Kontentə keç

Mündəricatı göstər

Bu dərdə necə dözmək olar?

Bu dərdə necə dözmək olar?

ATASININ ölümünü xatırlayaraq Mayk belə deyir: «Həmin vaxt özümü sıxırdım ki, hisslərimi büruzə verməyim». Maykın fikrincə, kişi öz kədərini üzə vurmamalıdır. Ancaq sonralar o yanıldığını başa ­düşdü. Buna görə də dostunun babası öləndə Mayk nə etmək lazım gəldiyini artıq bilirdi. O deyir: «Bir neçə il bundan əvvəl olsaydı, dostumun kürəyinə vurub: “Kişi ol”, — deyərdim. Lakin indi mən onun əlindən tutub dedim: “Hisslərini boğmağa çalışma. Bunun sənə heç bir köməyi dəyməyəcək. Mənim getməyimi istəyirsənsə, gedərəm, yox əgər istəmirsənsə, qalaram. Ancaq hisslərini büruzə verməkdən çəkinmə”».

Mari-An da əri öləndə hisslərini boğmağa çalışırdı. O yadına salır: «Başqalarına yaxşı nümunə olmaq mənim üçün elə vacib idi ki, yaşamalı olduğum hissləri içimdə boğurdum. Amma axırda başa düşdüm ki, güclü görünməyə çalışmaqla özümə ziyan edirəm. Düşdüyüm vəziyyəti götür-qoy etdim və özümə dedim: “Ağlamaq istəyirsənsə, ağla. Həddən artıq güclü olmağa çalışma. Ürəyini boşalt ki, rahatlaşasan”».

Həm Mayk, həm də Mari-An məsləhət görür: «Kədərinizi gizlətməyin!» Onlar haqlıdırlar. Nə üçün? Çünki emosional cəhətdən sakitləşmək üçün kədərlənmək vacib amildir. Hissləri büruzə vermək daxili gərginliyi aradan qaldırmağa kömək edir. Hisslərin düzgün şəkildə ifadə olunması üçün bunu təbii, eləcə də anlayış və ağılla etmək lazımdır.

Əlbəttə, hamı öz kədərini eyni cür təzahür etdirmir. Həmçinin doğma insanın qəflətən, yoxsa uzun xəstəlikdən sonra ölməsi kimi amillər də onun yaxınlarının keçirdiyi hisslərə təsir edir. Ancaq bir şey yəqindir: hissləri boğmaq insana həm fiziki, həm də emosional cəhətdən zərər yetirə bilər. Kədəri büruzə vermək isə daha çox fayda gətirir. Bunu necə etmək olar? Müqəddəs Yazılarda buna dair bir neçə yaxşı məsləhət var.

Ürəyi boşaltmaq üçün

Danışmağın böyük köməyi dəyə bilər. On uşağını itirdikdən, həmçinin başına başqa fəlakətlər gəldikdən sonra qədimdə yaşamış Əyyub demişdi: «Həyatımdan bezmişəm. Dərdimi açıb-tökəcəyəm, yana-yana danışacağam» (Əyyub 1:2, 18, 19; 10:1). Əyyub dərdini daha içində saxlaya bilmirdi. Ona dərdini danışmaq lazım idi. Eynilə, ingilis dramaturqu Şekspir də danışmaqla ürəyi boşaltmadıqda kədərin insana necə acı verdiyi haqda «Makbet» əsərində belə yazmışdı: «Qəlbimizi didən kədərimizi ağlayıb boşaldaq göz yaşımızla».

Beləliklə, səbir və şəfqətlə dinləyən «dost»unuzla hisslərinizi bölüşmək sizə müəyyən dərəcədə yüngüllük gətirə bilər (Məsəllər 17:17). İnsan keçirdiyi hissləri sözlərlə ifadə edəndə bu hissləri başa düşmək və onlara tab gətirmək asan olur. Əgər sizi dinləyən insan da yaxınını itiribsə və bu itkidən sonra özünə gələ bilibsə, ondan özünüz üçün faydalı məsləhət ala bilərsiniz. Uşağı ölən bir ana eyni itki ilə üzləşən başqa bir qadınla söhbətin ona nə üçün kömək etdiyi haqda belə deyir: «Başqa bir adamın da bu kimi vəziyyətlə üzləşdiyini, sağ-salamat qaldığını, baş verənlərə tab gətirib indi normal həyat sürdüyünü görmək mənə çox böyük güc verdi».

