Kontentə keç

Mündəricatı göstər

Onlar özlərini könüllü olaraq təqdim edirlər. Tayvanda

Onlar özlərini könüllü olaraq təqdim edirlər. Tayvanda

HAL-HAZIRDA 35 yaşlarında olan Çünq Kyünq Cüli cütlüyü beş il əvvələ kimi Sidneydə (Avstraliya) daimi pionerlik edirdi. Çünq Kyünq bölüşür: «Biz yarım gün işləyir, rahat dolanırdıq. Oranın gözəl iqlimi var idi, yaşayış asan idi. Ailəmiz, dostlarımız yanımızda idi». Bununla belə, Çünq Kyünqla Cülini sıxan bir şey vardı. Onlar bilirdilər ki, Yehovaya daha çox xidmət etmək üçün hər cür imkanları var, amma dəyişiklik etməyə cürətləri yoxdur.

2009-cu ilin konqresində eşitdikləri bir çıxış onları silkələdi. Natiq sözlərini xidmətlərini genişləndirmək imkanı olanlara ünvanlamışdı. O demişdi: «Maşın yalnız işə düşdükdən sonra sürücü onu sağa və ya sola döndərə bilər. Eynilə, yalnız hərəkətə düşdüyümüz, yəni məqsədimizə çatmaq üçün səy göstərdiyimiz təqdirdə, İsa bizə istiqamət verə bilər» *. Bu ər-arvada elə gəlirdi ki, natiq sözlərini birbaşa onlara deyib. Elə həmin konqresdə Tayvanda xüsusi təyinatlı müjdəçi kimi xidmət edən bir cütlük müsahibə vermişdi. Onlar xidmətdə duyduqları sevincdən söz açmış və hələ də daha çox köməyə ehtiyac olduğunu vurğulamışdılar. Çünq Kyünq və Cüli bu sözləri də özlərinə aid etdilər.

Cüli deyir: «Bu konqresdən dərhal sonra Yehovaya dua edib Tayvana köçmək üçün cəsarət istədik». O əlavə edir: «Amma yenə də daxilimizdə bir qorxu var idi. Özümüzü dərin bir hovuza birinci dəfə tullanmağa hazırlaşan adam kimi hiss edirdik. Onlara bu “tullanışı” yerinə yetirməyə “küləyə baxan toxum səpməz, buludlara baxan əkdiyini biçməz”, — sözlərinin yazıldığı Vaiz 11:4 ayəsi kömək etdi». Çünq Kyünq deyir: «Kənardan baxmağı dayandırıb əkib-biçməyə başladıq». Onlar dönə-dönə dua edir, xüsusi təyinatlı müjdəçilərin bioqrafiyalarını oxuyur və xidmət üçün Tayvana köçənlərlə e-mail vasitəsilə yazışırdılar. Nəhayət, maşınlarını, ev əşyalarını satıb üç aydan sonra Tayvana köçdülər.

TƏBLİĞİN LƏZZƏTİNİ KƏŞF EDƏNLƏR

Müxtəlif ölkələrdən 100-dən çox bacı-qardaş Tayvanın Padşahlığın təbliğçilərinə daha çox tələbat olan ərazilərində xidmət edirlər. 21—73 yaş arasında olan bu könüllülər Avstraliya, Böyük Britaniya, Kanada, Fransa, Yaponiya, Koreya, İspaniya və Birləşmiş Ştatlardan köçüblər. Onların arasında 50-dən çox subay bacı var. Gəlin görək bu çalışqan bacı-qardaşlara xaricə köçüb orada xidmət etməyə nə kömək edib.

Lora

Kanadadan olan Lora adlı subay bacı Tayvanın qərbində pioner kimi xidmət edir. Lakin on il bundan əvvələ kimi onun təbliğ etməkdən elə də xoşu gəlmirdi. Lora deyir: «Mən o qədər az xidmət edirdim ki, onun gözəlliyini duya bilmirdim». Sonra Kanadadakı dostları ona onlarla birgə bir aylıq Meksikada xidmət etməyi təklif etdilər. Lora deyir: «Birinci dəfə idi ki, bu qədər çox xidmət etmişdim. Qəribə idi, bu, mənim xoşuma gəlmişdi».

Təbliğin dadı damağında qalan Lora Kanadada əcnəbidilli yığıncağa keçmək qərarına gəldi. O, Çin dili kursuna yazıb çindilli qrupda xidmət etməyə başladı və qarşısına məqsəd qoydu ki, Tayvana köçsün. 2008-ci ilin sentyabrında məqsədinə çatdı. Lora deyir: «Bu yeni mühitə tam öyrəşməyim təxminən bir il çəkdi. Ancaq indi Kanadaya qayıtmaq heç ağlımın ucundan belə keçmir». İndi o, təbliğ etməyə necə yanaşır? «Bu, mənə ləzzət verir», — deyə o bölüşür. «Öyrənənlərin Yehovanı tanıdıqca həyat tərzlərini necə dəyişdiklərini görməkdən böyük xoşbəxtlik yoxdur. Tayvanda xidmət etdiyim bu müddət ərzində bu böyük sevinci dəfələrlə dadmışam».

