Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşağınıza minnətdar olmağı öyrədin

Uşağınıza minnətdar olmağı öyrədin

 Tədqiqatlar göstərir ki, minnətdar insanlar daha xoşbəxt və daha sağlamdırlar; onlar uğursuzluqların öhdəsindən daha asan gəlir və möhkəm dostluğa sahibdirlər. Tədqiqatçı Robert Emmons qeyd edir ki, minnətdarlıq «insanı psixikanı pozan paxıllıq, inciklik, tamahkarlıq və kin-küdurətdən qoruyur» a.

 Minnətdar olmağın uşaqlara hansı faydası var? 700 uşağın iştirakı ilə keçirilən dördillik tədqiqatlar göstərir ki, minnətdar uşaqların imtahanlarda köçürmək, narkotik istifadə etmək, içki içmək və ətrafdakılarla münaqişə etmək ehtimalı daha azdır.

  •   «Mənim buna haqqım çatır» düşüncəsi minnətdarlıq hissini öldürür. Bir çox uşaqlar düşünür ki, hamı onlara borcludur. Belə uşaqlar onlara edilən yaxşılıqların qədrini bilmir, bunları layiq olduqları şey kimi qəbul edir və minnətdarlıq bildirməyi lazım bilmirlər.

     Uşaqlarda belə yanaşma adi hal alıb. «Bugünkü dünya hazıra nazir adamlar yetişdirir, — deyə Ketrin adlı bir qadın gileylənir. — Media “sən buna layiqsən” və “niyə filan şeyi hamıdan birinci almayasan?” şüarları ilə cürbəcür malların reklamı ilə gecə-gündüz bizi bombardman edir».

  •   Uşaqları körpəlikdən minnətdar olmağa öyrətmək mümkündür. Kaye adlı uşaqlı qadın deyir: «Uşaqlar asanlıqla öyrənir. Ağaca düz böyümək üçün dirək lazım olduğu kimi, uşağın da, nə qədər ki o balacadır, yaxşı vərdişlərə yiyələnməkdə köməyə ehtiyacı var».

Uşağa minnətdar olmağı necə öyrətmək olar?

  •   Minnətdarlığı sözlə ifadə etməyi öyrədin. Hətta balaca uşaqlara belə aldıqları hədiyyənin və ya onlara edilən yaxşılığın müqabilində «sağ ol» deməyi öyrətmək mümkündür. Böyüdükcə onlar başqalarındakı səxavət keyfiyyətini qiymətləndirəcək və minnətdarlıqlarını şüurlu şəkildə bildirəcəklər.

     Müqəddəs Kitab prinsipi: «Minnətdar olun» (Koloslulara 3:15, «İncil—1993»).

     «Üçyaşlı nəvəmiz “sağ ol” kəlməsini işlətməyi sevir və hər dəfə nəsə xahiş edəndə “zəhmət olmasa” deyir. O, bunu valideynlərindən öyrənib. Onların özləri də bu sözlərdən tez-tez istifadə edir və öz nümunələri ilə uşaqlarına minnətdar olmağı öyrədirlər» (Cefri).

  •   Minnətdarlığı əməldə göstərməyi öyrədin. Gələn dəfə kimsə uşağınıza hədiyyə verəndə onu həmin adama açıqca yazıb minnətdarlığını bildirməyə təşviq edin. Bundan əlavə, uşağa ev işləri tapşırın. Beləcə, o, evdə səliqə-səhmanın olması üçün nə qədər zəhmət tələb olunduğunu görəcək.

     Müqəddəs Kitab prinsipi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

     «Bizim yeniyetmə yaşlarında iki övladımız var. Onlar bizə menyu tərtib etməyə, yemək bişirməyə və digər ev işlərində kömək edirlər. Bunun sayəsində onlar biz valideynlərin nə qədər zəhmət çəkdiklərini görür və onlar üçün etdiklərimizə adi bir şey kimi yanaşmırlar» (Beverli).

  •   Uşaqlara qədirbilən olmağı öyrədin. Minnətdarlıq münbit torpaqda çiçək açan gül kimidir. Minnətdarlıq üçün münbit torpaq isə təvazökarlıqdır. Təvazökar insan başa düşür ki, başqalarının köməyinə ehtiyacı var və aldığı hər köməyə görə minnətdardır.

     Müqəddəs Kitab prinsipi: «Təvazökar olub başqalarını özünüzdən üstün sayın. Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:3, 4).

     «Hərdən nahar zamanı “minnətdarlıq oyunu” oynayırıq: hamımız növbə ilə kimə və nəyə görə “çox sağ ol” demək istədiyimizi deyirik. Bu bizə nikbin düşüncəli olmağa, mənfi şeylər barədə az fikirləşməyə və xudbin olmamağa kömək edir» (Tamara).

 Məsləhət. Nümunə olun. Uşaqlarınız sizin onlara və başqalarına tez-tez minnətdarlıq bildirdiyinizi görsələr və eşitsələr, minnətdar olmağı daha tez öyrənəcəklər.

a «“Çox sağ ol!” Minnətdar insan olmaq sizi necə daha xoşbəxt edə bilər?» kitabından («Thanks! How Practicing Gratitude Can Make You Happier»).