Kontentə keç

Mündəricatı göstər

Qədim möhürlər

Qədim möhürlər

 Möhürlər, adətən, gil və ya mum üzərində nişanə qoymaq üçün istifadə olunan balaca, oyulmuş vasitələr idi. Möhürlər konus, dörbucaq, silindr, hətta heyvan başı da daxil olmaqla, müxtəlif formalarda hazırlanırdı. Möhür nişanələri mülkiyyətçiliyi və ya bir sənədin doğruluğunu göstərirdi. Onlar qapılara və sərdabə girişlərinə qoyulurdu ki, başqaları daxil olmasın.

Fars şahı I Daranın ovçuluq etməsinə dair silindrşəkilli möhürü və bu möhürün üzərindəki gil izlər

 Möhürlər sümük, əhəngdaşı, metal, yarı qiymətli daş, ağac və s. kimi müxtəlif materiallardan hazırlanırdı. Bəzən möhürlərin üzərinə sahibkarın və onun atasının adı həkk olunurdu. Bəzi möhürlər sahibkarın rütbəsini göstərirdi.

 Bir sənədin etibarlı olduğunu sübut etmək üçün möhürün sahibi öz qravürasını gil, mum və ya sənədə bərkidilmiş digər yumşaq maddəyə həkk edirdi (Əyyub 38:14). Bu maddə daha sonra sərtləşdirilir və kiminsə sənədə müdaxilə etməsinin qarşısını alırdı.

Möhürlər səlahiyyət vermək üçün istifadə edilirdi

 Bir insan öz möhürünü başqa insana verə bilərdi, bununla, həmin insan möhür sahibinin səlahiyyətinə yiyələnirdi. Buna qədim Misirin fironu və qəbilə başçısı Yaqubun oğlu ibrani Yusifi misal gətirmək olar. Yusif Misirdə qul idi. Daha sonra o, ədalətsizcəsinə dustaq edilmişdi. Bir müddət sonra firon onu azadlığa buraxmış və özündən sonra ikinci adam vəzifəsinə yüksəltmişdi. Müqəddəs Kitabda deyilir: «Firon möhür üzüyünü barmağından çıxarıb Yusifin barmağına taxdı» (Yaradılış 41:42). Bu üzük rəsmi möhür olduğu üçün Yusifin artıq vacib işləri yerinə yetirmək səlahiyyəti var idi.

 Qədim İsrailin məlikəsi İzəbil Nabut adlı adamı qətlə yetirmək üçün ərinin möhüründən istifadə etmişdi. O, Əhəb padşahın adından müəyyən ağsaqqallara məktub yazıb onlara buyurmuşdu ki, Nabutu Allahı lənətləməkdə günahlandırsınlar. O, məktubları padşahın möhürü ilə möhürləmiş və öz mənfur planının baş tutmasına nail olmuşdu (1 Padşahlar 21:5—14).

 Fars padşahı Ahaşveroş rəsmi əmrlərini təsdiqləmək üçün möhür üzüyündən istifadə etmişdi (Əstər 3:10, 12).

 Müqəddəs Kitab yazarı Nəhəmya qeyd etmişdi ki, İsrail başçıları, lavililər və kahinlər yazılı surətdə əhd bağladıqlarını öz möhürləri ilə təsdiqləyərək göstərirdilər (Nəhəmya 1:1; 9:38).

 Müqəddəs Kitabda möhürlərin girişləri müdafiə etmək üçün istifadə olunması haqda iki hadisə qeydə alınıb. Dənyal peyğəmbər şirlər quyusuna atılanda «daş gətirib quyunun ağzına» qoymuşdular. Sonra Mada və Fars şahı Dara «Dənyalın işi ilə əlaqədar heç nə dəyişməsin deyə... özünün və əyanlarının möhür üzüyü ilə daşı» möhürləmişdi (Dənyal 6:17).

 Əleyhdarlar İsa Məsihin bədənini sərdabəyə qoyanda girişi bağlamaq üçün «sərdabənin ağzındakı daşı» möhürləmişdilər (Mətta 27:66). Müqəddəs Kitabın «Mətta» bölməsini şərh edən Deyvid Törner deyir ki, əgər bu, imperator hakimiyyəti tərəfindən rəsmi bir möhürləmə olsaydı, onda «bu möhür daş və sərdabənin girişi arasındakı çatlağa həkk edilən gil və ya mum olardı».

 Qədim möhürlər bizə keçmişi işıqlandırdığı üçün arxeoloqlar və tarixçilər onlara böyük maraq göstərirlər. Möhürlərin tədqiqi sigilloqrafiya adlanır və bu elm tədqiqatın vacib sahəsinə çevrilib.