Korinflilərə ikinci məktub 9:1—15

  • Yardım hansı niyyətlə edilməlidir (1—15)

    • Allah sevinclə verəni sevir (7)

9  O ki qaldı müqəddəslərə xidmət məsələsinə,+ məncə, bu haqda sizə yazmağa ehtiyac yoxdur.  Çünki hazır olduğunuzu bilirəm və artıq bir ildir ki, Axayyanın köməyə hazır olduğunu deyib makedoniyalıların qarşısında öyünürəm. Sizin şövqünüz onların əksəriyyətini həvəsləndirib.  Bununla belə, qardaşları yanınıza göndərirəm. Belə ki, sizinlə öyünməyimiz əbəs olmasın və siz, həqiqətən də, hazır olasınız, çünki sizin hazır olduğunuzu demişəm.  İşdir, makedoniyalılar mənimlə gəlib sizin hazır olmadığınızı görsələr, onda siz də, biz də bu arxayınlığımıza görə xəcalətli olarıq.  Ona görə də lazım bildim ki, qardaşları qabaqcadan yanınıza gəlməyə və daha əvvəl vəd etdiyiniz səxavətli bəxşişləri hazırlamağa təşviq edim. Bundan aydın olacaq ki, hazırladığınız bu bəxşişi məcburən yox, əliaçıqlıqla verirsiniz.  Bunu da deyim ki, simicliklə əkən az biçər, səxavətlə əkən isə bol-bol biçər.+  Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin,+ axı Allah gülərüzlə verəni sevir.+  Üstəlik, Allah Öz lütfünü sizə bol-bol verməyə qadirdir. Buna görə də korluq çəkməyəcəksiniz, hər yaxşı işi görmək üçün lazım olan şeyləriniz bol olacaq.+  (Axı yazılıb: «Səxavətlə paylayır, yoxsullara verir. Salehliyi əbədi durar».+ 10  Əkənə toxumu, yeyənə çörəyi bolluca verən Allah sizə də əkməyə bolluca toxum verəcək və sizdə salehlik bəhrəsini çoxaldacaq.) 11  Allah sizə bolluca bərəkət verir ki, hər sahədə əliaçıq olasınız. Bizim vasitəmizlə bəxşişlərinizi alanlar isə Allaha şükür edəcəklər. 12  Sizin etdiyiniz bu yardım xidməti sayəsində həm müqəddəslərin ehtiyacları tam ödənəcək,+ həm də çoxları Allaha şükürlər oxuyacaq. 13  Onlar Allahı mədh edəcəklər, çünki sizin etdiyiniz yardım sübut edəcək ki, siz Məsih haqqında təbliğ etdiyiniz müjdəyə tabe olur, onlara və hər kəsə səxavətlə bəxşiş verirsiniz.+ 14  Allah sizə hədsiz lütf göstərdiyi üçün onlar sizi sevib, sizdən ötrü hərarətlə dua edəcəklər. 15  Bu füsunkar ənam üçün Allaha şükürlər olsun!

Haşiyələr