Kontentə keç

Mündəricatı göstər

Bacı-qardaşların ev-eşikləri darmadağın edilsə də, onların Yehovaya sədaqəti sarsılmadı

GÜRCÜSTAN | 1998—2006

Hədə-qorxular onları sarsıtmadı

Hədə-qorxular onları sarsıtmadı

Təqiblərə baxmayaraq, bacı-qardaşlar ibadət üçün birgə yığışmağa davam edirdilər. Ağsaqqallar təbliğçiləri qorumaq üçün qabaqcadan tədbirlər görürdülər. Bu illər ərzində Kanadadan olan Andre Karbono qardaş bacı-qardaşları bir hüquqşünas kimi müdafiə etmişdi. O deyir: «Görüş zamanı həmişə bir qardaş əlində telefon çöldə dururdu. O, kütlənin yaxınlaşdığını görən kimi ağsaqqallara zəng edib xəbər verirdi».

Əleyhdarlar Şamoyan ailəsinin evini (solda) və ədəbiyyatların saxlandığı anbarı yandırmışdılar (sağda)

Yığıncağa hücum olardısa, iki filial nümayəndəsi dərhal bacı-qardaşlara baş çəkib onları möhkəmləndirirdi. Andre qardaş deyir: «Maraqlıdır ki, filial nümayəndələri yığıncağa baş çəkəndə bacı-qardaşların gülərüz və xoşbəxt olduğunu görürdülər».

Qardaşlar məhkəmə zalının həm içində, həm də çölündə təqibə məruz qalırdılar

Müqəddəs Kitabı öyrənənlər də daxil olmaqla, birbaşa hücuma məruz qalmayanlar da eyni əhval-ruhiyyəni təzahür etdirirdilər. Təbliğçi olmaq istəyən bir qadının sözləri hələ də Andre qardaşın yadındadır. O demişdi: «Televizorda bu hücumları izləyərkən saxta məsihilərlə əsl məsihilər arasında fərqi aydın görürəm. Mən əsl məsihi olmaq istəyirəm».

Dindaşlarını cəsarətlə müdafiə edirlər

Bu çətin illər ərzində təbliğçilər müjdəçilik işində fəal olmaqla əsl iman və cəsarət nümunəsi qoydular. Məhkəmələrdə dindaşlarını müdafiə edən qardaşlar da böyük iman göstərdilər.

Kütləvi informasiya vasitələrində Yehovanın Şahidlərinin adına qara yaxılırdı: guya onlar ailələri dağıdır, tibbi müalicədən imtina edir və hökumətə qarşı qalxırlar. O dövrdə Yehovanın Şahidlərinin vəkili olan insan öz işini və ad-sanını riskə atırdı.

Birləşmiş Ştatların hüquq şöbəsində çalışan qardaşlar dindaşlarını məhkəmədə cəsarətlə müdafiə etdilər

Həmin illərdə Gürcüstandakı Yehovanın Şahidlərinə kömək edən vəkillərdən biri Kanada filialında xidmət edən Con Born qardaş idi. O xatırlayır: «Vəkil olan yerli bacı-qardaşlar dindaşlarına canla-başla kömək edirdilər. Onlar məhkəmələrdə bacı-qardaşları cəsarətlə müdafiə edirdilər və Yehovanın Şahidi olduqlarını deməyə utanmırdılar, baxmayaraq ki, buna görə işlərini itirə bilərdilər». Bu cəsarətli bacı-qardaşlar «müjdənin müdafiəsində və qanuni tanınmasında» böyük töhfələr veriblər (Filip. 1:7).

Gürcü xalqı zorakılığa qarşı çıxır

Həmin vaxtlarda Yehovanın Şahidlərinə qarşı zorakılıq aktları davam edirdi. 2001-ci ilin yanvarın 8-i Yehovanın Şahidləri prezidentə ərizə ilə müraciət edib xahiş etdilər ki, Gürcüstan vətəndaşlarının hücumlardan qorunması təmin edilsin və hücum edən şəxslər məsuliyyətə cəlb olunsun.

Con qardaş şikayətnamənin yazılma səbəbini belə izah edir: «Biz bununla göstərmək istəyirdik ki, Gürcüstanda Yehovanın Şahidlərinə qarşı edilən zorakılığa xalq da pis baxır və bu işin arxasında bir qrup dini fanat dayanıb».

