Kontentə keç

Mündəricatı göstər

Müqəddəs kitab həyatları dəyişir

«Onlar istəyirdilər ki, öyrəndiklərimin həqiqət olduğuna özüm əmin olum»

«Onlar istəyirdilər ki, öyrəndiklərimin həqiqət olduğuna özüm əmin olum»
  • ANADAN OLDUĞU İL: 1982

  • ÖLKƏ: DOMİNİKAN RESPUBLİKASI

  • KEÇMİŞDƏ: UŞAQLIQDAN MORMON DİNİNƏ MƏNSUB OLUB

AVTOBİOQRAFİYA.

Dominikan Respublikasının Santo-Dominqo şəhərində dünyaya göz açmışam. Ailədə üç qardaş bir bacı olmuşuq, uşaqlardan ən balacası mən idim. Valideynlərim ziyalı insanlar idi və bizi sağlam mühitdə böyütmək istəyirdilər. Mən doğulmamışdan dörd il əvvəl valideynlərim gənc mormon missionerləri ilə rastlaşmışdılar. Onların səliqəli geyimi və nəzakətliliyi valideynlərimə böyük təsir bağışladı, buna görə də onlar İsa Məsihin Axır Zaman Müqəddəslərinin Kilsəsinə, yəni Mormon kilsəsinə qoşulmaq qərarına gəldilər. Beləliklə, ailəmiz bu ölkədə həmin dini qəbul edən ilk ailələrdən biri oldu.

Uşaqlıqdan kilsədə keçirilən əyləncə tədbirlərində iştirak etmək xoşuma gəlirdi. Ailə və əxlaq dəyərlərinə qiymət verdiyi üçün kilsəyə hörmətlə yanaşırdım. Mormon olmağımla fəxr edirdim və istəyirdim ki, missioner olum.

18 yaşım olanda ailəmiz yaxşı universitetdə təhsil alım deyə ABŞ-a köçdü. Təxminən bir il sonra Yehovanın Şahidləri olan xalam və həyat yoldaşı bizə, Floridaya qonaq gəldilər. Onlar bizə özləri ilə birlikdə Müqəddəs Yazıların müzakirə ediləcəyi konqresə getməyi təklif etdilər. Orada yığışan insanların Müqəddəs Kitabdan ayələri açıb oxumaları, qeydlər aparmaları mənə dərin təsir bağışladı. Onlardan qələm-kağız istəyib, mən də qeydlər aparmağa başladım.

Xalamla əri missioner olmaq istəyimi bilirdilər. Konqresdən sonra onlar dedilər ki, Müqəddəs Kitabdan mənə bəzi şeyləri öyrənməyə kömək edə bilərlər. Bu fikir xoşuma gəldi, çünki o vaxt Müqəddəs Kitabdan çox Mormonun Kitabından məlumatım vardı.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

Hər dəfə telefon vasitəsilə Müqəddəs Yazıları araşdıranda xalamla əri məni təşviq edirdilər ki, etiqadlarımı Müqəddəs Kitab təlimləri ilə müqayisə edim. Onlar istəyirdilər ki, öyrəndiklərimin həqiqət olduğuna özüm əmin olum.

Mormonların bəzi təlimlərinə kor-koranə inanırdım və onların Müqəddəs Yazılara uyğun olub-olmadığını bilmirdim. Xalam mənə Yehovanın Şahidləri tərəfindən dərc edilən «Oyanın!» jurnalının 1995-ci il 8 noyabr sayını göndərdi. Həmin jurnalda mormonların etiqad və təlimləri barədə məqalələr vardı. Başa düşəndə ki, mormonların bir çox təlimlərindən bixəbərəm, lap məəttəl qaldım. Jurnalda yazılanların nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün mormonların rəsmi veb-saytına daxil oldum. Jurnalda oxuduqlarım düz çıxdı. Mormonların Yuta ştatındakı muzeylərinə baş çəkəndən sonra isə əminliyim daha da artdı.

