Yehovanın peyğəmbərlərinin ölümünü əmr edəndə Əhəb padşah onu dayandırmaq üçün heç nə etməmişdi. Bu ər-arvad sırf hərislikləri ucbatından əlbir olub günahsız, saleh insan olan Nabutu və oğlanlarını öldürmək üçün sui-qəsd hazırlamışdı. İlyas buna cavab olaraq, Əhəb və onun nəslinin yerli-dibli məhv olması ilə bağlı Yehovanın çıxardığı hökm xəbərini çatdırmışdı. İndi Yehovanın sözləri yerinə yetdi. Əhəb Yehovanın dediyi şəkildə öldü (1 Padşahlar 18:4; 21:1—26; 22:37, 38; 2 Padşahlar 9:26).

 Bununla belə, İlyas bilirdi ki, hələ çox şeyə dözməli olacaq. Çünki İzəbil hələ sağ idi. O, ailəsinin və xalqın başına oyun açmağa davam edirdi. İlyası qabaqda çoxlu çətinliklər gözləyirdi, üstəlik, dostu və xələfi Əlyəsəyə hələ çox şey öyrətməli idi. Gəlin İlyasın son üç tapşırığına nəzər salaq və görək imanı ona dözüm göstərməyə necə kömək edib və biz yaşadığımız bu çətin zəmanədə imanımızı necə gücləndirə bilərik.

Əhəzyaya çıxarılan hökm

 İndi İsraildə Əhəbin və İzəbilin oğlu Əhəzya padşahdır. O, valideynlərinin səhvlərindən dərs götürməkdənsə, onların yolu ilə gedib Yehovanın bəyənmədiyi pis işlər görür (1 Padşahlar 22:52). O, valideynləri kimi Baala ibadət edir. Bu ibadətdə insanlara məbəd fahişəliyi, hətta uşaqlarını qurban gətirmək və sairə bu kimi pis əməllər təlqin olunur. Görəsən, Əhəzyanı pis işlərindən əl çəkib, öz xalqını yenidən Yehovaya ibadətə yönəltməyə nəsə təşviq edəcəkdi?

 Bu dikbaş gənc padşah gözlənilmədən faciə ilə üzləşir. O, yuxarı otağın pəncərəsindən yıxılıb bərk yaralanır. Həyatı təhlükədə olsa belə, o, yenə də kömək üçün Yehovaya üz tutmur. Əksinə, o, Baal-Zəbub allahından sağalıb-sağalmayacağını soruşmaq üçün düşmən filiştlilərin Ekron şəhərinə qasidlər göndərir. Yehova onun bu hərəkətindən heç razı qalmır. O, mələyini göndərib İlyas peyğəmbərə deyir ki, gedib həmin qasidlərin qabağını kəssin və hökm xəbərini bildirib onları padşahın yanına geri göndərsin. İlyas Yehovanın dediyini edir. Əhəzyanın hərəkətindən elə çıxırdı ki, sanki İsraildə Allah yoxdur, bu, çox ciddi günah idi. Ona görə də Yehova ona belə deyir: «Yatağından qalxmayacaqsan» (2 Padşahlar 1:2—4).

 Əhəzya zərrə qədər də peşmançılıq duymadan soruşur: «Qabağınıza çıxıb bu sözləri deyən adam hansı qiyafədə idi?» Qasidlər peyğəmbərin sadə geyimini təsvir edir, onda Əhəzya dərhal deyir: «O... İlyasdır» (2 Padşahlar 1:7, 8). Diqqətəlayiq məqamdır ki, İlyas çox sadə həyat sürürdü, ona görə də sadə geyimini təsvir etməklə onun kim olduğunu asanlıqla müəyyən etmək olurdu. Amma eyni şeyi var-dövlət hərisi olan Əhəzya və onun valideynləri haqda demək olmazdı. İlyasın nümunəsi bu gün bizə İsanın sadə həyat sürmək və gözümüzü, həqiqətən də, vacib olan şeylərə cəmləməklə bağlı məsləhətini xatırladır (Mətta 6:22—24).

