Kontentə keç

Mündəricatı göstər

İNDONEZİYA

Qorxmaz öncül

Andre Eliyas

Qorxmaz öncül
  • DOĞUM TARİXİ: 1915

  • VƏFTİZ TARİXİ: 1940

  • QISA MƏLUMAT: Dəfələrlə sorğu-suala və hədələrə sinə gərən qorxmaz öncül.

İKİNCİ dünya müharibəsi zamanı Andre qardaş və onun həyat yoldaşı Cozefina məmurların qarşısında ifadə vermək üçün Sukabumidə (Qərbi Yava) zəhmli yapon hərbi polisi kempetayın baş idarəsinə çağırıldılar. Əvvəlcə Andre qardaş dindirildi. Onu sual atəşinə tutdular:

— Yehovanın Şahidləri kimdir? Sən yapon hökumətinə qarşısan? Casussan?

— Biz Külli-İxtiyar Allahın xidmətçiləriyik və səhv bir iş tutmamışıq, — deyə Andre cavab verdi.

Komandir dərhal divardan samuray qılıncını çəkib hazır vəziyyətdə əlində tutaraq bağırdı:

— Öldürüm səni indi?!

Andre başını stolun üstünə qoydu və ürəyində dua etdi. Uzun sükutdan sonra qəh-qəhə səsi gəldi. Məmur: «Yaman mərd adamsan!» — dedi. Sonra Cozefinanı çağırdılar. Məmur onun ifadəsinin Andrenin dedikləri ilə üst-üstə düşdüyünü görüb qışqırdı: «Siz casus zad deyilsiniz. Çıxın bayıra!»

Bunun üstündən bir neçə ay keçəndən sonra «yalançı qardaşlar» Andreni satdılar və o, həbsə düşdü (2 Kor. 11:26). O, bir neçə ay kamerasının kanalizasiya borusundan yığdığı yemək qırıntıları ilə dolandı. Buna baxmayaraq, nəzarətçilər onun imanını sındıra bilmədilər. Cozefinaya əri ilə görüşməyə icazə veriləndə Andre dəmir barmaqlar arasından pıçıldadı: «Narahat olma. Ölsəm də, qalsam da Yehovaya sədaqətimi qoruyacağam. Ölərəm, bu qapıdan satqın çıxmaram».

Altı ay həbsxanada qalandan sonra Andre Cakarta Ali Məhkəməsi qarşısında özünü müdafiə edib azadlığa buraxıldı.

Təxminən otuz il sonra İndoneziya hökuməti Yehovanın Şahidlərinin fəaliyyətini yenidən qadağan etdi. Manadodakı (Şimali Sulavesi) rayon prokuroru Andreni qəbuluna çağırıb dedi:

— Xəbərin var ki, Yehovanın Şahidlərinin fəaliyyəti qadağan olunub?

— Bəli.

— Nədir, hazırsan dinini dəyişməyə?

Andre qabağa əyilib sinəsinə vurdu, qəti və təsirli şəkildə dedi:

— Bu ürəyimi köksümdən qopara bilərsiniz, ancaq dinimi dəyişməyə məcbur edə bilməzsiniz!

Rayon prokuroru Andreni buraxdı və bir də onu narahat etmədi.

60 ilə yaxın öncül kimi canla-başla xidmət edən Andre qardaş 2000-ci ildə 85 yaşında vəfat etdi..