Kontentə keç

Mündəricatı göstər

QAYDA 6

Uşaqların mənəvi dəyərləri olmalıdır

Uşaqların mənəvi dəyərləri olmalıdır

MƏNƏVİ DƏYƏRLƏR NƏ DEMƏKDİR?

Yüksək mənəvi dəyərlərə sahib olan insanlar yaxşını pisdən ayırmağı bacarır. Onlar hansısa məqamda keçirdikləri hisslərə əsaslanaraq nəyin səhv, nəyin düz olduğunu müəyyən etmirlər. Əksinə, hətta heç kim görməyəndə belə, onlar prinsipləri rəhbər tutaraq davranırlar.

MƏNƏVİ DƏYƏRLƏR NƏ ÜÇÜN VACİBDİR?

Uşaqlar məktəbdəki adamlar, qulaq asdıqları musiqi, baxdıqları film və verilişlər vasitəsilə əxlaq dəyərləri haqqında yanlış fikirlər eşidirlər. Belə olan halda, onlarda valideynlərin aşıladığı dəyərlərin həqiqiliyinə şübhə yarana bilər.

Bu xüsusilə də yeniyetməlik dövründə baş verə bilər. Bir kitabda deyilir ki, «yeniyetməlik dövrünə qədər uşaqlar başa düşməlidirlər ki, yaşıdları, media onlara populyar olmaq, başqaları tərəfindən bəyənilmək üçün müəyyən cür davranmağa təzyiq göstərəcək. Onlar hətta dostlarının istəyinə zidd getmək bahasına olsa da, öz dəyərlərinə və seçimlərinə müvafiq qərarlar verməyi öyrənməlidirlər» («Beyond the Big Talk»). Aydındır ki, uşaqlara bunu yeniyetməlik dövrünə qədər başa salmaq lazımdır.

MƏNƏVİ DƏYƏRLƏRİ NECƏ AŞILAMALI?

Nəyin yaxşı, nəyin pis olduğunu aydın izah edin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Yetkin adam... ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).

  • Əxlaq lüğəti yaradın. Gündəlik vəziyyətlərdə yaxşı ilə pisi uşağa başa salın: «Bu hərəkət dürüstlükdür, bu isə nadürüstlük», «bu cür davranış sadiqlikdir, bu cür davranış isə xəyanətkarlıq», «bu, xeyirxahlıqdır, bu isə kobudluq». Vaxt keçdikcə övladınız başa düşəcək ki, necə davranmaq düzgündür, necə davranmaq pisdir və o cür davranmaq olmaz.

  • Qoyduğunuz əxlaq qaydalarının səbəbini izah edin. Məsələn, belə suallar vermək olar: Nəyə görə ən yaxşısı dürüst olmaqdır? Yalan dostluğu necə pozur? Oğurluq etmək nəyə görə düzgün deyil? Elə edin ki, uşaq vicdanını və ağlını işlətməyi öyrənsin.

  • Əxlaq qaydalarına uyğun davranmağın xeyrini vurğulayın. Belə demək olar: «Dürüst olsan, sənə etibar edəcəklər» və ya «xeyirxah olsan, dostun çox olacaq».

Qoy ailənizdə hər kəs əxlaq dəyərlərinizə uyğun yaşasın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Özünüzü sınayın» (2 Korinflilərə 13:5).

  • Ailənizdə hər kəs əxlaq qaydalarına uyğun yaşamalıdır ki, alnıaçıqlıqla deyə biləsiniz:

    • «Bizim evdə heç kim yalan danışmır».

    • «Biz heç kimə əl qaldırmırıq, heç kimin üstünə qışqırmırıq».

    • «Biz heç kimlə kobud danışmırıq, heç kimi təhqir etmirik».

Belə olanda, övladınız görəcək ki, əxlaq dəyərləri sadəcə qaydalar deyil, ailəni tanıdan dəyərlərdir.

  • Ailənizin rəhbər tutduğu dəyərləri övladınızla tez-tez müzakirə edin. Gün ərzində yaranan vəziyyətlərdən istifadə edərək övladlarınızı öyrədin. Öz dəyərlərinizi televizorda və ya məktəbdə aşılanan dəyərlərlə müqayisə edin. Övladınızdan soruşun: «Bəs sən necə davranardın?» «Bizim ailəmiz belə vəziyyətdə necə davranardı?»

Qoy mənəvi dəyərlər övladınızın ürəyində kök salsın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Vicdanınızı təmiz saxlayın» (1 Butrus 3:16).

  • Yaxşı davranışa görə tərifləyin. Övladınız düzgün davrananda onu tərifləyin və səbəbini izah edin. Məsələn, belə demək olar: «Afərin, dürüst davrandın. Səninlə fəxr edirəm». Uşaq səhvini boynuna alanda onu məzəmmət etməzdən əvvəl dürüstlüyünə görə səmimi tərifləyin.

  • Pis davranışa görə məzəmmət edin. Övladınıza hərəkətlərinə görə məsuliyyət daşımağı öyrədin. Uşaqlar bilməlidirlər ki, nəyi səhv ediblər və davranışları ailənin dəyərlərinə nədə zidd gedir. Bəzi valideynlər istəmirlər ki, uşaq öz səhvinə görə pis olsun. Amma uşağa hərəkətinin nəyə görə pis olduğunu başa salanda yavaş-yavaş vicdanı yaxşını pisdən ayırd etməyi öyrənəcək.