 Qisas hissi ilə alışıb-yanan Əhəzya 50 nəfər əsgəri və onların başçısını göndərir ki, İlyası tutsunlar. Onlar «dağın a təpəsində» oturan İlyası tapanda ordu başçısı padşahın adından ona kobud bir şəkildə əmr edir: «Aşağı düş!» Ehtimal ki, bu sözlər peyğəmbərə ölüm hökmü kəsildiyinə işarə edirdi. Bir təsəvvür edin! Bu əsgərlər İlyasın Allah adamı olduğunu bilsələr də, düşünürdülər ki, peyğəmbəri hədələməyə və qorxutmağa haqları var. Necə də yanlış düşüncədir! İlyas ordu başçısına deyir: «Yaxşı, əgər mən Allah adamıyamsa, qoy göydən od yağıb səni də, əlli adamını da məhv etsin». Allah peyğəmbəri eşidir. «Göydən od yağıb əllibaşını və yanındakı əlli adamı məhv [edir]» (2 Padşahlar 1:9, 10). Bu əsgərlərin faciəvi sonu açıq-aydın göstərir ki, insanlar Yehovanın xidmətçiləri ilə kobud və hörmətsiz şəkildə davrananda O, buna səssiz qalmır (1 Salnamələr 16:21, 22).

 Əhəzya 50 adamla birgə digər bir ordu başçısını göndərir. İkinci əllibaşı birincidən də düşüncəsiz idi. Ehtimal ki, o, birinci gələn 51 insanın külünü dağın ətəyində görür, amma bundan heç bir dərs çıxarmır. O, nəinki özündən əvvəl gələn əllibaşı kimi hörmətsiz tərzdə İlyasa: «Aşağı düş!» — deyə əmr edir, üstəlik, bu əmrə «tez» sözünü əlavə edir. Necə də ağılsız hərəkətdir! Beləcə, onun və əlli adamının da aqibəti birincilər kimi olur. Padşah isə ondan da ağılsızdır. O, bu vəziyyətdən dərs çıxarmayıb, üçüncü əsgər dəstəsini göndərir. Xoşbəxtlikdən üçüncü əllibaşı ağıllı davranır. O, təvazökarlıqla İlyasa yaxınlaşıb, özünün və əlli adamının sağ qalması üçün yalvarır. Allah adamı İlyas bu təvazökar əllibaşıya cavab verəndə Yehovanın mərhəmətini təzahür etdirir. Yehovanın mələyi İlyasa bu əsgərlərlə getməyi buyurur. İlyas itaət göstərir və sonra Yehovanın bu zalım padşahla bağlı hökm xəbərini yenidən bildirir. Allahın hökmü yerinə yetir, Əhəzya ölür. Onun hakimiyyəti cəmi iki il sürür (2 Padşahlar 1:11—17).

İlyas təvazökar əllibaşıya Yehovanın mərhəmətini təzahür etdirir

 İlyas peyğəmbər əhatəsindəki insanların üsyankarlığına, dikbaşlığına necə dözmüşdü? Bu sual günümüzdə də aktualdır. Nə vaxtsa dəyər verdiyiniz bir insanın məsləhətinizi rədd edib, ağılsızca davranmağa davam etdiyinə görə məyus olmusunuz? Bu cür məyusluğun öhdəsindən necə gəlmək olar? Əsgərlər İlyası «dağın təpəsində» tapmışdı. Bu yerdən bir şey öyrənə bilərik. Biz İlyasın nəyə görə orada olduğunu dəqiq deyə bilmərik, amma əmin ola bilərik ki, dua ənamını qiymətləndirən bu peyğəmbərə həmin sakit yer Allahla münasibətlərini möhkəmləndirməyə imkanı yaradırdı (Yaqub 5:16—18). Eynilə biz də Allahla təklikdə qalmaq, Ona adı ilə müraciət etmək, problemlərimizi və narahatçılıqlarımızı Onunla bölüşmək üçün müntəzəm vaxt ayıra bilərik. Beləcə, ətrafımızdakı insanlar düşüncəsiz və özlərinə zərər verəcək şəkildə davrananda dözüm göstərə biləcəyik.

Vəzifəsini təhvil verir

 İlyasın vəzifəsini təhvilvermə vaxtı gəlib çatır. Görün o nə edir. İlyas Əlyəsə ilə Qilqal şəhərini tərk edəndə təkidlə Əlyəsəyə deyir ki, özü tək təxminən 11 kilometr uzaqlıqda yerləşən Beytelə gedib çatana qədər Əlyəsə burada qalsın. Amma Əlyəsə qətiyyətlə cavab verir: «Yehovaya and olsun, sənin canın üçün, səndən ayrılmayacağam». Onlar Beytelə gəlib çatanda İlyas Əlyəsəyə bildirir ki, o, təxminən 22 kilometr uzaqlıqda yerləşən Ərihaya tək getməlidir. Əlyəsə heç tərəddüd etmədən daha öncəki cavabın təkrarlayır. Üçüncü dəfə eyni səhnə Ərihada, təxminən 8 kilometr uzaqlıqda yerləşən İordan çayına doğru yollanmazdan əvvəl təkrarlanır. Gənc peyğəmbər bu dəfə də öz mövqeyində qətidir. Onun İlyasdan ayrılmaq fikri yoxdur! (2 Padşahlar 2:1—6).

