Kontentə keç

Məsihi həyatı və ibadəti görüşü üçün göstərişlər

Məsihi həyatı və ibadəti görüşü üçün göstərişlər

Mündəricat

 Şagird hazırlamaq 9

 Anma mərasimi həftəsi 22

1. Bu sənəddəki göstərişlər Məsihi həyatı və ibadəti görüşünün hər bir iştirakçısına kömək edəcək. Hər kəs öz bəndini hazırlamazdan əvvəl «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə və bu sənəddə qeyd olunan göstərişləri nəzərdən keçirməlidir. Bütün təbliğçiləri şagird tapşırıqları ilə çıxış etməyə təşviq etmək lazımdır. İbadət görüşlərində müntəzəm iştirak edən digərləri də, əgər Müqəddəs Kitab tələblərinə müvafiq gəlirlərsə və məsihi prinsiplərinə uyğun həyat tərzi sürürlərsə, tapşırıqlarla çıxış edə bilərlər. Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi təbliğçi olmayan, lakin tapşırıqla çıxış etmək istəyən şəxslə onun bu tələblərə cavab verib-vermədiyini müzakirə etməli və sonra qərarı ona bildirməlidir. Nəzarətçi bütün bunları həmin şəxslə dərs keçən təbliğçinin (və ya məsihi valideynin iştirakı ilə) etməlidir. Bu tələblər vəftiz olunmamış təbliğçi olmaq istəyən kəs üçün tələblərlə eynidir (od fəs. 8, abz. 8).

 GİRİŞ SÖZLƏR

2. Bir dəqiqə. Hər həftə ilk nəğmə və duadan sonra Məsihi həyatı və ibadəti görüşünün sədri dinləyicilərdə görüşün proqramına maraq oyatmalıdır. O, diqqəti yığıncaq üçün faydalı olan fikirlərə yönəltməlidir.

   ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

 3. Nitq (on dəqiqə). Mövzunun adı və ona aid iki-üç əsas fikir «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə göstərilir. Bu nitqi ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi təqdim etməlidir. Müqəddəs Kitabın həftəlik mütaliəsində Müqəddəs Kitabın yeni bölməsinə keçilirsə, o zaman həmin bölmə ilə tanışlıq videosu göstərilir. Natiq mövzunu video ilə əlaqələndirə bilər. Ancaq «İş dəftəri»ndəki əsas fikirləri mütləq açıqlamalıdır. Həmçinin vaxt olsa, verilən materiala aid şəkillərdən də məharətlə istifadə etməlidir.

 4. Hikmət xəzinəsindən incilər (on dəqiqə). Giriş və yekun sözlər olmadan, sual-cavab şəklində keçirilir. Bəndi ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi təqdim etməlidir. Bəndi aparan qardaş hər iki sualı mütləq müzakirə etməlidir. Həmçinin birinci sualda gətirilən bütün ayələri oxudub-oxutmayacağını müəyyən etməlidir. Verilən şərhlər 30 saniyəni aşmamalıdır.

 5. Müqəddəs Kitab qiraəti (dörd dəqiqə). Bu tapşırıq kişi (oğlan) şagirdə verilir. Şagird təyin olunmuş materialı giriş və yekun sözlər əlavə etmədən oxumalıdır. Görüşün sədri şagirdə düzgün, aydın, rəvan, təbii, habelə düzgün məntiqi vurğu, intonasiya və fasilə ilə oxumaq sahəsində səriştəli olmağa kömək etməlidir. Müqəddəs Kitab parçaları bəzən qısa, bəzən uzun olduğundan Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi tapşırıq verərkən şagirdlərin bacarığını nəzərə almalıdır.

  SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

6. On beş dəqiqə. Görüşün bu hissəsi hamıya xidmətlə bağlı öyrəndiklərini məşq etməyə, eləcə də söhbət etmək bacarığını inkişaf etdirməyə, təbliğ və təlim işində püxtələşməyə imkan yaradır. Lazım gələrsə, ağsaqqallar da şagird tapşırıqları ilə çıxış edə bilərlər. Hər bir şagird «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə mötərizədə gətirilən «Təlim» və ya «İnsanları sev» broşürlərindəki bəndlərin üzərində işləməlidir. Bəzən proqramın bu hissəsi müzakirə şəklində olacaq. Bu zaman bəndi ağsaqqal, yaxud təcrübəli yığıncaq xidmətçisi təqdim etməlidir. (Müzakirənin necə keçiriləcəyini bilmək üçün  15-ci abzasa bax.)

 7. Söhbətə başlamaq. Bu tapşırıq həm kişi, həm də qadın şagirdə verilə bilər. Şagirdin köməkçisi eyni cinsdən, yaxud ailə üzvlərindən biri olmalıdır. Şagird və onun köməkçisi istəsə, ya ayaq üstə, ya da oturaraq tapşırığı yerinə yetirə bilər. (Bu tapşırığın mövzusu və necə təqdim olunması ilə bağlı məlumat üçün  12-ci 13-cü abzaslara bax.)

 8. Təkrar söhbət. Bu tapşırıq həm kişi, həm də qadın şagirdə verilə bilər. Köməkçi eyni cinsdən olmalıdır (km 10/13 s. 1). Şagird və onun köməkçisi ya masa arxasında otura, ya da ayaq üstə dayana bilər. Şagird maraqlanan adamla ilk söhbəti necə davam etdirmək lazım olduğunu göstərməlidir. (Bu tapşırığın mövzusu və necə təqdim olunması ilə bağlı məlumat üçün  12-ci 13-cü abzaslara bax.)

 9. Şagird hazırlamaq. Bu tapşırıq həm kişi, həm də qadın şagirdə verilə bilər. Köməkçi eyni cinsdən olmalıdır (km 10/13 s. 1). Şagird və onun köməkçisi ya masa arxasında otura, ya da ayaq üstə dayana bilər. Bu tapşırıqda dərs prosesi səhnələşdirilir. Əgər dərsdə tələb olunmursa, giriş və ya yekun sözlər deməyə ehtiyac yoxdur. Verilən bütün materialı ucadan oxumaq tələb olunmur, amma yenə də istəsələr, bütün materialı oxuya bilərlər.

 10. Əqidəniz barədə danışın. Əgər tapşırıq nitq şəklindədirsə, bunu kişi şagird təqdim etməlidir. Səhnəcik şəklində olarsa, onda həm kişi, həm də qadın şagirdə verilə bilər. Köməkçi eyni cinsdən olmalıdır. Şagird gətirilən mənbədən istifadə edərək mövzudakı suala aydın və nəzakətli şəkildə cavab verməlidir. O, mənbədə gətirilən nəşrin adını deyib-deməməyi özü qərarlaşdıra bilər.

 11. Nitq. Bu tapşırıq kişi şagirdə verilir və o bunu yığıncağa nitq formasında təqdim edir. Nitq «İnsanları sev» broşürünün birinci əlavəsinə əsaslanırsa, şagird xidmətdə ayələrin necə istifadə olunacağını göstərməlidir. Misal üçün, o, ayənin nə vaxt oxuna biləcəyini, ayənin mənasını və insanla həmin ayə vasitəsilə necə mülahizə yürüdülə biləcəyini izah edə bilər. Əgər nitq «İnsanları sev» broşüründəki dərslərdən birindəki bəndə əsaslanırsa, şagird diqqətini bu bəndin xidmətdə necə tətbiq edilə biləcəyinə cəmləməlidir. O, dərsin birinci bəndindəki nümunəni, yaxud lazım gələrsə, dərsə daxil edilmiş hansısa əlavə ayələri vurğulaya bilər.

