Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Filip həbəşistanlı məmura yaxınlaşanda məmur nə cür arabada idi?

«YENİ Dünya Tərcüməsi»ndə istifadə olunan «araba» sözü altında müxtəlif növ arabalar nəzərdə tutula bilər (Həv. 8:28, 29, 38). Bununla belə, görünür, həbəşistanlı məmurun olduğu araba müharibə və ya yarışda istifadə olunan arabalardan daha böyük idi. Belə nəticəyə gəlmək üçün növbəti əsaslar var.

Bu həbəşistanlı kişi saray məmuru idi və uzun yola çıxmışdı. O, «Həbəşistan hökmdarı kandakinin saray xadimi və xəzinədarı» idi (Həv. 8:27). Qədim Həbəşistana bugünkü Sudanın ərazisi və bugünkü Misirin cənub bölgəsinin əksər hissəsi daxil idi. Ola bilsin, məmur bütün səyahəti eyni araba ilə etməmişdi. Bununla belə, uzun səfərə çıxdığı üçün, hər halda, yükü çox idi. Eramızın birinci əsrində sərnişin arabalarının bəziləri dördtəkərli və üstü bağlı olurdu. Bir kitabda deyilir: «Bu cür arabalarda yük daşımaq üçün yer çox idi, səyahət etmək rahat idi və ehtimal ki, daha uzun səfərlərə çıxmaq olurdu» («Acts—An Exegetical Commentary»).

Filip yaxınlaşanda həbəşistanlı məmur kitab oxuyurdu. Həvarilərin işləri 8:30 ayəsində yazılıb: «Filip arabayla yanaşı qaçanda eşitdi ki, məmur ucadan Əşiya peyğəmbərin kitabını oxuyur». Səyahət arabaları sürətli getmək üçün düzəldilməmişdi. Araba asta getdiyi üçün həm məmur rahat kitab oxuya bilirdi, həm də Filip qaçaraq arabaya çata bilmişdi.

Məmur «Filipdən xahiş etdi ki, arabaya qalxıb yanında otursun» (Həv. 8:31). Yarış arabalarında yarışçılar ayaq üstə dururdu. Səyahət arabasında isə məmurun və Filipin oturması üçün, yəqin ki, yer var idi.

Həvarilərin işləri 8-ci fəslə və əldə olan tarixi sübutlara əsasən son vaxtlar nəşrlərimizdə həbəşistanlı məmur müharibə və ya yarışda istifadə olunan kiçik arabada yox, böyük arabada təsvir olunur.