 Əlyəsə İlyasa məhəbbətindən irəli gələrək çox vacib bir xüsusiyyət — sədaqət nümayiş etdirmişdi. Rut da Naiməyə məhəbbətini öz sədaqəti ilə göstərmişdi. Belə məhəbbət insanlar arasında möhkəm bağlılıq yaradır və əsla tükənmir (Rut 1:15, 16). Bu gün Allahın xidmətçilərinin bu xüsusiyyətə həmişəkindən daha çox ehtiyacı var. Biz də Əlyəsə kimi bu xüsusiyyətin vacibliyini aydın dərk edirikmi?

 Sözsüz ki, gənc dostunun göstərdiyi sədaqət İlyasa dərin təsir bağışlamışdı. Əlyəsə göstərdiyi sədaqət sayəsində İlyasın son möcüzəsini görmək şərəfinə nail olur. İordan çayının sahilində, suyun gur axan və dərin yerində İlyas öz paltarını suya vurur. Sular ortadan ayrılır! Bu möcüzəyə həmçinin «peyğəmbər oğullarından əlli nəfər də» baxır, ehtimal ki, onlar həmin ərazidə pak ibadətə rəhbərlik etmək üçün təlim keçmiş kişilərdən bəziləridir (2 Padşahlar 2:7, 8). Bu təlim proqramına, ola bilsin, İlyas nəzarət edirdi. Vaxt var idi, İlyas həmin ərazidə ondan başqa imanlı bir insanın qalmadığını düşünürdü. Amma Yehova Öz xidmətçiləri arasındakı inkişafı görməyi İlyasa nəsib etməklə, onu dözümünə görə mükafatlandırdı (1 Padşahlar 19:10).

 İordan çayını keçəndən sonra İlyas Əlyəsəyə deyir: «Hələ ki, Allah məni aparmayıb, məndən nə diləyin var söylə». İlyas bilir ki, onun getmək vaxtı artıq yetişib. O, qarşıda gənc dostunu gözləyən imtiyaz və üstünlüklərə görə paxıllıq etmirdi. Əksinə, İlyas mümkün olduğu qədər ona kömək etmək istəyirdi. Əlyəsənin xahişi belə olur: «Qoy səndəki ruhdan iki pay alım» (2 Padşahlar 2:9). O, İlyasda olan müqəddəs ruhun iki qatını istədiyini nəzərdə tutmurdu. Əslində o, sanki ilk oğula düşən payı istəyirdi. Qanuna görə ilk oğul ailə başçısı olaraq yeni məsuliyyətlərini yerinə yetirmək üçün mirasdan ən böyük və ya iki qat pay alırdı (Qanunun təkrarı 21:17). Əlyəsə İlyasın ruhani mənada varisi idi və o başa düşürdü ki, yeni təyinatını icra etmək üçün İlyasdakı cəsarət ruhuna ehtiyacı var.

 İlyas təvazökarlıq göstərib cavabı Yehovanın öhdəsinə buraxır. Əgər Yehova Əlyəsəyə yaşlı peyğəmbərin göyə qaldırıldığını görməyə icazə versəydi, onda Əlyəsə istəyinə çatacaqdı. Və çox keçməmiş uzun illərin dostu olan bu iki insan «söhbət edə-edə gedəndə» möhtəşəm bir şey baş verir (2 Padşahlar 2:10, 11).

İlyas və Əlyəsənin dostluğu çətin zamanlarda hər ikisinə dözüm göstərməyə kömək etmişdi

 Göy üzündə qəribə bir işıq peyda olur və get-gedə onlara yaxınlaşır. Qəfildən güclü bir səslə qasırğa qopur, onlara sürətlə yaxınlaşan parıltı bu iki dostu bir-birindən ayırır və onlar heyrət içində geri çəkilir. Sonra alovdan bir araba və atlar görürlər. İlyas başa düşür ki, getmək vaxtı gəlib çatıb. Bəs o, arabaya minir? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Amma o, getdikcə yuxarı, qasırğanın içərisində göyə qaldırıldığını hiss edir.