   12. Mövzu. Bu və növbəti abzaslardakı məlumat «Söhbətə başlamaq» və «Təkrar söhbət» tapşırıqlarında istifadə olunur. Başqa cür qeyd edilmədiyi təqdirdə, şagirdin məqsədi söhbət etdiyi insana aid olan sadə Müqəddəs Kitab həqiqətlərini bölüşmək və növbəti söhbət üçün zəmin yaratmaq olmalıdır. Şagird yerli əraziyə uyğun və aktual mövzu seçməlidir. O, Xidmət üçün vəsaitlərdən hansısa video və ya nəşri təqdim edib-etməyəcəyinə özü qərar verə bilər. Əzbərlənmiş təqdimat nümayiş etdirməkdənsə, şagirdlər söhbət etmək bacarıqlarını püxtələşdirməlidirlər, məsələn, diqqətcil olmaq və təbiilik üzərində işləməlidirlər.

   13. Xidmət növləri. Şagird tapşırıqdakı xidmət növünü yerli şəraitə uyğunlaşdırmalıdır. Misal üçün:

1) Ev-ev təbliğ. Bura sahə xidmətinin hər bir növü (canlı, telefon və ya məktub vasitəsilə) daxildir. Eləcə də ev-ev xidmət zamanı təkrar söhbət səhnələşdiriləcək.

2) Qeyri-formal şahidlik. Bura adi söhbəti şahidlik vermək üçün fürsətə çevirmək daxildir. Şagird bu tapşırıq zamanı işdə, məktəbdə, qonşuluqda, ictimai nəqliyyatda və ya başqa yerlərdə gündəlik işləri ilə məşğul olarkən rastlaşdığı insanlarla Müqəddəs Kitaba əsaslanan fikirlər bölüşə bilər.

3) İctimai şahidlik. Bura ədəbiyyat arabası ilə təbliğ etmək, insanlara işgüzar ərazilərdə, küçədə, parklarda, maşınların parklanma yerlərində və ya insanların olduğu hər yerdə şahidlik etmək daxildir.

 14. Video və nəşrlərdən istifadə. Vəziyyətdən asılı olaraq, şagird video və ya nəşrdən istifadə edə bilər. Əgər tapşırığa video daxildirsə, yaxud şagird özü videodan istifadə etmək istəyirsə, o, videonu təqdim edir, müzakirə edir, lakin göstərmir.

  MƏSİHİ HƏYATI

 15. Nəğmədən sonra bu hissənin ilk 15 dəqiqəsində bir və ya iki bənd təqdim olunur. Bu bəndlər auditoriyaya Allahın Kəlamında yazılanlara əməl etməyə kömək edir. Əgər konkret göstəriş yoxdursa, bu bəndləri ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi apara bilər. «Yığıncağın tələbatları» bəndi isə yalnız ağsaqqala təyin edilməlidir. Əgər bənd müzakirə şəklindədirsə, bəndi aparan qardaş əlavə suallar verə bilər. Əsas fikirlərin vurğulanması və auditoriyanın iştirak edə bilməsi üçün giriş sözlər qısa olmalıdır. Əgər müsahibə götürüləcəksə, imkan daxilində müsahibə verən şəxs onu əyləşdiyi yerdən yox, səhnəyə çıxaraq versin.

  16. Müqəddəs Kitab dərsi (otuz dəqiqə). Bu bənd təcrübəli ağsaqqala təyin edilir. (Ağsaqqalların sayı az olduğu yığıncaqlarda bu bənd bacarıqlı yığıncaq xidmətçilərinə verilə bilər.) Ağsaqqallar şurası «Müqəddəs Kitab dərsi»ni aparmaq üçün təcrübəli qardaşlar seçməlidir. Bu qardaşlar verilən vaxta riayət etməli, materialı hərtərəfli müzakirə etməli, əsas ayələri vurğulamalı və auditoriyaya materialın praktiki dəyərini başa salmalıdır. Sual-cavab hissələrini aparmaqla bağlı göstəriş qardaşlara bu bəndi aparmağa kömək edəcək (w23.04 s. 24, çər.). Təyin olunmuş material ətraflı müzakirə olunubsa, müzakirəni uzatmağa ehtiyac yoxdur. Mümkünsə, hər həftə ayrı-ayrı aparıcılar və oxucular olsun. Əgər Məsihi həyatı və ibadəti görüşünün sədri «Müqəddəs Kitab dərsi»ni qısaltmağı tapşırarsa, bu hissəsini aparan qardaş bəndi necə qısaltmağı düşünməlidir. Bunun üçün müəyyən abzasları oxumamaq da olar.