Mən həmişə inanmışdım ki, Müqəddəs Kitabla Mormonun Kitabı bir-birini tamamlayır. Ancaq Müqəddəs Kitabı daha diqqətlə oxumağa başlayanda mormonların təlimlərinin Müqəddəs Kitaba zidd getdiyini aşkarladım. Məsələn, Müqəddəs Kitabda deyilir ki, ölümdən sonra həyat yoxdur (Vaiz 9:5, 10). Lakin Mormon Kitabının Alma 42:9 ayəsində bunun əksi deyilir.

Təlimlərdəki ziddiyyətlərdən başqa, mormonların millətpərəst ideyaları da məni narahat edirdi. Məsələn, mormonlar öyrədirlər ki, Eden bağı ABŞ-ın Missuri ştatının Cekson dairəsində yerləşirdi. Kilsə peyğəmbərləri deyirlər ki, «Allahın Padşahlığı dünyanı idarə etməyə başlayanda azadlıq və bərabərlik dirəyində Amerika Birləşmiş Ştatlarının ləkəsiz bayrağı vüqarla dalğalanacaq».

Mən fikirləşirdim: «Mənim doğulduğum ölkə də içində olmaqla, bütün ölkələrin aqibəti necə olacaq?» Günlərin bir günü missioner olmaq üçün təlim alan bir gənc mormon mənə zəng edəndə bu haqda onunla açıq söhbət etdim. Ondan soruşdum: «Əgər sənin ölkən hər hansı bir ölkə ilə müharibə etsə, oradakı dindaşlarına qarşı vuruşacaqsan?» O, «bəli» deyəndə çox təəccübləndim! Mənsub olduğum dinin təlimlərini daha dərindən araşdırdım və Mormon kilsəsinin mötəbər rəhbərlərinə suallar verdim. Cavabında onlar deyirdilər ki, suallarım müəyyən sirlərlə bağlıdır və nur artanda bu sirlər gün işığına çıxacaq.

Onların verdiyi izahat məni məyus etdi. Bu, məni özümü yoxlamağa və mormon missioneri olmaq istəyimi təhlil etməyə təşviq etdi. Başa düşdüm ki, bu, xeyriyyəçiliklə məşğul olmaq istəyimdən irəli gəlirdi. Həmçinin cəmiyyətdə hörmət qazanmaq istəyirdim. Allaha gəldikdə isə, Onun haqqında, demək olar ki, heç nə bilmirdim. Əvvəllər tez-tez Müqəddəs Kitabı əlimə götürüb vərəqləsəm də, onun əsil dəyərini dərk etmirdim. Allahın Yer kürəsi və bəşəriyyət üçün niyyəti barədə heç bir məlumatım yox idi.

MƏNƏ FAYDASI.

Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağın sayəsində çox şey öyrəndim: Allahın adını, ölümdən sonra insanla nə baş verdiyini, İsa peyğəmbərin Allahın niyyətindəki rolunu bildim. Nəhayət ki, bu heyrətamiz kitabla yaxından tanış oldum. Öyrəndiyim həqiqətləri başqaları ilə bölüşmək mənim xoşuma gəlirdi. Allahın varlığına heç vaxt şübhə etmirdim, lakin indi ən yaxın dost kimi duada Ona ürəyimi açıram. 2004-cü il iyul ayının 12-i vəftiz olub Yehovanın Şahidi oldum. Altı aydan sonra isə tammüddətli xidmətə başladım.

Mən beş il Yehovanın Şahidlərinin Bruklindəki (Nyu–York) mərkəzi idarəsində xidmət etdim. Çox şadam ki, bütün dünyada milyonlarla insanlara fayda gətirən Müqəddəs Kitabın və ona əsaslanan nəşrlərin çap edilməsində iştirak etmək imkanım olub. Hal-hazırda isə insanlara Allah haqqında öyrənməyə kömək etməyə davam edirəm.