 Əlyəsə heyrət içində olanları izləyir. O, bu möhtəşəm səhnənin şahidi olduğu üçün başa düşür ki, Yehova ona İlyasın cəsarət ruhundan «iki pay» verəcək. Amma Əlyəsə o qədər kədərlidir ki, bu haqda düşünmür. O, yaşlı dostunun hara getdiyini bilmir, ola bilsin, onu yenidən görəcəyinə də ümid etmir. O qışqırır: «Atam, atam! İsrailin arabası, süvariləri!» O, əziz məsləhətçisinin gözdən itdiyini görəndə paltarını ortadan cırır (2 Padşahlar 2:12).

 Görəsən İlyas göyə qalxan zaman gənc dostunun göz yaşları içində çarəsiz harayını eşidirdi? Bəs özü pis olurdu? Əsas odur, o başa düşürdü ki, yanında bu cür dostun olması ona çətin vaxtlarda dözüm göstərməyə kömək edib. Biz də İlyasdan örnək götürüb, Allahı sevən və Onu razı salan insanlarla dostluq qura bilərik.

Yehova İlyasa yeni təyinat verir

Son təyinat

 Bəs sonra İlyas haraya gedir? Bəzi dinlər öyrədir ki, o, göyə, Allahın yanına qaldırılıb. Amma bu mümkün deyil. Əsrlər əvvəl İsa Məsih demişdi ki, heç kim ondan əvvəl göyə qalxmayıb (Yəhya 3:13). Ona görə də «İlyas qasırğanın içində göyə qalxdı» sözlərini oxuyanda sual yaranır: Hansı göylərə? (2 Padşahlar 2:11). Müqəddəs Kitabda «göylər» sözü təkcə Yehovanın yaşadığı ruhani aləmə yox, həmçinin yerin atmosfer qatına, buludların olduğu və quşların uçduğu səmaya da aid edilir (Zəbur 147:8). İlyas məhz bu göylərə, yəni səmaya qaldırılır. Bəs sonra nə baş verir?

 Yehova bu dəfə sevimli peyğəmbərini yeni bir təyinat üçün qonşu Yəhuda padşahlığına aparır. Müqəddəs Kitabda yazılanlar göstərir ki, İlyas bu hadisədən yeddi il keçəndən sonra hələ də orada xidmət edirdi. Həmin vaxt Yəhudanı zalım padşah Yəhuram idarə edir. O, Əhəb və İzəbilin qızı ilə evlidir, belə ki, xalqın arasında onların mənfi təsiri hələ də hökm sürür. Yehova İlyasa tapşırır ki, Yəhurama hökm xəbərini çatdıran bir namə yazsın. Yəhuram hökm xəbərində yazıldığı kimi, əzab çəkə-çəkə ölür. Daha da dəhşətlisi odur ki, «heç kim onun ölümünə» heyifsilənmir (2 Salnamələr 21:12—20).

 İlyasla bu zalım padşah arasında dağlar qədər fərq var idi! Biz İlyasın necə və nə vaxt öldüyünü bilmirik. Amma bilirik ki, ölümünə heç kimin heyifsilənmədiyi Yəhuramdan fərqli şəkildə ölmüşdü. Əlyəsə dostunun həsrətini çəkirdi. Şübhəsiz, başqa sadiq peyğəmbərlər də İlyas üçün eyni hissləri keçirirdilər. Yehovanın Özü də bu sadiq bəndəsini çox qiymətləndirirdi. Bu hadisədən 1000 il keçəndən sonra Yehova İsanın görkəminin dəyişilməsi ilə bağlı görüntüdə Öz sevimli peyğəmbərinin surətindən istifadə etmişdi (Mətta 17:1—9). Siz İlyasdan nümunə götürmək və çətinliklər zamanı dözümlü olmağa kömək edən iman yetişdirmək istəyirsiniz? Onda Allahı sevən kəslərlə dostluq qurun, fikirlərinizi ruhani şeylərə cəmləyin və tez-tez səmimi-qəlbdən dua edin. Beləcə, Yehovanın məhəbbət dolu qəlbində İlyas kimi sizin də öz yeriniz olacaq!

a Bəzi alimlər iddia edir ki, burada qeyd olunan dağ bir neçə il öncə Baal peyğəmbərlərinə qalib gəlmək üçün Allahın İlyas peyğəmbərə qüvvə verdiyi Karmel dağıdır. Lakin Müqəddəs Kitabda bunun hansı dağ olduğu haqda konkret məlumat yoxdur.