  YEKUN SÖZLƏR

17. Üç dəqiqə. Sədr hər görüşün sonunda görüş zamanı səslənən faydalı fikirləri təkrarlamalıdır. Həmçinin növbəti həftənin qısa icmalını verməlidir. Vaxt varsa, gələn həftə çıxış edəcək şagirdlərin adlarını elan etmək olar. Əlavə göstəriş yoxdursa, sədr elanları və ya vacib məktubları yekun zamanı oxuya bilər. Həftəlik cədvələ aid olan məlumatlar, məsələn, həftəlik təbliğ üçün görüşlərin vaxtı və ya təmizlik növbəsi səhnədən elan edilməməli, onların cədvəli elanlar lövhəsindən asılmalıdır. Əgər hansısa elanı və ya məktubu oxumaq çox vaxt alacaqsa, onda sədr Məsihi həyatı hissəsində çıxış edəcək qardaşlardan xahiş edə bilər ki, öz bəndlərini bir az qısaltsınlar. ( 16-cı 19-cu abzaslara bax.) İbadət görüşü nəğmə və dua ilə bitməlidir.

  TƏRİF VƏ MƏSLƏHƏT

18. Məsihi həyatı və ibadəti görüşünün sədri hər tapşırıqdan sonra təxminən bir dəqiqə ərzində şagirdi dərsdəki bənd əsasında həm tərifləməli, həm də ona məsləhət verməlidir. Sədr tapşırıqla çıxış edən şagirdi təqdim edərkən onun hansı dərs üzərində işlədiyini elan etməməlidir. Amma şagird tapşırığı bitirdikdən sonra sədr şagirdi tərifləyib onun hansı dərsin üzərində işlədiyini deməlidir. Şagirdin bu dərsin öhdəsindən yaxşı gəldiyini göstərən konkret məqamları vurğulamalı, yaxud gələn dəfə hansı məqamlara diqqət yetirməli olduğunu və bunu necə edə biləcəyini nəzakətlə izah etməlidir. Sədr səhnəciyin şagirdə və ya auditoriyaya faydalı olduğunu düşündüyü digər məqamlarını da qeyd edə bilər. Əlavə məsləhəti görüşdən sonra «İnsanları sev» və «Təlim» broşürünə və ya «Xidmət Məktəbi» kitabına əsaslanaraq ayrılıqda və ya başqa vaxt vermək olar. Bu zaman sədr həm təyin olunmuş, həm də başqa dərsə aid məsləhət verə bilər. ( 19-cu,  24-cü 25-ci abzaslardakı Məsihi həyatı və ibadəti görüşünün sədri və məsləhət verməyə məsul qardaşın rolu ilə bağlı göstərişlərə bax.)

     VAXT

19. Heç bir bənd, eləcə də tapşırıqlara dair Məsihi həyatı və ibadəti görüşünün sədrinin verdiyi şərhlər vaxtı aşmamalıdır. «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə bəndlər üçün konkret vaxt təyin olunsa da, materialı yetərincə müzakirə etdikdən sonra bəndi məhz göstərilmiş vaxtda bitirmək üçün əlavə fikirlər söyləmək şərt deyil. Ayrılmış vaxt aşılırsa, Məsihi həyatı və ibadəti görüşünün sədri və ya məsləhət verməyə məsul qardaş təklikdə həmin qardaşlara məsləhət verməlidir. ( 24-cü 25-ci abzaslara bax.) Nəğmələr və dualar daxil olmaqla, bütün görüş 1 saat 45 dəqiqə çəkməlidir.

