Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | AİLƏ

Aranızdakı hörməti qoruyun

Aranızdakı hörməti qoruyun

PROBLEM

Ər: «Biz ailə quranda arvadımla mənim hörmət anlayışımız fərqlənirdi. O demək deyildi ki, birimiz səhv idik, birimiz düz. Sadəcə, fərqli düşünürdük. Mən hesab edirdim ki, arvadım mənimlə daha hörmətcil tərzdə danışmalıdır».

Arvad: «Biz tərəflərdə ucadan, emosiya ilə danışmaq, başqalarının sözünü kəsmək adi hal idi, bunu hörmətsizlik saymırdıq. Ancaq yoldaşımın böyüdüyü mühit tamam fərqli idi».

Ailədə hörməti ayda-ildə bir dəfə yox, həmişə göstərmək lazımdır. Həyat yoldaşınıza necə hörmət göstərə bilərsiniz?

NƏYİ BİLMƏLİSİNİZ?

Kişilərin hörmətə daha çox ehtiyacı var. Allahın Kəlamında deyilir: «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (Efeslilərə 5:33). Həm ər, həm də arvad istəyər ki, hörmət görsün, amma bu istək kişidə daha çoxdur. Kamil * adlı bir kişi deyir: «Kişi hiss etməlidir ki, problemi həll edə, vəziyyəti yoluna qoya və ailəsini dolandıra bilir». Arvad kişinin bu xüsusiyyətlərinə dəyər versə, bunun nəinki ərinə, elə özünə də xeyri olacaq. Familə adlı bir qadın deyir: «Ərimə hörmət göstərəndə onun mənə sevgisi daha da artır».

Qadınların da hörmətə ehtiyacı var. Bu məntiqlidir, axı ər arvadına hörmət göstərmirsə, onu necə sevə bilər? Daniel deyir: «Mən arvadımın fikirlərinə, təkliflərinə, o cümlədən hisslərinə hörmət göstərməliyəm. Bəzən onun keçirdiyi hissləri başa düşməməyim, o demək deyil ki, ona laqeyd yanaşmalıyam».

Hərənin özünə görə hörmət anlayışı var. Ola bilsin, fikirləşirsiniz ki, həyat yoldaşınıza hörmət edirsiniz. Bəs o, belə hesab edir? Məqalənin əvvəlindəki «Problem» başlığı altında fikrini bölüşən qadın bu sahədə bəzi dəyişikliklər etdi. O deyir: «Hətta ərimə qarşı hörmətsizlik etmədiyimi düşünsəm də, o belə hesab etmirdisə, başa düşürdüm ki, mən dəyişməliyəm, o yox».

NƏ EDƏ BİLƏRSİNİZ?

  • Yoldaşınızda xoşunuza gələn üç xüsusiyyəti yazın. Bu xüsusiyyətlər sizə həyat yoldaşınıza daha çox hörmət etməyə kömək edə bilər.

  • Bir həftə ərzində yoldaşınızın sizə münasibətinə yox, sizin ona münasibətinizə diqqət yetirin. Məsələn, növbəti sahələrdə.

Sözdə. Bir tədqiqata əsasən, «xoşbəxt, möhkəm ailələrdə ər-arvad arasında fikirayrılığı olarkən bir tənqidlə yanaşı beş xoş söz işlədirlər. Boşanmaq üzrə olan ər-arvadlar isə dedikləri tənqiddən sonra bir dənə də olsun (0,8) xoş söz demirlər» * (Müqəddəs Kitab prinsipi: Məsəllər 12:18).

Özünüzdən soruşun: «Yoldaşımla hörmətcil tərzdə danışıram? Daha çox tənqid edirəm, yoxsa tərifləyirəm? Şikayət və təkliflərimi bildirəndə səs tonum necə olur?» Bu suallara verdiyiniz cavabları yoldaşınız təsdiqləyərdi? (Müqəddəs Kitab prinsipi: Koloslulara 3:13).

Məsləhət. Həyat yoldaşınızı hər gün azı bir dəfə tərifləməyi qarşınıza məqsəd qoyun. Təklif: Vərəqə yazdığınız xüsusiyyətləri yadınıza salın. Yoldaşınızda bəyəndiyiniz xüsusiyyətləri ona həmişə deyin (Müqəddəs Kitab prinsipi: 1 Korinflilərə 8:1).

Davranışda. Aysel adlı bir qadın deyir: «Ev işlərinə vaxtım çox gedir. Yoldaşım hər şeyi yerinə qoyanda və yemək yediyi qabı yuyanda hiss edirəm ki, o mənim zəhmətimi qiymətləndirir və mən özümü dəyərli hiss edirəm».

Özünüzdən soruşun: «Yoldaşıma münasibətim ona hörmət etdiyimi göstərir? Ona kifayət qədər vaxt və diqqət ayırıram?» Bu suallara verdiyiniz cavabları yoldaşınız təsdiqləyərdi?

Məsləhət. Hansı üç sahədə yoldaşınızın sizə hörmət etməsini istəyərdiniz? Hər ikiniz bunu bir vərəqə yazın, sonra isə vərəqləri bir-birinizlə dəyişin. İkiniz də çalışın yoldaşınızın qeyd etdiyi sahələrə diqqət yetirəsiniz. Fikrinizi öz öhdənizə düşən sahələrə cəmləyin. Biriniz bu cür davransa, ikinci tərəf də eyni şeyi edəcək

^ abz. 8 Bəzi adlar şərtidir.

^ abz. 14 «Ten Lessons to Transform Your Marriage» adlı kitabdan.