Müqəddəs Kitabdan olan nümunələr göstərir ki, hisslərinizi qələmə almaq kədərinizi ifadə etməyə kömək edə bilər

Bəs əgər siz öz hisslərinizi başqaları ilə bölüşə bilmirsinizsə, onda necə? Talutla Yonatanın ölümündən sonra Davud çox kədərli bir ağı qoşaraq ürəyini boşaltdı. Sonralar bu ağı Müqəddəs Yazıların «İkinci İşmuil» kitabına daxil edildi (2 İşmuil 1:17—27; 2 Salnamələr 35:25). Buna bənzər tərzdə, bəzilərinə keçirdikləri hissləri yazıda ifadə etmək daha asan olur. Bir dul qadın deyir ki, o, öz hisslərini vərəqə yazır, bir neçə gündən sonra isə onları təkrarən oxuyurdu. Bu, ona rahatlıq gətirirdi.

Hisslərinizi istər danışmaqla, istərsə də yazmaqla ifadə etmək kədərinizi içinizdə saxlamamağa kömək edəcək. Bunun sayəsində anlaşılmazlıqları da aradan qaldırmaq mümkün olur. Övladını itirən bir qadın izah edir: «Ərimlə mən eşitmişdik ki, bəziləri uşaqlarını itirdikdən sonra boşanmışdılar, biz isə eyni şeyin bizim də başımıza gəlməsini istəmirdik. Buna görə də hər dəfə qəzəblənəndə və bir-birimizi günahlandırmaq istəyəndə açıq söhbət edirdik. Düşünürəm ki, bu, bizi bir-birimizə daha da yaxınlaşdırdı». Beləliklə, hisslərinizi başqalarına danışsanız, başa düşəcəksiniz ki, eyni itki ilə üzləşməsinə baxmayaraq, hərə öz kədərini bir cür — özünəməxsus tərzdə yaşayır.

Ürəyi boşaltmağın digər üsulu ağlamaqdır. Müqəddəs Kitabda deyilir ki, ağlamağın öz vaxtı var (Vaiz 3:1, 4). Sözsüz ki, sevdiyimiz insan öləndə elə ağlamağın vaxtı olur. Göz yaşları axıtmaq insanın bu yaradan sağalması üçün vacib amildir.

Bir gənc qız anasının ölümünə tab gətirməkdə yaxın dostunun ona necə kömək etdiyini belə izah edir: «Dostum həmişə yanımda olurdu. O, mənimlə ağlayır, mənimlə söhbət edirdi. Öz hisslərimi ona açıq danışa bilirdim, bu isə mənim üçün çox vacib idi. Onun yanında ağlamağa da çəkinmirdim». (Romalılara 12:15 ayəsinə baxın.) Siz də göz yaşlarınızdan utanmayın. Gördüyümüz kimi, Müqəddəs Kitabda, İsa Məsih də daxil olmaqla, kədərlənərkən çəkinmədən ağlayan çoxlu imanlı kişi və qadınların nümunəsi var (Yaradılış 50:3; 2 İşmuil 1:11, 12; Yəhya 11:33, 35).

Hansı xalqa mənsub olmasından asılı olmayaraq, itki ilə üzləşən hər kəsin təsəlliyə ehtiyacı var

Ola bilsin, bir müddət emosional vəziyyətiniz dəyişkən olacaq. Heç gözləmədiyiniz bir halda gözlərinizdən yaş axa bilər. Bir dul qadın mağazada alış-veriş edərkən (bu işi o, əvvəllər əri ilə edərdi), xüsusilə də vərdiş etdiyi üçün ərinin sevdiyi şeylərə əl atarkən özünü saxlaya bilməyib ağlayırdı. Özünüzə qarşı səbirli olun. Göz yaşlarınızı saxlamalı olduğunuzu düşünməyin. Yadda saxlayın ki, kədərli olanda ağlamaq təbii haldır, üstəlik, bu vacibdir.

Özünüzü günahkar hiss edəndə

Artıq qeyd edildiyi kimi, əzizləri vəfat edəndə bəzi insanlar özlərini günahkar hiss edirlər. Beləliklə, Yaquba oğlu Yusifi vəhşi heyvanın parçaladığı deyiləndə onun nə üçün şiddətli kədər hissi keçirdiyini başa düşmək olar. Yusifi qardaşlarından xəbər tutmağa Yaqub özü göndərmişdi. Buna görə də, ehtimal ki: «Nə üçün Yusifi tək göndərdim? Niyə onu vəhşi heyvanlarla dolu olan yerə göndərdim?» — deyə Yaqub özünü qınayırdı (Yaradılış 37:33—35).