DİL MANEƏSİNİ AŞANLAR

Braynla Mişel

Təxminən səkkiz il əvvəl Birləşmiş Ştatlardan Tayvana köçmüş indi 35-yaşlarında olan Brayn Mişel cütlüyü təzə-təzə etdikləri xidmətdə bir məna görmürdü. Lakin bir təcrübəli xüsusi təyinatlı müjdəçi onlara demişdi: «Yaddan çıxarmayın ki, kiməsə verdiyiniz bir traktat belə, həmin insanın Yehova haqda alacağı ilk xəbər ola bilər. Ona görə də sizin xidmətdə gördüyünüz iş olduqca vacibdir!» Bu ruhlandırıcı sözlər Brayn və Mişelə təslim olmamaq üçün qol-qanad verdi. Başqa bir qardaş onlara demişdi: «Ruhdan düşməyəsiniz deyə Çin dilini öyrənərkən özünüzdəki inkişafı gündən-günə yox, konqresdən-konqresə ölçün». Nəticədə, onlar müvəffəqiyyət qazandılar və xidmətdə səmərəli oldular.

Bəs xarici dil öyrənməyə səni nə təşviq edə bilər? Xidmət etmək istədiyin ölkəyə gedib ora ilə yerində tanış ol. Oradakı yığıncaq görüşlərinə get, yerli bacı-qardaşlarla əlaqə saxla, onlarla təbliğə çıx. Brayn deyir: «Padşahlıq xəbərinə daha çox insanın hay verməsi və bacı-qardaşların məhəbbəti sənə xaricdə xidmət etməyin gətirdiyi çətinlikləri aşmağa kömək edəcək».

ÖZÜNƏ İŞ TAPANLAR

Kristinlə Mişel

Tayvanın daha çox tələbat olan ərazilərinə köçən bəzi pionerlər özlərini dolandırmaq üçün ingilis dilindən dərs verirlər. Kristin Mişel isə dəniz məhsulları satırlar. Kristin bölüşür: «Əvvəllər heç vaxt bu işlə məşğul olmasam da, bunun sayəsində burada qala bilirik». İndi Kristinin daimi müştəriləri var. Bu yarımgünlük iş onlara özlərini dolandırmağa kömək edir, beləcə, bu pionerlərin ən əsas işə — xidmətdə insan tutmağa daha çox vaxtları qalır.

«XİDMƏTDƏN HƏZZ AL»

Birləşmiş Ştatlardan olan Uilyam Cenifer təxminən yeddi il əvvəl Tayvana köçüb. Uilyam deyir: «Dil öyrənmək, pioner kimi xidmət etmək, yığıncağın qeydinə qalmaq, pul qazanmaq, bunların hamısını eyni vaxtda etmək adamın bütün gücün alır». Bəs öhdəsindən gəlməyə və sevinclərini qorumağa onlara nə kömək etdi? Onlar gücləri çatan məqsədlər qoymuşdular. Məsələn, Çin dilini öyrənərkən qarşılarına elə böyük məqsədlər qoymurdular ki, öhdəsindən tam gələ bilməyəndə məyus olsunlar.

Uilyamla Cenifer

Uilyam bir səyyar nəzarətçinin ona dediyi sözləri xatırlayır: «Xidmətdən həzz al». Başqa sözlərə desək, ruhani məqsəd qoyduqdan sonra bizi bu məqsədə doğru aparan hər addımdan həzz almalıyıq. Verilən bu məsləhət onlara uyğunlaşmağı bacarmağa, yerli məsul qardaşların məsləhətinə qulaq asmağa və yeni ölkədə etdikləri xidmətdə müvəffəqiyyətli olmaq üçün işlərini sahmana salmağa kömək etdi. Uilyam deyir: «Bu, bizə belə bir adada xidmət etməklə yanaşı, onun gözəlliyindən həzz almağa da kömək etdi».

Uilyam və Cenifer kimi, Birləşmiş Ştatlardan olan Meqan adlı subay bacı da Çin dilində danışmağı daha da yaxşılaşdırmağa çalışa-çalışa öz xidmətindən həzz alır. Hər həftəsonu o, bir qrup təbliğçi ilə məhsuldar bir ərazidə — Tayvanın ən böyük limanı olan Kauşyunq portunda təbliğ edir. Meqan gəmidən-gəmiyə təbliğ edir, xoş xəbəri Banqladeş, Hindistan, İndoneziya, Filippin, Tailand və Vanuatudan olan balıqçılara çatdırır. «Balıqçılar limanda çox az qaldıqları üçün biz onlarla dərhal, elə oradaca Müqəddəs Kitab öyrənməsinə başlayırıq. Xoş xəbəri onların hamısına çatdırmaq üçün, əksərən, bir dəfəyə dörd-beş nəfərlə öyrənmə keçirirəm». Bəs o, Çin dilini necə öyrənir? Bacı deyir: «Düzdür, istəyərdim, daha tez öyrənim, amma bir qardaşın bir dəfə mənə dediyi: “Sən əlindən gələni et, Yehova zəhmətini yerdə qoymayacaq”, — sözlərini heç vaxt unutmuram».

