Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA

Məişət zorakılığına son!

Məişət zorakılığına son!

Vəziyyət 1: Aytənin * valideynləri onlara qonaq gəlmişdi. Onlar qızları və kürəkənləri ilə şirin-şirin söhbət edib birgə xoş vaxt keçirdilər. Yəqin, hər bir valideyn qızı ilə bu cür mülayim, xeyirxah davranan kürəkənlə fəxr edərdi.

Vəziyyət 2: Ayaz çox hirslidir. Və o, həmişəki kimi öz hirsini arvadını şillə-təpik altına salmaqla, saçından tutub sürütləməklə və başını divara vurmaqla çıxarır.

TƏƏCCÜBLÜSÜ odur ki, hər iki vəziyyətdə söhbət eyni ailədən gedir.

Arvadına gün verib işıq verməyən bir çox kişilər kimi, Ayaz da cəmiyyət içində və ya qayınana-qayınata yanında özünü «mələk» kimi necə aparmağı yaxşı bilir. Ancaq arvadı ilə tək qalanda dönür cəllada.

Ayaz kimi bir çox kişilər dava-dalaşın adi hal olduğu ailələrdə böyüyüblər və ona görə də fikirləşirlər ki, onların bu cür davranması normal, hətta məqbuldur. Ancaq məişət zorakılığına heç nə ilə haqq qazandırmaq olmaz. Məhz buna görə də əksər insanlar kiminsə öz arvadını döydüyünü eşidəndə dəhşətə gəlirlər.

Bununla belə, məişət zorakılığı bütün dünyada aktual problem olaraq qalır. Misal üçün, Birləşmiş Ştatlarda aparılan araşdırma nəticəsində məlum olub ki, ölkə üzrə qaynar xətlərə gün ərzində məişət zorakılığı ilə bağlı orta hesabla dəqiqədə 16-dan çox zəng daxil olur. Məişət zorakılığı bütün mədəni, iqtisadi və sosial sərhədləri aşaraq epidemik hal alıb. Bir çox hallar barədə polisə və digər səlahiyyətli qurumlara xəbər verilmədiyi üçün, şübhəsiz ki, vəziyyət statistikada göstəriləndən daha acınacaqlıdır *.

Məişət zorakılığının bu qədər geniş yayılması insanlarda suallar doğurur: necə ola bilər ki, kişi kiməsə, ələlxüsus arvadına qarşı belə əzazil davransın? Arvadına zülm edən kişi dəyişə bilərmi?

Bu jurnalı dərc edən Yehovanın Şahidləri əmindirlər ki, Müqəddəs Kitabdakı praktiki məsləhətlər zülmkar kişilərə davranışlarını dəyişməyə kömək edə bilər. Bəs bu, asandır? Xeyr. Mümkündür? Bəli! Müqəddəs Kitabdakı təlimlər sayəsində bir çox zülmkar adamlar dəyişib xeyirxah və hörmətcil olublar (Koloslulara 3:8—10). Troy və Valeriyanın ailə həyatı buna bir nümunədir.

Təzə-təzə münasibətləriniz necə idi?

Valeriya: Nişan günü Troy mənə elə şillə çəkdi ki, yeri düz bir həftə getmədi. Elədiyi hərəkətə görə dönə-dönə üzr istədi, söz verdi ki, bir də belə şey olmayacaq. Evlənəndən sonra mən bu sözləri çox eşitdim.

Troy: Hətta ən xırda bir şey belə, məsələn, yeməyin süfrəyə bir az gec gəlməsi məni özümdən çıxarırdı. Bir dəfə Valeriyanı tüfəngin qundağı ilə döymüşdüm. Başqa vaxt isə onu o qədər vurmuşdum ki, dedim, yəqin, ölüb. Sonra arvadımı qorxutmaq üçün bıçağı oğlumuzun boğazına dirəyərək onu öldürməklə hədələdim.

Valeriya: Mən daim qorxu içində yaşayırdım. Bəzən evdən qaçır, bir də Troy sakitləşəndə qayıdırdım. O, məni bərk döysə də, təhqirlərinə dözmək bundan da betər idi.

Troy, siz həmişə zorakı insan olmusunuz?

Troy: Hə, uşaqlıqdan belə idim. Bizim evdə həmişə dava-dalaş olub. Atam tez-tez anamı gözümüzün qabağında döyürdü. O, bizi atıb gedəndən sonra anam başqa bir kişi ilə yaşamağa başladı. O da anama gün vermirdi. Hətta bacımı və məni zorlamışdı. Bunun üstündə onu həbs etdilər. Əlbəttə, mən başa düşürəm ki, bunların heç biri hərəkətlərimə haqq qazandırmır.

Valeriya, amma siz ərinizi tərk etmədiniz. Nəyə görə?

Valeriya: Qorxurdum. Fikirləşirdim, birdən izimə düşüb məni tapar, həm məni, həm də valideynlərimi öldürər; yaxud polisə şikayət etsəm, vəziyyət daha da ağırlaşar.

Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Əvvəl-əvvəl onu yeni dostlarına qısqanırdım və düşünürdüm ki, onu bu qəribə «sektadan» xilas etməliyəm. Bundan sonra mən təkcə Valeriyaya qarşı yox, Yehovanın Şahidlərinə qarşı da qəddarlaşdım. Ancaq bir dəfə ürəkgetmələri olan dördyaşlı oğlumuz Daniel təxminən üç həftə xəstəxanada yatmalı oldu. Bu müddət ərzində Yehovanın Şahidləri bizim üçün çox şey etdilər, hətta altıyaşlı qızımız Dasiraya onlar baxırdılar. Bir dəfə gecə növbəsindən qayıdan bir Şahid bütün günü Danieli saxlamışdı ki, Valeriya bir az yatıb dincəlsin. Mənim kobud rəftar etdiyim bu insanlardan gördüyüm yaxşılıq mənə dərin təsir bağışladı. Onda gördüm ki, Allaha ibadət edən insan əslində necə olur və Şahidlərdən mənə Müqəddəs Kitabı öyrətmələrini xahiş etdim. Müqəddəs Kitabı öyrəndikcə mən bildim ki, ər arvadı ilə necə davranmalı və necə davranmamalıdır. Mən kobud və təhqiramiz hərəkətlərin daşını həmişəlik atdım və Yehovanın Şahidi oldum.

Xasiyyətinizi dəyişməyə Müqəddəs Kitabın hansı prinsipləri kömək etdi?

Troy: Sadalamaqla qurtarmaz. Məsələn, 1 Peter 3:7 ayəsində deyilir ki, mən həyat yoldaşımı qiymətləndirməli, ona hörmət etməliyəm. Qalatiyalılara 5:23 ayəsi həlim və təmkinli olmağa təşviq edir. Efeslilərə 4:31 ayəsində «təhqiramiz danışıq» pislənir. İbranilərə 4:13 ayəsində deyilir ki, Allahın gözü qarşısında «hər şey apaçıq»dır. Yəni heç kim görməsə də, Allah məni görür. Mən həmçinin öyrəndim ki, kiminlə oturub-durduğuma fikir verməliyəm, çünki «pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33). Bu, həqiqətən də, belədir, çünki məni qızışdıran köhnə dostlarım idi. Onlar deyirdilər ki, «arvadın başının üstündən yumruğu əskik etmək olmaz, yoxsa həddini aşar».

Bəs indi ailə münasibətləriniz necədir?

Valeriya: Troy 25 ildir ki, Yehovanın Şahididir. O vaxtdan bəri ərim mənə zərif məhəbbət bəsləyir, o, xeyirxah və diqqətcil olub.

Troy: Təəssüf ki, keçmişi dəyişə bilmərəm. Arvadım bu cür qəddar rəftarıma layiq deyildi. Yeşaya 65:17 ayəsindəki sözlərin yerinə yetməsini səbirsizliklə gözləyirəm ki, ailəmə yaşatdığım o acı anlar yaddaşlardan silinsin.

Məişət zorakılığından əziyyət çəkən ailələrə siz nə məsləhət görərdiniz?

Troy: Əgər siz ailə üzvlərinizlə qəddar davranırsınızsa və onları təhqir edirsinizsə, köməyə ehtiyacınız olduğunu qəbul edin və çalışın, onu əldə edəsiniz. Köməyi bir çox yerlərdən tapmaq olar. Məsələn, mənə dərin kök salmış zorakı davranışı tamamilə tərgitməyə Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə araşdırmaq və onlarla daim ünsiyyətdə olmaq kömək etdi.

Valeriya: Vəziyyətinizi kiminsə vəziyyəti ilə müqayisə etməyə, yaxud: «Yaxşısı budur, belə elə», — deyərək məsləhət verən kəslərin sözünə qulaq asmağa tələsməyin. Düzdür, nəticə hamının ailəsində eyni olmur, ancaq indi aramızdakı gözəl münasibətləri görəndə deyirəm, nə yaxşı ailəmi dağıtmadım!

MƏİŞƏT ZORAKILIĞINA SON

Müqəddəs Kitabı araşdırmağın sayəsində bir çox kişilər xasiyyətlərində lazımi dəyişikliklər etmişlər

Müqəddəs Kitabda yazılıb: «Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır və təlim, tənbeh, islah və salehlik yolunda tərbiyə üçün faydalıdır» (2 Timoteyə 3:16). Bu məqalədə haqqında söhbət gedən Troy kimi, bir çoxları da Müqəddəs Kitab məsləhətlərinə qulaq asıb öz düşüncə və davranışlarını dəyişə bilmişlər.

Bilmək istəyərdinizmi, Müqəddəs Kitabın sizin nikahınıza daha necə faydası dəyə bilər? Daha ətraflı məlumat üçün yaxınlığınızda yaşayan Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya www.pr418.com saytına daxil olun.

^ abz. 3 Bu məqalədə bəzi adlar dəyişdirilib.

^ abz. 8 Qeyd etmək lazımdır ki, arvadları tərəfindən döyülən kişilər də az deyil. Bununla belə, müraciətlər göstərir ki, məişət zorakılığında təqsirkar əksər hallarda kişilər olur.