Kontentə keç

Mündəricatı göstər

Qədim küpə həkk olunmuş ad

Qədim küpə həkk olunmuş ad

2012-ci ildə arxeoloji qazıntılar nəticəsində tapılmış 3000 il yaşı olan saxsı küpün qırıntıları arxeoloqların diqqətini cəlb etmişdi. Görəsən, nəyə görə bu tapıntı onlarda maraq oyatmışdı? Onların marağına səbəb olan bu qırıntılar yox, onların üstündəki hərflər idi.

Arxeoloqlar qırıntıları bitişdirəndə bu qədimi qabın üstündə kənan əlifbasında yazılmış yazını oxuya bildilər. Orada «İşbaal Ben Beda» yazılmışdı. Bu cümlə belə tərcümə olunur: «Beda oğlu İşbaal». Arxeoloqlar qədim yazılarda bu ada birinci dəfə rast gəlirdilər.

İşbaal adının yazıldığı başqa bir yer Müqəddəs Kitabdır. Orada adı çəkilən İşbaal Talut padşahın oğlu olub (1 Saln. 8:33; 9:39). Qazıntılarda iştirak edən Professor Yosef Qarfinkel deyir: «Maraqlı məqamdır ki, İşbaal adı Müqəddəs Kitabda yalnız Davud padşahın hakimiyyəti dövrünə təsadüf edir və hazırda tapılan qədimi yazıda da eyni vəziyyət müşahidə olunur». Bəzi alimlər düşünür ki, bu ad yalnız o dövrdə istifadə olunub. Arxeoloji qazıntılar bir daha Müqəddəs Kitabın səhihliyini təsdiq edir.

Müqəddəs Kitabın başqa bir ayəsində İşbaal adı İşboşet kimi verilib, «baal» hissəciyi «boşet»lə əvəz olunub (2 İşm. 2:10). Nə üçün? Alimlərin izahatına görə, görünür İşbaal adı kənanilərin yağış allahı kimi sitayiş etdiyi Baalı xatırlatdığı üçün «İkinci İşmuil» kitabının yazarı bu adı istifadə etməmişdi, amma bu ada «Salnamələr» kitabında rast gəlinir.