Meqan

TƏHLÜKƏSİZ, SADƏ VƏ MƏNALI HƏYAT

Böyük Britaniyadan olan Keti hələ xaricə köçməzdən əvvəl götür-qoy edirdi ki, xarici ölkədəki hansı təyinat subay bir bacı üçün təhlükəsiz olar. O, öz narahatçılığını duada Yehovaya bildirib bir neçə filiala məktub göndərdi və subay bacılar üçün hansı təhlükələrin ola biləcəyini soruşdu. Bundan sonra o, məktublarına gələn cavabları diqqətlə nəzərdən keçirir və qərara gəlir ki, onun üçün ən yaxşısı Tayvana getməkdir.

Keti 2004-cü ildə 31 yaşında Tayvana köçür və orada sadə həyat sürür. O bölüşür: «Mən bacı-qardaşlardan haradan ucuz qiymətə meyvə-tərəvəz ala biləcəyimi soruşdum. Sağ olsunlar, verdikləri məsləhət xərclərimi xeyli azaltdı». Sadə həyat sürməyə ona nə kömək edir? Keti deyir: «Həmişə Yehovaya dua edirəm ki, sadə yeməklə və sadə əyin-başla kifayətlənməyə mənə kömək etsin. Yehovanın mənə əsil tələbatlarımı görməyi öyrətməsi və istəklərimin qulu olmamağa kömək etməsi dualarımın cavabıdır». O əlavə edir: «Sadə həyat sürmək mənə xoşdur, çünki bunun sayəsində diqqətimi ruhani şeylərə yönəldə bilirəm».

Keti

Ketinin həyatı sadə olsa da, mənalıdır. O, bunun səbəbini izah edir: «Mən əksər insanların xoş xəbərə hay verdiyi bir ərazidə təbliğ edirəm. Bundan böyük xoşbəxtlik nə ola bilər?!» O, Tayvana köçdüyü vaxtlarda pionerliyə başladığı şəhərdə cəmi iki çindilli yığıncaq var idi, indi isə onların sayı yeddiyə çatıb. Keti deyir: «Bu möhtəşəm inkişafı öz gözümlə görmək və biçin işində iştirak etmək həyatımı daha da mənalı edir!»

«ONLAR HƏTTA MƏNƏ EHTİYAC DUYURDULAR!»

Məqalənin əvvəlində haqlarında bəhs etdiyimiz Çünq Kyünq və Cüli indi nə edirlər? Əvvəl-əvvəl Çünq Kyünq düşünürdü ki, Çin dilini yarı-yarımçıq bildiyinə görə yığıncağa elə də xeyri dəymir. Lakin yerli qardaşlar bu fikirdə deyildilər. Çünq Kyünq deyir: «Yığıncağımız iki yığıncağa bölünəndə bir xidməti köməkçi kimi mənə çoxlu əlavə məsuliyyətlər həvalə edildi. Məhz həmin vaxtdan hiss etdim ki, böyük tələbat olan ərazidə xidmət edirəm». O gülümsəyərək əlavə edir: «Bu inanılmaz bir şeydir, onlar hətta mənə ehtiyac duyurdular!» O, bu gün ağsaqqal kimi xidmət edir. Cüli əlavə edir: «Biz heç vaxt əldə etmədiyimiz nailiyyəti, məmnunluğu və xoşbəxtliyi dadırıq. Biz bura kömək etmək üçün gəlmişdik, lakin burada sürdüyümüz mənalı həyatın bizə köməyi dəydi. Burada xidmət etməyi bizə nəsib etdiyi üçün Yehovaya minnətdarıq!».

Bir çox ölkələrdə ruhani biçində iştirak edəcək təbliğçilərə hələ də böyük tələbat var. Təhsilini bitirdikdən sonra həyatını nəyə həsr edəcəyin haqda düşünürsən? Subaysansa, Yehovanın təşkilatı üçün daha faydalı olmaq istəyirsən? İstəyirsən ailənlə birgə Yehovaya xidmət etməyin gətirdiyi xoşbəxt xatirələri yaşayasan? Təqaüdə çıxmısansa, dəyərli həyat təcrübəni başqaları ilə bölüşmək istəyərsən? Əmin ol ki, Padşahlığın təbliğçilərinə daha çox tələbat olan ərazidə xidmət etməyi seçsən, bol xeyir-dualar dadacaqsan.

^ abz. 3 «Allahın Padşahlığı haqqında “ətraflı şəhadət verin”» kitabının 16-cı fəslinin 5, 6-cı abzaslarına bax.