Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitabda yəhudilərin Babilə sürgün olmaları barədə yazılanlar doğrudur?

Müqəddəs Kitabda yəhudilərin Babilə sürgün olmaları barədə yazılanlar doğrudur?

 Təxminən 2600 il əvvəl yəhudilər zorla Babilə sürgün edilmiş və haradasa 70 il orada qalmışdılar. Müqəddəs Kitaba əsasən, Allah sürgündə olan israillilərin Babildə necə yaşamaları ilə bağlı qabaqcadan demişdi: «Evlər tikib yaşayın. Bağ salıb meyvəsini yeyin. Arvad alın, oğul-qız sahibi olun... Sizi sürgün etdiyim şəhərin əmin-amanlığı üçün çalışın» (Ərəmya 29:1, 4—7). Bəs yəhudilər, həqiqətən də, belə həyat sürmüşdü?

 Tədqiqatçılar qədim Babildə və onun yaxınlığında aşkar olunan 100-dən çox gil lövhələri tədqiq ediblər. Bu lövhələr göstərir ki, sürgündə olan yəhudilərin əksəriyyəti Babil qanunlarına dinc şəkildə tabe olarkən öz mədəniyyətlərini və dini baxışlarını qoruyub saxlamışlar. E.ə. 572—477-ci illərə aid olan bu lövhələrə icarə müqavilələri, ticarət layihələri, borc öhdəlikləri və digər maliyyə sənədləri daxil idi. Bir rəy məktubunda deyilir: «Bu sənədlər sübut edir ki, sürgündə olan insanlar kənd şəraitində yaşayan adi insanlar idi: onlar torpaq şumlayır, evlər tikir, vergiləri ödəyir və padşaha müxtəlif xidmətlər icra edirdilər».

Yəhudilərin şəhərinə aid olan mixi lövhə

 Bu önəmli sənəd toplusu həmçinin göstərir ki, yəhudilərin şəhəri olan Əl-Yəhudiyyədə böyük yəhudi icması yaşayırdı. Bir yəhudi ailəsinin üzvlərinin dörd nəslinin adları bu lövhələrdə qeyd edilib, onlardan bəziləri qədim ibrani hərfləri ilə yazılıb. Lövhələr tapılmamışdan əvvəl alimlər Babildə sürgündə olan yəhudilərin yaşayışı haqqında çox az şey bilirdilər. İsrailin Antik İşlər üzrə İdarəsinin heyət üzvlərindən biri Dr.Filip Vukosavoviç deyir: «Nəhayət, bu lövhələri oxumaqla biz sürgündə olan yəhudilər haqda daha çox şey öyrəndik, onların adları ilə tanış olduq, harada yaşayıblar, nə vaxt yaşayıblar və nə ediblər».

Sürgündə olan yəhudilər Babildə dinc şəraitdə yaşayırdılar

 Sürgündə olan yəhudilər istənilən əraziyə köçmək azadlığına sahib idilər. Dr.Filip deyir ki, onlar «yalnız Əl-Yəhudiyyədə yox, həmçinin çoxlu başqa şəhərlərdə də» yaşamışdılar. Bəziləri müxtəlif ticarət sahələrində bacarıqlarını təkmilləşdirmiş və Yerusəlimin bərpasında bu bacarıqlarından istifadə etmişdilər (Nəhəmya 3:8, 31, 32). Əl-Yəhudiyyə lövhələri həmçinin təsdiqləyir ki, çoxlu yəhudilər sürgün müddətləri bitəndən sonra da Babildə qalmaq istəmişlər. Deməli, Allahın Kəlamında yazıldığı kimi yəhudilər, həqiqətən də, Babildə dinc şəraitdə yaşayırdılar.