Bəlkə də, sizə elə gəlir ki, öz tərəfinizdən göstərdiyiniz etinasızlıqla əziz adamınızın ölümünə bais olmusunuz. Əsaslı, yaxud əsassız olmasından asılı olmayaraq, özünü günahlandırmağın təbii hiss olduğunu bilməyin də köməyi dəyir. Yenə də, bu cür hissləri içinizdə saxlamayın. Özünüzü günahkar hiss etdiyiniz barədə başqalarına danışsanız, yüngüllük tapacaqsınız.

Başa düşün ki, insanı nə qədər çox sevməyimizdən asılı olmayaraq, biz nə onun həyatına nəzarət edə bilərik, nə də onu vaxt və təsadüfdən qoruya bilərik (Vaiz 9:11). Bundan əlavə, şübhəsiz ki, sizin niyyətiniz pis olmayıb. Məsələn, sevdiyiniz insanı həkimə vaxtında aparmamaqla onun xəstələnib ölməsinimi istəyirdiniz? Əlbəttə, yox! Belə isə, onun ölümündə günahkarsınızmı? Xeyr.

Qızı avtomobil qəzasında həlak olan bir ana bu hissin öhdəsindən gəlməyi öyrəndi. O deyir: «Onu iş dalınca göndərdiyim üçün özümü günahkar hiss edirdim. Lakin tezliklə başa düşdüm ki, bu cür fikirləşmək gülməlidir. Onu atası ilə birlikdə iş dalınca göndərməkdə pis bir şey yox idi. Bu, sadəcə bədbəxt hadisə idi».

Ola bilsin, fikirləşirsiniz: «Ona demək istədiyim və ya onun üçün etmək istədiyim o qədər şey qaldı ki». Bu düzdür. Lakin bizlərdən kim kamil ata, ana və ya uşaq olduğunu deyə bilər? Müqəddəs Kitab bizə xatırladır: «Hər birimiz dəfələrlə səhv edirik. Sözündə səhvə yol verməyən kamil insandır» (Yaqub 3:2; Romalılara 5:12). Beləliklə, kamil olmadığınızla barışın. «Kaş ki, kaş ki» deməklə, heç nəyi dəyişməyəcəksiniz, əksinə, bu, sizin özünüzə gəlməyinizə mane olacaq.

Əgər özünüzü günahlandırmağa əsaslı səbəbləriniz varsa, o zaman ən vacib bir şeyi — Allahın bağışlayan olduğunu yadınıza salın, çünki bu, vicdanınızı sakitləşdirməyə kömək edəcək. Müqəddəs Kitab bizi əmin edir: «Ey Yah [Yehova Allah], ancaq səhvlərimizi görsəydin, kim dayana bilərdi, ey Yehova? Sən həqiqətən bağışlayansan» (Zəbur 130:3, 4). Keçmişi qaytarıb nəyisə dəyişmək qeyri-mümkündür. Amma keçmiş səhvlərinizə görə Allaha yalvarıb əfv diləyə bilərsiniz. Bəs sonra? Əgər Allah günahlarınızı bağışlayacağını vəd edirsə, siz də özünüzü bağışlamalı deyilsinizmi? (Məsəllər 28:13; 1 Yəhya 1:9).

Qəzəblənəndə

Ola bilsin, siz həkimlərə, tibb bacılarına, dostlara və hətta ölən adamın özünə də qəzəblənirsiniz. Başa düşün ki, itki üz verəndə kədərlənməklə yanaşı qəzəblənmək də təbii haldır. Bir yazıçı demişdir: «Qəzəblənib hərəkət etməklə yox, qəzəbin mövcud olduğunu dərk etməklə, onun acı nəticələrindən özünüzü qoruya bilərsiniz».

Qəzəbləndiyinizi bildirməyin də faydası dəyə bilər. Hansı mənada? Sözsüz ki, bu o demək deyil ki, qəzəbi kiminsə üstünə tökmək olar. Müqəddəs Kitab uzun sürən qəzəb hissinin təhlükəli olduğu haqda xəbərdarlıq edir (Məsəllər 14:29, 30). Lakin sizi başa düşən dostunuzla bu haqda danışmaqla yüngülləşə bilərsiniz. Bəziləri isə fikir vermişlər ki, qəzəbli vaxtlarında idmanla məşğul olmaq onları sakitləşdirir. (Həmçinin Efeslilərə 4:25, 26 ayələrinə baxın.)