İki həftənin içində Gürcüstanın dörd bir yanından əksəriyyəti pravoslav olan 133 375 nəfər şikayətnaməyə qol çəkdi. Ərizənin prezident Şevardnadzeyə təqdim olunmasına rəğmən zorakı hərəkətlərlə bağlı heç bir tədbir görülmədi. Dini fanatlar Yehovanın Şahidlərini təqib etməyə davam edirdilər.

Gürcüstanda minlərlə insan Yehovanın Şahidlərinə qarşı zorakılığa etiraz əlaməti olaraq şikayətnaməyə qol çəkdi

Yehova isə bərəkətini xalqından əsirgəmirdi. Dini fanatlar Allahın xalqına maneçilik yaratsa da, Yehova səmimi qəlbli insanları yalan dindən çıxarırdı.

Yalan dinin buxovundan qurtuluş

Babilina Xaratişvili gürcü pravoslav kilsəsinin üzvü olub. Otuz yaşında o, şəhərbəşəhər, kəndbəkənd gəzərək müqəddəslərə ibadət etməyi insanlara öyrədirdi.

Amma Babilina Allah haqqında daha çox öyrənmək arzusunda idi. Buna görə də o, gürcü pravoslav seminarında mühazirələrə qulaq asmağa başlayır. Bir dəfə keşiş seminara gələnlərə «Əbədi həyata aparan bilik» kitabını göstərdi və təşviq etdi ki, kitabı əldə etmək üçün Yehovanın Şahidlərinə müraciət etsinlər. O, onlara dedi: «Bu kitab sizə Müqəddəs Kitab haqqında daha çox şey öyrədə bilər».

Babilina bunu eşidəndə təəccübləndi. O, həmişə Yehovanın Şahidlərindən yan gəzirdi. İndi isə keşiş onların kitabını oxumağı məsləhət görür! Babilina öz-özünə dedi: «Əgər mən Allah haqqında Yehovanın Şahidlərindən öyrənməliyəmsə, onda burada nə işim var?» O, dərhal Poti şəhərindəki Yehovanın Şahidləri ilə əlaqə saxladı və Müqəddəs Kitabı öyrənməyə başladı.

Müqəddəs Kitabdan öyrəndikləri onu həyatında mühüm dəyişikliklər etməyə təşviq etdi. Babilina deyir: «Müqəddəs Kitabdan oxuyanda ki, ikonalara sitayiş etmək düzgün deyil, bütpərəstliklə bağlı olan hər şeydən uzaq durdum. Düzgün davrandığıma əmin idim». 70 yaşı olanda Babilina Yehovanın Şahidi oldu.

Babilina nəvəsi İzabelaya Allahın Kəlamında yazılanlar haqda danışırdı

Əfsuslar olsun ki, 2001-ci ildə Babilina bacı xəstələnib vəfat etdi. Lakin onun ölümündən sonra nəvəsi İzabela vəftiz oldu və hal-hazırda Yehovaya xidmət edir.

O, rahibə olmaq istəyirdi

Eliso Zidzişvili rahibə olmaq istəyəndə 28 yaşı var idi. Onun yaşadığı Tkibuli şəhərində monastır yox idi, buna görə o, 2001-ci ildə Tbilisiyə köçür. Ancaq monastırda boş yerlər olmadığı üçün Eliso müvəqqəti olaraq müəllimə kimi işləməyə başlayır. Təsadüfdən Nunu adlı bir Yehovanın Şahidinin qızı onun şagirdi olur.

Eliso xatırlayır: «Biz tez-tez Müqəddəs Kitab barədə söhbət edirdik. Mən sərt şəkildə pravoslav dinini müdafiə edirdim, Nunu isə mənə səbirlə cürbəcür ayələr oxuyurdu. Bir dəfə o, “Allah bizdən nə tələb edir?” adlı broşürü birlikdə oxumağı təklif etdi. Biz abzasları oxuyub orada gətirilən ayələri Müqəddəs Kitabdan açırdıq. Oxuduqca başa düşdüm ki, ikonalara sitayiş etməklə birbaşa Allahın qanununu pozuram».

