Kontentə keç

Mündəricatı göstər

Qərəzə yoluxmusunuz?

Qərəzə yoluxmusunuz?

Qərəz virus kimidir. Bu virus öz qurbanlarına zərər yetirir. Üstəlik, insanlar bu virusa yoluxduqlarından bixəbər olurlar.

İnsanlar müxtəlif səbəblərə görə bir-birinə qərəzli yanaşır. Buna milliyyət, irq, etnik mənşə, dil, din fərqi, habelə insanın hansı cinsə və təbəqəyə mənsub olması səbəb olur. Bəziləri yaşına, təhsilinə, fiziki qüsurlarına, yaxud xarici görünüşünə görə başqaları haqda mənfi fikir yürüdürlər. Bununla belə, qərəzli olduqlarını düşünmürlər.

Bəs siz qərəz virusuna yoluxmamısınız? Əksəriyyətimiz başqalarının qərəzli olduğunu tez sezirik. Amma özümüzdə qərəzi görmək çətin olur. Əslində hər birimizdə müəyyən dərəcədə qərəz var. Sosiologiya üzrə professor Deyvid Vilyamsın sözlərinə əsasən, adətən insan hansısa qrup adamlar barədə mənfi fikirdədirsə, həmin qrupdan kiminləsə rastlaşanda «özü də fərqində olmadan onunla başqa cür rəftar edir».

Məsələn, Balkan yarımadasında yaşayan Yoviça adlı bir kişi bir etnik qrupa münasibəti barədə belə deyir: «Mən fikirləşirdim ki, bu xalqın içində bir nəfər də olsun yaxşı adam yoxdur. Amma özümü qərəzli insan hesab etmirdim. Düşünürdüm ki, bu reallıqdır».

Bir çox hökumətlər irqçiliyə və qərəzin digər formalarına qarşı qanunlar qəbul edirlər. Bununla belə, qərəz baş alıb gedir. Buna səbəb odur ki, bu qanunlar yalnız insanların hərəkətlərini nizamlayır, onların fikirlərinə, hisslərinə təsir etmək iqtidarında deyil. Bəs görəsən qərəzlə mübarizədə qalib gəlmək mümkündür? Qərəzin bir çarəsi var?

Növbəti məqalələrdə beş məsləhəti nəzərdən keçirəcəyik. Bu məsləhətlər bir çoxlarına ürəklərindən qərəzi çıxarmağa kömək edib.