Hissləriniz haqda danışarkən açıq və səmimi olmaq lazım gəlsə də, bu zaman ehtiyatlı olmaq gərəkdir. Hissləri ifadə etməklə onu başqalarının üstünə tökmək arasında böyük fərq var. Qəzəbləndiyinizə və dilxor olduğunuza görə başqalarını günahlandırmaq düzgün olmazdı. Buna görə də ürəyinizi boşaldarkən diqqətli olun ki, hirsli-hirsli danışmayasınız (Məsəllər 18:21). İndi isə gəlin kədərə tab gətirməyə ən yaxşı nəyin kömək etdiyini araşdıraq.

Allahın təqdim etdiyi kömək

Müqəddəs Kitab bizi əmin edir: «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəbur 34:18). Bəli, sevdiyimiz insanın ölümünə tab gətirməyə hər şeydən çox Allahla olan münasibətlərimiz kömək edə bilər. Necə? Yuxarıdakı məsləhətlərin hamısı Allahın Kəlamı olan Müqəddəs Kitaba əsaslanır və ya ona müvafiqdir. Onlara riayət etmək sizə kədərinizə tab gətirməyə kömək edəcək.

Bundan əlavə, dua etməyin nə qədər dəyərli olduğunu da unutmayın. Müqəddəs Kitab bizi təşviq edir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22). Əgər şəfqətli dostla öz hissləriniz haqqında danışmaq sizə kömək edə bilərsə, təsəvvür edin, hər cür təsəlli verən Allaha ürəyinizi boşaltmağın nə qədər köməyi dəyəcək! (2 Korinflilərə 1:3).

Bu o demək deyil ki, bizə sakitlik gətirən sadəcə duadır. «Duaları eşidən» vəd edir ki, sidqi-ürəkdən diləyən xidmətçilərinə müqəddəs ruh verəcək (Zəbur 65:2; Luka 11:13). Allahın müqəddəs ruhu və ya fəal qüvvəsi isə yaşamağa davam etmək üçün bizə ən üstün qüdrəti verə bilər (2 Korinflilərə 4:7). Unutmayın: Allah üzləşdikləri hər bir problemə tab gətirmək üçün Öz sadiq xidmətçilərinə kömək edə bilər.

Uşağını itirən bir qadın duanın ona və yoldaşına itkiyə dözməyə necə kömək etdiyini xatırlayır: «Gecələr evdə tək qalıb kədərdən boğulanda biz birlikdə ucadan dua edirdik. İlk dəfə hər şeyi onsuz etməli olanda — yığıncaq görüşünə, toplantıya gedəndə güc almaq üçün dua edirdik. Səhərlər yuxudan ayılarkən gerçəkliklə barışmaq üçün Yehovadan kömək diləyirdik. Mənim üçün evə tək girmək çox çətin idi. Buna görə də hər dəfə evə tək gələndə Yehovaya dua edib özümü ələ almaq üçün kömək istəyirdim». Həmin imanlı qadın haqlı olaraq tam əmindir ki, etdiyi duaların ona köməyi dəyirdi. Siz də görəcəksiniz ki, israrla etdiyiniz dualara cavab olaraq Allahın hər cür ağıldan üstün olan sülhü ürəklərinizi və düşüncələrinizi qoruyacaq (Filippililərə 4:6, 7; Romalılara 12:12).

Allahın təqdim etdiyi köməyin bizə, həqiqətən də, faydası var. Həvari Bulusun sözlərinə görə, Allah bizə hər sıxıntımızda təsəlli verir ki, biz də hər cür sıxıntı içində olanlara təsəlli verə bilək. Düzdür, Allahın təqdim etdiyi kömək bizi qəlb ağrısından azad etməyəcək, amma ona tab gətirməyə kömək edəcək. Bu o demək deyil ki, siz daha ağlamayacaq və ya ölən əzizinizi unudacaqsınız. Lakin bu köməyin sayəsində, sizin emosional vəziyyətiniz yaxşılaşmağa doğru gedəcək. Həmçinin yaşadıqlarınızın sayəsində bu kimi itki ilə üzləşən insanlara qarşı daha anlayışlı və şəfqətli olacaqsınız (2 Korinflilərə 1:4).