Sonra Eliso kilsəyə gedib keşişə bəzi suallar verdi. Keşişin verdiyi cavablardan Eliso başa düşdü ki, kilsə təlimləri Müqəddəs Kitaba əsaslanmayıb (Mark 7:7, 8). Beləcə, o Yehovanın Şahidlərindən öyrəndiklərinin həqiqət olduğuna əmin oldu. Eliso dərhal Müqəddəs Kitabı öyrənməyə başladı və vəftiz oldu.

Rahibə olmaq istəyən Eliso Zidzişvili (solda) və Nunu Kopaliani (sağda)

Təqiblərə rəğmən ibadət evləri tikilir

2001-ci ildə ibadət evlərinin tikintisinə böyük ehtiyac yarandı. Bir hesablamaya əsasən, təxminən 70 ibadət evi tikilməli idi. Ölkədə həmin vaxt təqiblər tüğyan etsə də, ibadət evlərinin tikintisi proqramı təşkil olundu (Üzr. 3:3).

İlk layihə Tbilisidə başladı. Tikinti heyəti bir neçə yığıncağın görüşlər keçirdiyi binanı təmir etdi. Bundan sonra daha iki layihə başladı: biri Tbilisidə, biri də Çiaturada (qərbi Gürcüstan).

Tbilisidəki köhnə ibadət evinin (solda) yerində yenisi tikilir (sağda)

Çiaturadakı tikinti layihəsində çalışmış Tamazi Xutsişvili xatırlayır: «Aramızdan on beş nəfər həftənin hər gününü işləyirdi. Üstündən çox keçməmiş hamı xəbər tutdu ki, biz burada ibadət evi tikirik. Qulağımıza çatmışdı ki, əleyhdarlarımız gəlib tikdiyimiz binanı dağıtmaq istəyirlər».

Belə bir vəziyyətdə qardaşlar tikintini başa çatdıra bildilər? Tamazi qardaş izah edir: «Biz tikintini dayandırmadıq və ibadət evini üç aya tikib qurtardıq. Hədə-qorxulara rəğmən, heç kim gəlib mane olmadı» *.

Səbirsizliklə gözlənilən azadlıq

Pravoslav kilsəsinin fanatik üzvləri və onların başçısı Vasili Mkalavişvili dəmir barmaqlıqlar arxasında

2003-cü ilin oktyabr ayında Samtredia şəhərində yeni tikinti layihəsi başladı. Dini fanatlar bu dəfə də qardaşlara hədə-qorxu gəldilər. Binanın divarları təzəcə hörülmüşdü. Sement heç qurumamış əleyhdarlar gəlib divarı uçurtdular.

Bununla belə, 2003-cü ilin noyabr ayında Gürcüstanda baş verən bir dəyişiklik bacı-qardaşların xeyrinə oldu. Hökumətin dəyişməsi dini tolerantlığa yol açdı. Nəticədə, Yehovanın Şahidlərinə hücum edən pravoslav dininin fanatik üzvlərindən bir neçəsi həbs olundu.

Allahın xalqının üzərinə nemətlər yağır

Təqiblər qurtarar qurtarmaz, Yehovanın xalqının üzərinə bol-bol nemətlər yağdı. 2004-cü ildə keçirilən vilayət toplantısında gürcü dilində «Yunanca Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi» işıq üzü gördü.

2006-cı ildə keçirilən «Qurtuluş yaxındır!» adlı vilayət toplantısında isə növbəti unudulmaz hadisə baş verdi. Toplantıya gələnlər Rəhbərlik Şurasının üzvü Cefri Cekson qardaşın çıxış edəcəyini eşidəndə qulaqlarına inana bilmədilər! Qardaş Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin tam şəkildə gürcü dilində çıxdığını elan edəndə isə bacı-qardaşların sevinci yerə göyə sığmadı!

2006-cı ildə gürcü dilində çıxan «Yeni Dünya Tərcüməsi»

Toplantıya gələnlər göz yaşlarını saxlaya bilmirdilər. Onların ürəyi minnətdarlıqla dolu idi. Bir bacı demişdi: «Müqəddəs Kitabı əlimə alanda necə sevindiyimi sözlə ifadə edə bilmərəm... Bu, həqiqətən də, tarixi hadisə idi». 17 000 insanın dinlədiyi bu toplantı Gürcüstandakı Yehovanın Şahidlərinin tarixində dönüş nöqtəsi oldu!

^ abz. 29 2001—2003 illərdə Gürcüstanda yeddi ibadət evi tikilib.