 RAYON NƏZARƏTÇİSİNİN ZİYARƏTİ

20. Rayon nəzarətçisinin yığıncağı ziyarət etdiyi həftə proqram növbəti istisna ilə «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə göstərildiyi kimi aparılmalıdır: «Məsihi həyatı» hissəsinin «Müqəddəs Kitab dərsi» bəndi rayon nəzarətçisinin 30 dəqiqəlik xidmət nitqi ilə əvəz edilməlidir. Məsihi həyatı və ibadəti görüşünün sədri xidmət nitqini elan etməzdən əvvəl proqramın keçirilmiş hissələrini təkrarlamalı, növbəti həftənin proqramının qısa icmalını etməli, vacib elanları və məktubları səsləndirməli, sonra isə rayon nəzarətçisini təqdim etməlidir. Xidmət nitqi bitdikdən sonra rayon nəzarətçisi seçdiyi nəğmə ilə görüşü yekunlaşdırmalıdır. O, yekun duanı başqa qardaşa tapşıra bilər. Rayon nəzarətçisinin ziyarəti zamanı yığıncağın dilində əlavə siniflər keçirilməməlidir. Yığıncağın nəzdində başqa dildə keçirilən qrup rayon nəzarətçisinin ziyarəti zamanı öz görüşlərini adi qayda üzrə keçirə bilər. Amma xidmət nitqi zamanı qrup yığıncaqla birgə rayon nəzarətçisinin çıxışına qulaq asmalıdır.

 TOPLANTI HƏFTƏSİ

21. Regional və ya rayon toplantısı olan həftə yığıncaq görüşü keçirilmir. Buna görə də yığıncağa xatırlatmaq lazımdır ki, həmin həftə üçün olan material fərdi və ya ailəvi şəkildə müzakirə olunmalıdır.

 ANMA MƏRASİMİ HƏFTƏSİ

22. Anma mərasimi həftə arasına düşərsə, Məsihi həyatı və ibadəti görüşü keçirilməyəcək.

 MƏSİHİ HƏYATI VƏ İBADƏTİ GÖRÜŞÜNÜN NƏZARƏTÇİSİ

23. Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi ağsaqqallar şurası tərəfindən seçilmiş ağsaqqal olmalıdır. O, görüşün yaxşı təşkil olunmasına və bu göstərişlərə uyğun keçirilməsinə görə məsuliyyət daşıyır. Nəzarətçi məsləhət verməyə məsul qardaşla yaxşı əməkdaşlıq etməlidir. «Məsihi həyatı və ibadəti. İş dəftəri»ni alan kimi nəzarətçi həftəarası görüşün bütün bəndlərinin iki aylıq cədvəlini tərtib etməlidir. Bura həm şagird tapşırıqlarını, həm görüşün bütün bəndlərini, həm də ağsaqqallar şurasının təsdiq etdiyi qardaşları sədr kimi təyin etmək daxildir. ( 3—16 24-cü abzaslara bax.) Şagird tapşırıqları təyin olunarkən şagirdin yaşı, təcrübəsi və müzakirə edilən mövzu ilə bağlı sərbəst danışa bilib-bilməyəcəyi nəzərə alınmalıdır. Hər bir tapşırıq çıxışdan ən azı üç həftə əvvəl verilməlidir. «Məsihi həyatı və ibadəti görüşündə tapşırıq» (S-89) adlı blank şagird tapşırıqları üçün istifadə olunmalıdır. Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi əmin olmalıdır ki, bütün görüşün cədvəli elanlar lövhəsində asılıb. Ağsaqqallar şurası digər ağsaqqalı və ya yığıncaq xidmətçisini ona köməkçi təyin edə bilər. Şagird tapşırıqları olmayan bəndləri yalnız ağsaqqal təyin etməlidir.

