Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

İbadət evlərinə qulluq edirik

İbadət evlərinə qulluq edirik

1 APREL 2024

 Kolumbiyadan olan Nikol adlı gənc bacımız bölüşür: «İbadət evimizi çox sevirəm! Ora dindaşlarımla bir araya gəldiyim yerdir». Bu hisslər sizə də tanışdır?

 Bütün dünyada təxminən 63 000 ibadət evində Yehovanın Şahidləri birgə yığışır. Bu ibadət evlərində Allaha ibadət etməyimiz üçün əlverişli şərait var. Amma bu tikililər bizim üçün bir ibadət evindən daha artığıdır. Kolumbiyadan olan Deyvid adlı öncül qardaş belə deyir: «İbadət evlərimiz təlimlərimizi bəzəyir. İbadət evimizə ilk dəfə gələnlər onun səliqəli vəziyyətdə olmasından məəttəl qalırlar». Bu öz-özünə baş vermir. İbadət evlərimizin təmiz və saz vəziyyətdə qalması üçün biz çox çalışırıq. Bəs bunu necə edirik?

Bu iş necə təşkil olunub?

 İbadət evinin qulluğundan ondan istifadə edən yığıncaqlar məsuliyyət daşıyır. Bacı-qardaşlar müntəzəm olaraq oranı təmizləyir, profilaktik işlər görür və kiçik təmir işləri aparır.

 Yerli layihə-inşaat şöbəsi ibadət evlərinin qulluğuna kömək etmək üçün yığıncaqlara təlimatçılar təyin edir. Hər bir təlimatçı altı-on arası ibadət evinə nəzarət edir. Təlimatçı ibadət evlərini ziyarət edir və oradakı bacı-qardaşlara ona qulluq etmək üzrə təlim keçir. Hər üç ildən bir o, hər bir binanın vəziyyətini qiymətləndirir və təhlükə yarada bilən və təmirə ehtiyacı olan yerləri müəyyən edir.

Tikinti təlimatçıları ibadət evlərimizi yaxşı vəziyyətdə saxlamağa kömək edir

 Bacı-qardaşlarımız təlimatçıların keçdiyi təlimə görə çox minnətdardırlar. Hindistandan olan İndyumati bacı bölüşür: «Təlim möhtəşəm idi. İbadət evimizi yaxşı vəziyyətdə saxlamağı öyrənmək maraqlı idi». Keniyadan olan Evans qardaş belə deyir: «Kiçik problemin böyüməsinin qarşısını almaqla maddi cəhətdən qənaət etməyi öyrəndik».

Xərclərin qarşılanması

 İbadət evindən istifadə edən yığıncaqların sayından, onun tikildiyi ildən və yerləşdiyi ərazidən asılı olaraq, illik xərclər minlərlə dollara a kimi çata bilər. Bu xərclər necə qarşılanır?

 İbadət evinin qulluğu könüllü ianələr hesabına qarşılanır. Qazaxıstandan olan Aleksandr qardaş izah edir: «İanələrin bir qismi internet, su və elektrik kimi kommunal xərclərə gedir. Digər qismi isə kağız dəsmallar, əlcək, təmizlik vasitələri və boya üçün xərclənir». Qalan məbləğ isə digər ölkələrdə daha böyük layihələrimizin xərclərinin qarşılanmasına kömək etmək üçün ümumdünya işinə ianə edilir.

Böyük layihələr

 Əgər ibadət evinin təmir xərci iki-üç aylıq xərclərdən artıq olarsa, ağsaqqallar YLİŞ-nin təlimatçısı ilə məsləhətləşməlidir. Əgər YLİŞ layihəni təsdiqləsə, xərclər ümumdünya işinə edilən ianələrdən qarşılanacaq. 2023-cü xidmət ili ərzində ümumi dəyəri 76.6 milyon dollar olan 8793 belə layihə tamamlanıb.

 Anqolada 15 illik bir ibadət evinin bir neçə problemi var idi. Elektrik xəttinin istismar müddəti artıq başa çatmışdı, divarları çat vermişdi və qonşular şikayət edirdilər ki, evlərini su basır. YLİŞ bu problemləri həll etmək üçün layihə hazırladı. Layihə 9285 dollara başa gəldi. Qonşular minnətdarlıqlarını bildirdilər və bu işlərin gedişatı onları heyran etdi.

Anqolada təmir edilmiş ibadət evi

 Polşada bir ibadət evinin damı su buraxırdı və kovrolit yararsız hala düşmüşdü. YLİŞ damın təmirinə və kovrolitin dəyişilməsinə razılıq verdi. Layihə 9757 dollara başa gəldi. Nəticədə, bu ibadət evində yaxın bir neçə il ərzində ciddi təmirə ehtiyac olmayacaq.

Polşada ibadət evində təmir işləri aparılır

Yehovanın adını ucaldan təmir işi

 Təmir-bərpa işləri nəinki ianələrə qənaət edir, həmçinin Allahın adını ucaldır. Tonqadan olan Şon qardaş deyir: «Təmir işləri sayəsində biz Yehovaya təmiz və səliqəli yerdə ibadət edə bilirik. Bu cür gözəl şəraitli ibadət evləri Yehovanın adını ucaldır və insanları ora ürəklə dəvət edirik».

Necə kömək edə bilərsiniz?

 İbadət etdiyimiz yeri hər birimiz təmiz və yaxşı vəziyyətdə saxlamağa kömək edə bilərik. Avstraliyadan olan Marino adlı təlimatçı deyir: «İbadət evinin qulluğunda hər birimizin payı ola bilər. Belə etdikdə, biz ianə olunan pullara qənaət edirik və onların daha çox ehtiyac duyulan yerlərə xərclənməsinə imkan yaradırıq».

 Hindistandan olan Coel adlı qardaş ibadət evinin təmir-bərpa işlərində iştirak etməkdən zövq alır. O deyir: «Dindaşlarımla birgə çalışanda özümü yeni dünyada hiss edirəm». Yuxarıda adı çəkilən Nikol bölüşür: «Bu yaxınlarda qardaşlar ayaqyolunda yaranan su sızmasını aradan qaldıranda mən yeri silirdim. Problemin həll olunmasında mənim əlim olmasa da, baş verə biləcək təhlükənin qarşısını almağa kömək etdim».

 İbadət evinizin təmir-bərpa işində kömək etmək istəyirsinizsə, yerli ağsaqqallarla bu barədə danışın. Bundan əlavə, könüllü ianələriniz nəinki sizin ibadət evinizin təmirinə, həmçinin bütün dünyadakı ibadət evlərinin təmirinə xərclənir. İanəni ibadət evlərində olan ianə qutularına ata və ya donate.pr418.com saytından edə bilərsiniz. Səxavətinizə görə sizə ürəkdən minnətdarıq.

İbadət evlərimizin qayğısına qalmaq hər birimizin öhdəsinə düşür

a Bu məqalədə bütün məbləğlər ABŞ dolları ilə göstərilib.