    MƏSİHİ HƏYATI VƏ İBADƏTİ GÖRÜŞÜNÜN SƏDRİ

24. Hər həftə ağsaqqallardan biri görüşə sədrlik etməlidir. (Ağsaqqalların sayı az olduğu yığıncaqlarda ehtiyac yaranarsa, sədrlik bacarıqlı yığıncaq xidmətçilərinə verilə bilər.) Sədr giriş və yekun sözləri hazırlamalıdır. Həmçinin hər bəndi elan etməlidir və ağsaqqalların sayından asılı olaraq, o, görüşün digər bəndlərini də, xüsusilə də müzakirə tələb olunmayan, sadəcə video göstərilən bəndləri də apara bilər. Sədrin bəndlərarası şərhləri çox qısa olmalıdır. Ağsaqqallar şurası bu məsuliyyətə təcrübəli ağsaqqalları təyin etməlidir. Təcrübəli ağsaqqallar növbə ilə görüşə sədrlik edir. Vəziyyətdən asılı olaraq Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi digər təcrübəli ağsaqqallardan daha tez-tez sədrlik edə bilər. Əgər ağsaqqala «Müqəddəs Kitab dərsi» bəndini aparmaq tapşırılıbsa, deməli, o, sədr kimi də təyin olunmağa yararlıdır. Zəhmət olmasa, unutma: sədr kimi təyin olunan ağsaqqal şagirdləri ürəkdən tərifləməli və lazım gələrsə, onlara faydalı məsləhət verməlidir. Sədr görüşün vaxtında bitməsinə də nəzarət etməlidir. ( 17-ci 19-cu abzaslara bax.) Əgər kifayət qədər yer varsa, sədr istəsə səhnədə dayaqlı mikrofon quraşdırmaq olar. Beləcə, sədr bu mikrofondan bəndi elan edərkən bəndi təqdim edəcək qardaş kürsüdə öz yerini ala bilər. Həmçinin sədr istəsə, «Müqəddəs Kitab qiraəti» və «Səriştəli müjdəçi olun» hissəsindəki tapşırıqlar zamanı səhnədə masa arxasında otura bilər. Bununla vaxta qənaət olunar.

   MƏSLƏHƏT VERMƏYƏ MƏSUL QARDAŞ

25. İmkan daxilində, bu məsuliyyətə təyin olunan ağsaqqal təcrübəli natiq olmalıdır. Bu qardaş ehtiyac yarananda ağsaqqala və ya yığıncaq xidmətçisinə Məsihi həyatı və ibadəti görüşünün bəndləri, açıq nitqlər, «Gözətçi qülləsi» müzakirəsinin və «Müqəddəs Kitab dərsi»nin keçirilməsi və ya oxunması da daxil olmaqla, istənilən çıxışla bağlı təklikdə məsləhət verməlidir. ( 19-cu abzasa bax.) Əgər yığıncaqda yaxşı natiqlik və müəllimlik qabiliyyəti olan bir neçə ağsaqqal varsa, onda bu məsuliyyət hər il bir ağsaqqala həvalə oluna bilər. Məsləhət verməyə məsul qardaşın hər çıxışdan sonra ağsaqqala və ya yığıncaq xidmətçisinə məsləhət verməsinə lüzum yoxdur.

 ƏLAVƏ SİNİFLƏR

26. Şagirdlərin sayından asılı olaraq yığıncaqlar əlavə siniflər təşkil edə bilər. Hər bir əlavə sinifdə məsləhət verən təcrübəli qardaş olmalıdır, yaxşı olar ki, ağsaqqal olsun. Ehtiyac olarsa, bu işi təcrübəli yığıncaq xidmətçisi icra edə bilər. Bu məsuliyyəti yerinə yetirəcək qardaşı və bu işin növbəli şəkildə icra olunub-olunmayacağını ağsaqqallar şurası təyin etməlidir. Məsləhət verən qardaş  18-ci abzasda gətirilən göstərişlərə əməl etməlidir. Əlavə sinif varsa, görüşün «Allahın Kəlamındakı xəzinə» hissəsinin «Hikmət xəzinəsindən incilər» bəndindən sonra şagirdlərdən çıxış edəcəkləri sinfə getmələri xahiş olunmalıdır. Onlar sonuncu şagird tapşırığından sonra öz yerlərində oturmalıdırlar.

 VİDEOLAR

27. Bu görüşdə proqramdakı videolar nümayiş etdirilməlidir. Həftəarası görüş üçün videolar «JW Library®» tətbiqində yerləşir və müxtəlif cihazlarda göstərilə bilər.

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

S-38-AJR 11/23